"İRS-Heritage" jurnalının ingilis dilində növbəti sayı işıq üzü görüb
Azərbaycanın zəngin tarixi və mədəni irsini dünyaya tanıdan “İRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, bu nömrədə Azərbaycanın mədəni irsi, etnoqrafik tarixi, arxitekturası və rəngkarlığı haqqında maraqlı məqalələr yer alıb.
Xurşidbanu Natəvanın Şuşanın içməli su ilə təchizatındakı fəaliyyəti ilə bağlı məqalə diqqəti cəlb edir. Xan qızı Natəvan ədəbi yaradıcılıq və incəsənət nümunələri yaratmaqla yanaşı, xeyriyyəçilik işləri ilə də məşğul olmuşdur. Doğma Şuşanın tikinti-quruculuq, məktəb, məscid, körpülərin tikinti-bərpa işlərinə dəstək verib. Əhalinin su qıtlığından əziyyət çəkdiyini görən Natəvan xanım 1893-cü ildə İsa bulağından Şuşaya su xətti çəkdirib. Dövrümüzə qədər gəlib çatan “Xan qızı” bulağı bu xeyirxah xanımın yadigarı kimi həmişəlik yaddaşlarda qalıb. Bu barədə geniş məqaləni jurnalın bu nömrəsindən oxuya bilərsiniz.
XIX əsrin sonunda Bakıda neft bumu ilə əlaqədar şəhərin arxitekturasında güclü inkişaf prosesləri başladı. Klassika, barokko, qotika üslubunda tikilən evlərdən başqa art novo adlanan modern stildə olan layihələr sürətlə yayılmağa başladı. Qərbi Avropadan qaynaqlanaraq Bakıda reallaşan bu tendensiya tez bir zamanda neft milyonçuları arasında məşhurlaşdı. “İRS-Heritage” jurnalının yeni nömrəsində bu modern üslublu evlər haqqında canlı fotosəyahət oxucuların marağına səbəb olacaq.
İRS jurnalının ingilis dilində dərc olunan bu nömrəsində oxucular Azərbaycanda tarixi möhürlər, Azərbaycan mətbuatının yaranmasının 150 illiyi ilə bağlı araşdırma, yapıncı haqqında etnoqrafik yazı, rəngkarlıq, Şəkinin turizm potensialı haqqında fotoreportajla tanış ola biləcəklər.
Həmişə olduğu kimi jurnalın bu nömrəsi də Azərbaycanın zəngin tarixini, incəsənətini və elmi nailiyyətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Oxucular yeni buraxılışla İRS jurnalının rəsmi saytında tanış ola bilərlər.
[email protected]