SON XƏBƏRLƏR
8 avqust Azərbaycan xalqının yaddaşına tarixi gün kimi həkk olundu

Həsənova Afət İbrahim qızı
ADPU-nun Musiqi və onun tədrisi texnologiyası
kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru


Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il 8 avqust Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzun müddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Görüşün əsas nəticəsi sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu; bu hadisə həm də Azərbaycanın diplomatik zəfəri kimi qiymətləndirilir.

"Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişənin sonlandırılması istiqamətində 2025-ci ilin 8 avqust tarixində ABŞ-ın Vaşinqton şəhərində imzalanmış sülh müqaviləsi, Cənubi Qafqaz regionu üçün tarixi dönüş nöqtəsi olmaqla yanaşı, dünya diplomatiyasının mühüm nailiyyətlərindən biridir. Bu müqavilənin əldə olunmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin atdığı möhkəm siyasi əsaslar və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli diplomatik fəaliyyəti, siyasi uzaqgörənliyi və qlobal nüfuzu həlledici rol oynamışdır".

Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqla yanaşı, milli birliyi möhkəmləndirmək və ölkənin təhlükəsizliyini təmin etmək istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Onun yaratdığı siyasi dayaqlar və diplomatik əlaqələr müstəqil Azərbaycanın beynəlxalq arenada tanınmasına, təhlükəsizliyinin təmin olunmasına və ölkə daxilində sabitliyin bərqərar olmasına şərait yaratdı. Eyni zamanda, Heydər Əliyevin siyasi kursu ölkənin ərazi bütövlüyünün qorunması prinsipinə əsaslanırdı ki, bu da gələcəkdə Azərbaycan Respublikasının sülh və ədalət prinsiplərinə əsaslanan beynəlxalq siyasətinin əsasını təşkil etdi:

"Prezident İlham Əliyevin dövründə isə Azərbaycan öz siyasi və iqtisadi mövqeyini gücləndirərək, regionda lider ölkəyə çevrilmişdir. Xüsusilə 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində işğal altında olan geniş ərazilər azad edilmiş, ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur. Bu hərbi uğur, həm də İlham Əliyevin müdrik və çevik diplomatik fəaliyyəti ilə tamamlanmış, müxtəlif beynəlxalq səviyyələrdə Azərbaycanın haqq səsi layiqincə dinlənilmiş və dəstəklənmişdir".

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə aparılan danışıqlarda möhkəm mövqe nümayiş etdirərək, həm Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təmin etmiş, həm də sülhün bərqərar olması üçün zəruri olan bütün siyasi mexanizmlərin tətbiqinə nail olmuşdur: "8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış müqavilə, uzun illər boyu davam edən münaqişəyə son qoymaqla, regionda yeni dövrün başlanğıcını işarələyir.

Bu müqavilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə rəsmiləşdirir, Ermənistan tərəfi isə Azərbaycanın sərhədlərini tanıdığını açıq şəkildə bəyan edir. Sərhədlərin delimitasiyası və demarkasiyası üçün zəruri addımların atılması, gələcəkdə hər hansı hərbi qarşıdurmanın qarşısının alınması üçün möhkəm hüquqi baza yaradır. Eyni zamanda, əsirlərin və girovların azad edilməsi, humanitar məsələlərin beynəlxalq hüquq çərçivəsində həll olunması ilə bölgədə sülh və etimad mühiti formalaşır.

İqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizlərinin açılması, regionun iqtisadi coğrafiyasını dəyişərək Azərbaycan, Ermənistan və digər qonşu ölkələr üçün yeni imkanlar yaradır. Bu, təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafına, dayanıqlı və davamlı inkişafa ciddi təkan verir. Mədəni və humanitar əlaqələrin genişləndirilməsi xalqlar arasında dostluq və qarşılıqlı anlaşma mühitini möhkəmləndirərək, uzunmüddətli sülhün təmin olunmasına xidmət edir.

Müqavilənin imzalanması Azərbaycan və Ermənistan xalqlarının gələcək nəsilləri üçün sülh və əmin-amanlıq şəraitində yaşamaq imkanının genişləndirdiyindən bəhs edən deputat eyni zamanda vurğulayıb ki, bu, regionun sabitliyi qlobal enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyini təmin edir, Avropa ilə Asiya arasında iqtisadi inteqrasiyanın güclənməsinə şərait yaradır: "Bu da dünya iqtisadiyyatında müsbət dinamikanın artmasına töhfə verir.

Bu müqavilə həm də beynəlxalq hüququn və diplomatiyanın qələbəsi olmaqla, digər münaqişə zonalarında da sülhün bərqərar olması üçün nümunə kimi dəyərləndirilir. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan bu razılaşma beynəlxalq ictimaiyyətin sülhə, ədalətə və tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyinə verdiyi önəmin əyani təzahürüdür.

Beləliklə, 8 avqust 2025-ci ildə imzalanmış müqavilə Azərbaycan üçün həm tarixi ədalətin bərpası, həm də regionda sülhün və əməkdaşlığın təmin olunması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu nailiyyət Ümumilli Lider Heydər Əliyevin siyasi irsinin davamı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin nəticəsidir. Bu müqavilə Azərbaycan xalqının həm milli birlik və həm də dünya birliyi qarşısındakı məsuliyyətini bir daha təsdiqləyir. Regionun sabitliyi və inkişafı üçün önəmli addım olan bu sülh müqaviləsi, Azərbaycan və Ermənistan xalqlarının gələcək nəsilləri üçün sülh, dostluq və əməkdaşlıq şəraitinin əsasını qoyur. 

Vaşinqton mərasimində tərəflər sülh müqaviləsinin ilkin mətnini parafladılar və bu sənədin ratifikasiyası üçün daxili prosedurların başa çatdırılması üzrə konkret cədvəl müəyyən edildi. Mətn sərhədlərin delimitasiyası, diplomatik əlaqələrin qurulması və qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir. Vaşinqton razılaşması çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin Minsk Qrupunun ləğvi üçün ATƏT Baş Katibinə birgə müraciət etdilər.
Diqqət çəkən elementlərindən biri də nəqliyyat dəhlizinə — Zəngəzur koridoruna regional və beynəlxalq kontekstdə yeni münasibətdir. ABŞ-ın təşəbbüsü ilə dəhlizin beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizliyi üçün “Trump Route for International Peace and Prosperity” (qısaca TRIPP) adlandırıldı. Bununla bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma əldə edildi. Bu addım regionun logistika xəritəsini dəyişdirə və enerji-ticarət axınlarını yönləndirə bilər.
Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdir müzakirə olunan 907-ci dəyişikliyin dayandırılması ilə bağlı sənədin verilməsi də rəsmən elan edildi. Azərbaycan Prezidenti bu qərəri “33 il sonra ədalətin bərpası” kimi qiymətləndirdi; bu addım iki ölkə arasında iqtisadi-maliyyə əməkdaşlığını sürətləndirə və investisiya axınlarını gücləndirə bilər.
Yeni əməkdaşlıq sahələri: enerji, nəqliyyat, ticarət, süni intellekt Ağ Ev bəyanatları və iki ölkənin yerli mənbələri göstərir ki, enerji (xüsusən tranzit və boru layihələri), nəqliyyat infrastrukturu, sərmayə axını və rəqəmsal transformasiya, o cümlədən süni intellekt sahəsində əməkdaşlıq üçün işçi qrupları yaradılacaq. Tərəflər arasında işçi qrupunun yaradılması üçün Anlaşma Memarandumu imzalandı Bu, sülhün yalnız siyasi yox, həm də iqtisadi əsaslarla təmin olunmasına yönəlmiş addımdır.
ABŞ-da yerli jurnalistlərə müsahibə verən Azərbaycan Prezident İlham Əliyev Amerika səfərini və Prezident Trampla görüşünü yüksək qiymətləndirərək deyib: “Bu, Prezident Trampla mənim birinci görüşümdür. Yenə də demək istəyirəm ki, görüş çox səmimi şəkildə keçdi. Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir.”
Fikrimizcə, 8 avqust hadisəsi Azərbaycanın həm diplomatik, həm də iqtisadi səviyyədə strateji qazancı kimi dəyərləndirilə bilər. İqtisadi əməkdaşlıq üçün yeni kanallar açılır. Geosiyasətdə isə ABŞ-ın regiondakı təsirinin artması ilə birlikdə, mövcud güc balanslarında dəyişikliklərə gətirib çıxara biləcək proseslər də gözlənilir.


29.07.2026




ictimaifikir.az@mail.ru