Bu gün Milli Kino Günüdür. Orta yaş nəslinə mənsub rejissorlarımızdan biri ilə söhbətləşdik. Kinodan umacaqlarımızı, kinonun bizdən gözlədiklərini çözməyə çalışdıq. Söhbətimiz cinemanın bizdən gözlədiyi xəfiflik ovqatında keçdi - sənət ehkamçılıq ruhunu bağışlamır, xəfifliyi sevir...
Kinorejissor Şamil Əliyevin Milli.Az-a müsahibəsini təqdim edirik:
- Azərbaycan kinosu haqqında film çəksəydiniz, adını nə qoyardınız?
- (bir neçə saniyə düşündükdən sonra cavab verir) Kinomuzun antropoloji-strukturoloji-kulturoloji analizi". Niyə? Çünki müstəqillik dövründə bir çox məsələləri dərk etməyə başladıq. İki dövrün rejissoru olanlar məni daha yaxşı anlayarlar. Sovet İttifaqının tərkibində demokratik dəyərlərə üstünlük verməyə çalışsaq da, çox dərinə gedə bilmirdik. Ümumiyyətlə, SSRİ-nin konkret həmin dövrdə süqut edəcəyini təsəvvür etmirdik. Ziyalılar, yaradıcı insanlar yalnız demokratiya istəyirdilər. Amma Qarabağ hadisələrindən sonra dərk elədik ki, ikibaşlı oyunlar gedir. Ondan sonra başa düşdük ki, mühüm dəyişikliklər gözlənilir. Sovet ideologiyasının öz dəyərləri var idi və hər kəs o dəyərlər çərçivəsində yaşamalı idi. Bunun əksinin ən yaxşı halı dissident olmaq idi. Bu halda yaratdıqlarının hamısı rəfdə qalırdı. Müstəqillikdən sonra özümüzə "biz kimik?, "hardan gəlmişik?", "hara gedirik?" kimi suallar verməyə başladıq. Əgər sovet dövründə bütün həyatımızı, fəaliyyətimizi ideologiya yönləndirirdisə, 90-cı illərin əvvəllərində artıq özbaşına qalmışdıq. Dəyərlər kökündən dəyişmişdi. Dəyərlər axtarışı ilə məşğul da ola bilmirdik, çünki bizə sırınmış Dağlıq Qarabağ münaqişəsi bir çox işlərə təsir edirdi və təəssüf ki, bu vəziyyət hələ də dəyişməyib. Filmlərimlə müxtəlif ölkələrin kinofestivallarında iştirak edəndə özümə sual verirəm ki, dünya kinosu fonunda mən kiməm? Axı film çəkmək hər hansı əsəri götürüb illüstrasiya eləmək deyil...
- Ay sağ olun...
- Hər bir rejissorun niyyəti olmalıdır. Antropoloji-struktural-kulturoloji analiz aparmalıdır. Sovet dövründə çəkilən elə filmlər var ki, ideologiyaya xidmət etsə də, bu gün də baxılır və bunların sayı az deyil, çünki o rejissorların müəyyən niyyəti olub. Bu mənada mən etnoqrafik, fəlsəfi ədəbiyyatla çox maraqlanıram, özümüzü dərk eləmək mənimçün çox önəmlidir. Bu mənada kino sənətinə aid fakültələrdə antropologiya mütləq tədris olunmalıdır. Bir bəla da var ki, peşəkar antropoloqlarımız çox azdı. Xülasə, mən bundan sonra nə çəksəm, bu yola yenə də sadiq qalacam.
- Siz söhbət əsnasında bilməyərəkdən mənim ikinci sualıma keçdiniz. Soruşacaqdım ki, ölkəmizi tez-tez xarici ölkələrdə keçirilən kino tədbirlərində təmsil edən şəxs kimi oralardan necə görünürük? Kino ölkəsi təəssüratı yaradırıqmı?
- Yox, kino ölkəsi təəssüratı yaratmırıq. Bu cür görünməyin bir neçə şərti var. Əvvəla, Azərbaycan uzun müddət SSRİ-nin tərkib hissəsi olaraq filmlər istehsal edib. Sovet kinosu anlayışı var idi. Yalnız bir-iki sovet respublikası bu sovet kinosu anlamının daxilində özgün simasını göstərə bilmişdi. Məsələn, gürcü kinosu anlayışı artıq o vaxt formalaşmışdı. Bunu qırğız kinosu haqqında da demıək olar. Amma Azərbaycan kinosu anlayışının formalaşması həmişə sədlərlə qarşılaşıb. Məsələn, Tarkovski, Paracanov kimi azad fikirli, milli ruhlu sənətkarların ərsəyə gəlməyi mümkün olmuşdu, deməli, buna müəyyən mənada şərait yaradılmışdı. Əlbəttə, Heydər Əliyevin sayəsində o sədlərə sinə gərməyi bacarırdıq. Bununla belə, azad fikirli insanlar Moskvanın birbaşa nəzarətində idilər. Əlbəttə, bizə bu cür münasibətin arxasında türkçülük, İslam mədəniyyəti kimi güclü anlayışlardan ehtiyatlanmaq dayanırdı.
- Bizdə dissident ruhlu rejissorlar olub?
- Niyə olmayıb? Məsələn, Ramiz Əsgərov. "Mən ki gözəl deyildim" filminin çəkilişlərində müəmmalı şəkildə həlak olub - səbəb kimi pirotexnikadan istifadə zamanı xətalı vəziyyətin yaranmasını göstərdilər. Onun belə çıxışları olurdu, deyirdi ki, "nəyə görə Moskva özünü böyük qardaş kimi aparmalıdı?, "nəyə görə filmlərimizdə ordan dəvət olunmuş aktyora da rol verməliyik?", "nəyə görə filmlərimizin operatorlarını Rusiyadan dəvət etməliyik, bizim öz kadrlarımız olmamalıdırmı?" Bu sualları vaxtilə Cəfər Cabbarlı da səsləndirmişdi, Lətif Səfərov da bu ruhda adam idi...
- Və hər üçünün aqibəti oxşardı...
- Bəli... Təəssüf ki, belədi. Ümumiyyətlə isə Heydər Əliyev bir dəfə demişdi ki, biz dissident axtarmırıq. Və onun bu cür insanları zərbələrdən qoruması, ədəbiyyatda, kinoda, teatrda azad fikirli yaradıcı insanların qadağalarla üzləşməməsi sözünün əyani göstəricisi idi.
- Sizin bu sənəti seçməyiniz hansı şəraitdə baş verib?
- Uşaqlıq arzum idi. Beşinci sinifdən bu sənətə marağım yaranıb. Konkret kinoya yox. Əvvəl teatrı sevmişəm. Televiziyada Ağasadıq Gəraybəylinin bir tamaşasını görmüşdüm, ondan sonra dram dərnəyinə getməyə başlamışdım. Təbii ki, bu maraq emosional bir hal idi. 9-10-cu siniflərdə oxuyanda televiziyada "Kitab evi" adlı veriliş var idi, mən orda nəzm və nəsr parçalarını oxuyurdum. Orta məktəbi bitirəndə ailəm məni bu sənətin ardınca getməyimə qarşı idi, adi fəhlə olan atam çox ötkəm xasiyyətli adam idi. Fikirləşdim ki, eybi yox, atamın istəyini yerinə yetirib başqa bir ali məktəbə daxil olaram, oxuyub, diplomu ona verərəm və deyərəm ki, indi mən öz işimin dalınca gedirəm. Çünki fikrimi dəyişməyi ağlıma belə gətirmirdim. Bir neçə ali məktəbə cəhd elədim, məktəbi yaxşı qiymətlərlə bitirdiyimə baxmayaraq, tələbə adını qazana bilmirdim, səbəb də o idi ki, kiminsə nüfuzu, təsiri ilə tələb olunan fakültələri seçirdim, o fakültələrə cəmiyyətin "qaymaqları"nın övladlarını qəbul edirdilər. Nə isə, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə sənəd verdim. Qəbul imtahanında Mehdi Məmmədov düşüncə tərzimin rejissorluq fakültəsinə uyğun gəldiyini dedi. Təəccübləndi ki, niyə birbaşa rejissorluğa verməmişəm sənədlərimi... Mən də bunu əvvəl aktyorluğun sirlərinə bələd olmaq niyyətimlə izah etdim. O isə bildirdi ki, buna heç bir ehtiyac yoxdu, rejissorluqda aktyorluğu da öyrədirlər. Əslində isə birbaşa rejissorluğa imtahan verməyə risk etməmişdim, çünki o vaxtlar rejissorluğa cəmisi üç yer ayrılırdı və o üç yerə də aktyorların, rejissorların övladları sənəd verirdilər. Təbii ki, onların hazırlıq səviyyəsi və şansı digər abituriyentlərdən daha üstün idi, ona görə düşünürdüm ki, aktyorluğa daxil olub, sonra rejissorluğa keçərəm. Rektor Aslan Aslanov da Mehdi Məmmədovla həmfikir oldu. Mənə dedi ki, imtahanları yaxşı versəm, məni rejissorluq fakültəsinə keçirəcək. Dedim, mən elə rejissorluğa istəyirəm də... Soruşanda ki, bəs niyə ora verməmişəm, cavab verdim ki, axı ora cəmisi üç yer ayrılıb. Aslan müəllim bütün imtahanlarda iştirak elədi, hətta fəlsəfə üzrə mütəxəssis olduğuna görə mənimlə bu mövzuda mübahisəyə də girişdi, adımı da "fenomen" qoymuşdu, deyirdi bu göygöz mütləq rejissor olacaq. Və sözünün üstündə durdu - qəbul imtahanları bitəndən sonra adımı aktyorluq fakültəsinə qəbul olanların siyahısında axtarıb tapmayanda Aslan müəllim məni səsləyib dedi ki, səni rejissorluğa keçirmişəm. Beləliklə, sentyabrın 1-dən mən rejissorluq fakültəsində təhsil almağa başladım. Müəllimlərim Mehdi Məmmədov, Azər Paşa Nemətov, Ağakişi Kazımov idi. Əsas müəllimim Azər Paşa Nemətov idi. O, bizim kursa ilk dəfə hərəkətli təhlil metodunu tətbiq etmişdi. Kurs yoldaşlarımdan biri Azər Zeynalov idi. Mən qrup nümayəndəsi idim. İnstitutu əla qiymətlərlə bitirdim. Diplom tamaşamı Gənc Tamaşaçılar Teatrında qoydum və dərhal kinoya üz tutdum. Bir il rejissor assistenti işlədim. Ali rejissorluq kurslarına daxil olmaq istəyəndə Aleksandr Mitta məktubla mənə bildirdi ki, o kurslara artıq aktyorluq fakültəsini bitirmiş şəxsləri qəbul etmirlər, o mənada ki, onların bu kurslara ehtiyacı yoxdu, sərbəst film çəkə bilərlər, yalnız başqa ixtisas üzrə təhsil alanları qəbul edirlər. Və bu məktubla mən film çəkməyə başladım. İlk filmim tammetrajlı "Etiraf" filmi oldu. Filmin uğurundan sonra rejissorluq bacarığımı daha da artırmaq üçün Tiflisdə İsveçrənin "İFAS" təşkilatının təşkil etdiyi və ustad kimi üç nəfər "Oskar" mükafatçısının cəlb olunduğu kinorejissorluq kurslarını keçdim. O layihənin məqsədi kinematoqrafçıları yeni iş üslubuna alışdırmaq idi. Onların rəhbərliyi ilə "Arxaik motivlər" filminin ssenarisini yazdım...
- Bəs o layihə nə yerdə qaldı?
- O layihənin gerçəkləşməsi üçün Riqa kinostudiyası 1 milyon dollar ayırmışdı, Azərbaycan yalnız 400 min ayıra bildi. Film istehsalata gedən ərəfədə qocaman həmkarlarım arasında buna əngəl törədənlər tapıldı. Gözləri götürmədi ki, Azərbaycana ilk sərmayəni mən gətirə bilərəm.
- Təəssüf doğuran cəhətlərimizdən biri... "Arxaik motivlər" nədən bəhs edəcəkdi?
- Məhəbbət əhvalatı fonunda sivilizasiyaların bir-birinə qarşı çıxmasını deyil, bir-birindən bəhrələnməsinin önəmini incələyən ssenari idi. Başqa sözlə, dövlətçiliyimizin prioritetlərindən biri. Amma mən xəbisliklərə yox, uğurlara köklənən adamam. Üç ildi, yeni "Xalı"adlı ssenarimi Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm. Daha öncə çəkdiyim "Azərbaycan xalçası" sənədli filmim xalça sənətimizin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına qəbul edilməsi üzrə aparılan işlər zamanı nümayişlənib. "Xalı" filminin ssenarisinə bədii şura yüksək qiymət verib, amma kinostudiyamızın istehsalat bazası hələ ki, bu çəkilişləri başlamağa imkan vermir. Buna baxmayaraq, artıq İtaliya və Rumıniya kinostudiyaları layihəyə cəlb olunublar. Mənim indi bütün fikirlərim yalnız bu layihə ilə məşğuldu. Nazirlik resurslarını səfərbər edə bilməsə, başqa yol tapıb bu filmi mütləq ərsəyə gətirəcəyik...