Türkiyəmizlə omuz-omuza!

Bu günlər Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamamlandı. Əsrin 1/4-i ilk baxışda kiçik müddət deyil. Ancaq yaxın tarixdən qaynaqlanan bir əndişə hələ də qalır: gerçək belədir ki, Rusiya bu günədək müstəqilliyimizi həzm edə bilməyib. 

Buna ən böyük sübut - hələ SSRİ dövründən Kremlin körüklədiyi və 29 ildir davam edən Qarabağ problemidir. İndi az qala, uşaq da bilir ki, buna başlıca əngəl Rusiyadır. Məhz Rusiya Azərbaycanın özünün bütün ərazisinə tam nəzarəti bərpa edə bilməməsi üçün 29 ildir əlindən gələni edir.


Bundan ötrü Moskva işğalçı Ermənistanı Azərbaycan dövləti üzərində Damokl qılıncı kimi saxlayır, bəsləyir, hər an Azərbaycanın suverenliyinə qarşı qısqırtmaq üçün hazır vəziyyətdə saxlayır. Bunun bir adı da Azərbaycan əleyhinə Ermənistanla şərikli işğalçılıqdır.


Əslində ötən əsrin 20-ci illərindəki beynəlxalq duruma bənzər bir şərait, şərtlər olsaydı, o zaman heç kəsin şübhəsi olmasın ki, Rusiya Ermənistanla heç şərikli işğalçılığa da lüzum görməz, müstəqil Azərbaycanı birbaşa özü işğal eləmək fikrinə düşərdi.


Bu mənada hazırda şimaldan işğal təhlükəsi ehtimalı ciddi sayılmasa da, Qarabağ konflikti qaldıqca bütövlükdə təhlükənin aradan qalxmış da saymaq mümkün deyil. Son vaxtlar şimaldan ölkəmiz əleyhinə artan de-marşlar da ən əvvəl bunun təzahürüdür. Hər halda tarix üçün 25 il heç nədir. Odur ki, 100 il öncəki kimi yenə ifrat ayıq-sayıq olmamız gərəkir.


Doğrudur, Rusiya hərbi cəhətcə Azərbaycanda artıq mövcud deyil, sonuncu Rusiya hərbi bazası - Qəbələ RLS illər öncə ərazimizdən çıxarılıb. Fəqət, Rusiya regiondadır, qonşuluğumuzda, qulağımızın dibində, Ermənistandadır, Gürcüstandan qopardığı separatıə Abxaziya və Cənubi Osetiya bölgələrindədir, Xəzərdədir. Ən betəri odur ki, Rusiya bölgəyə yönəlik məkrli planlardan əl çəkməyib. Azərbaycanda marığa yatmış Rusiyanın "5-ci kolonu” da ki, cağbacağ yerində.


Bu xüsusda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin bugünlərdə Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı söylədiyi bir fikir diqqət çəkir. Nazir müavini diplomatik dildən tərcümədə belə bir söz işlədib ki, gərək nə Azərbaycan, nə də Ermənistan bizdən inciməsin, çünki Rusiya onların hər ikisinə silah verir, balansı qoruyur.


Bir az da minnət qoymaq kimi çıxır, deyilmi? Yəni ki, "biz nə Bakının, nə də İrəvanın xətrinə dəymirik”. Halbuki kimin "xətrinə” dəyilib, çoxdan məlumdur - bu, ərazisinin 20%-i rusun əli ilə işğal edilən Azərbaycandır. Bu üzdən ortada balans söhbəti-filan da ola bilməz. Moskva tərəflərə silahı böyük həvəslə, lakin sırf öz maraqları naminə verir.


Moskvanın yaxın hədəfi - hər iki ölkəni öz asılılığında saxlamaq, Bakı və İrəvana təzyiq imkanlarını itirməmək, eyni zamanda silah satmaqla büdcəsini zənginləşdirmək, uzaq hədəf isə bölgədə mövcudluğunu gücləndirmək və fürsət düşən kimi bölgənin aparıcı dövləti Azərbaycanın suverenliyi və müstəqilliyinə son qoymaqdır (Ermənistan onsuz da Rusiyanın ucqar quberniyası kimidir).


Amma nə yaxşı indiki beynəlxalq şərait nə qədər qəliz olsa belə, hər halda, 100 il öncəsindəkindən fərqlənir - Azərbaycanın xeyrinə. İndi Azərbaycanın tamhüquqlu üzv olduğu BMT var - hərçənd Putin Rusiyası vaxtaşırı BMT Nizamnaməsini də ayaqaltı edir.


Azərbaycanın xeyrinə işləyən ikinci mühüm faktor əlbəttə ki, Türkiyə amilidir. Yenə nə yaxşı ki, 100 il öncəki, xarici təcavüzlə üzləşmiş Türkiyə ilə müqayisədə qardaş ölkə indi qat-qat güclü, Azərbaycana lazımi siyasi-hərbi dəstək vermək gücündə olan böyük dövlətdir, regional supergücdür.


O üzdən Azərbaycan öz arxasını ən əvvəl Türkiyəmizə möhkəm söykəməlidir. Bizim Rusiyaya qarşı nicatımız qardaş məmləkətlə əbədiyyən omuz-omuza olmaqdır! Qardaş çiynindən etibarlı sipər ola bilərmi? Unutmayaq, 99 il öncə müstəqilliyimizi ən əvvəl o səbəbə itirmişdik ki, düşmən qüvvələr aramıza girə, iki qardaş ölkəni təkləyə bilmişdilər.


Bir daha belə səhvi yapmaq lüksümüz yox.




[email protected]