Ötən hər gün tarixə dönür, lakin hər gün yaddaqalan olmur. Elə günlər var ki, onlar nəinki bir nəfərin, bir ailənin, bütövlükdə bir xalqın, millətin yaddaşına əbədi yazılır, unudulmur. Bu gün şəhadətləri ilə tarix yazan, tarixin əbədi yaddaşına həkk olan Şəhidlərimiz kimi. Hər kəsə nəsib olmayan o müqəddəslik zirvəsinə ucalmaq, yurdun azadlıq salnaməsini qanı ilə yazıb, canı ilə qazanan oğullar sayəsində torpaq Vətən olur. Uğrunda savaşdıqları torpaq da, canları ilə qoruduqları vətən də unutmur öz şəhidlərini. İllər, əsrlər keçsə də, millət var olduqca öz igid oğullarını unutmur, unutdurmur.
30 ildir ki düşmən tapdağında inlə-yən müqəddəs torpaqlarımızın azadlığı, bütövlüyü naminə 2020-ci ilin sentyabr ayının sonlarında başlanan Vətən müharibəsində mərdliyi, cəsarəti, qorxmazlığı ilə seçilən, ön cəbhələrdə şücaətlə vuruşan, gənc həyatı torpaq uğrunda qurban verən, vətənləşən vətən oğullarından oldu Eldost Hüseynov.
Hüseynov Eldost Asəf oğlu 16 dekabr 1996-cı ildə Şamaxı rayonunun Talışnuru kəndində dünyaya gəlmişdi. Talışnuru kənd tam orta məktəbində təhsil alan Eldost 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsilə yi-yələnmişdi. Xarakterinin bütövlüyü, çalışqanlığı, bacarığı ilə daim kollektivdə seçilib, sevilmişdi. Dostları, tanışları, onu tanıyan hər kəs indi onun haqqında yana-yana, böyük ağrıyla danışır. Dostları Eldostla bağlı xoş xatirələri çözələyir. Onun olduqca mülayim, şən, yeri gələndə isə bir o qədər də ciddi və bütöv xarakterli bir şəxsiyyət olduğunu bildirirlər.
Eldost uşaqlıqdan vətənpərvər ruhda böyümüşdü. Elə ona görə də hərbi xidmətini başa vurduqdan sonra hərbidə çalışmağı özünə həyat yolu seçmişdi. Vətənə xidmət göstərmək, onun asayişi keşiyində dayanmaq Eldostun ən ali məqsədi idi. Elə bu məqsədlə də zabitlər hazırlayan kursa daxil olaraq, oranı müvəffəqiyyətlə başa vurub leytenant hərbi rütbəsi almışdı. Cəbhə bölgəsində xidmət etməyi də öz arzusu ilə istəmişdi. Hər dəfə məzuniyyətə gələn zaman etdiyi söhbətlərindən onun nə qədər vətənə bağlı, torpağını sevən, qəhrəman ruhlu bir zabit olduğunun şahidi olardıq. Hələ iyul döyüşlərində yoldaşları və komandanlığı ilə birgə düşmən üzərində qələbəyə necə hazırlaşdıqlarından, cəbhədə apardıqları mübarizədən elə ürəklə danışırdı ki... Onunla fəxr edər, qürur duyardıq. İndi bir təsəllim var, nə yaxşı ki bunu ona sağlığında deyə bilmişdim.
Məzuniyyət müddəti bitməmiş şəhərdə qalmaqdan darıxdığını bildirir, işinə qayıtmağa çox can atırdı. "Ora ayrı bir dünyadır, orada sən bilirsən ki, Vətən sənə əmanətdir, əli silahlı bizlərdən asılıdır torpağın taleyi” - deyərdi. Getməyə tələsərdi və bu dəfə də getdi. Haradan biləydik ki, bu gediş onun son gedişi, bu görüş bizim onunla son görüşümüzdür. Eldost yenə qayıtdı. Bu dəfə vətən bayrağına bükülmüş şəhid tabutunda qayıtdı. Onda biz bilmirdik ki, növbəti gəlişi ilə adı əbədi tarixə, bütöv bir xalqın yaddaşına yazılacaq, daim qürurla, fəxrlə xatırlanacaq. Bu gəlişi şəhidlik, ölməzlik gəlişi olacaq. Onun şəhidlik xəbərini eşidən hər kəs dərindən sarsılsa da, göz yaşlarına boğulsa da, ancaq ürəkləri qürurla döyünürdü...
Tarixi qədimdən qədim, qoynunda neçə qəhrəmanlar, söz sərrafları uyuyan Şamaxı o gün yeni bir qəhrəman şəhidini qarşılayırdı. Qocaman şəhər bu acı xəbərdən nə qədər sarsılsa da, bir o qədər qürurluydu. Qədim Şirvan torpağı gələcəkdə arzusu general olmaq istəyən qəhrəman oğlunu general mundirində deyil, şəhid libasında qarşılayırdı. Təsəllisi də o idi ki, şəhidlik adı bütün adlardan uca, məqamı hər məqamdan yüksəkdir.
O gün Şamaxı çox izdihamlı idi. El-oba Eldostu müqəddəs şəhidlik mənzilinə uğurlayırdı. Bütün səsləri izdihamın bir ağızdan səsləndirdiyi "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı batırırdı.
Beləcə, ulu torpaq daha bir Şəhidinə qucaq açdı. Qarabağın azad olunması uğrunda gedən qanlı döyüşlərdə müqəddəs Şəhidlik zirvəsinə ucalan Hüseynov Eldost Asəf oğlu oktyabrın 8-də Şamaxı şəhərində - Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Eldost haqqında yazmaq mənim üçün olduqca ağır, kədərlidir. Çünki o, cavan yaşda dünyasını dəyişən dayımın yeganə oğul yadigarı, bir ananın, bir bacının son ümid yeri idi. Lakin Eldost adı bu gün həm də mənim üçün qürur yeri, fəxr edəcəyim müqəddəs bir ünvandır. Ona görə ki, Eldost ölümü ilə ölümsüzləşən, vətən və millət yolunda canından keçməyi bacaran xalq qəhrəmanıdır. Belə bir Qəhrəmanın bacısı kimi fəxr etməmək mümkün deyil.
Biz səni Vətənə əmanət etdik. Vətən sənə də oğul dedi, qardaşım!
Bir daha xatırlatmaq istəyirəm ki, Eldost və onun timsalında bütün Şəhidlər bizim nisgilimiz, kədərimiz, ürək ağrımız olsalar da, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
"Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar,
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!”.
Məkanın cənnət olsun, Şəhidim!
Gülnar Süleymanlı
"ictimaifikir"
[email protected]