![]()
“Mən azərbaycanlıyam!” deyəndə ilk xatırlanan şəxs Ulu Öndər Heydər Əliyevdir. Çünki müasir Azərbaycan dövlətinin hər sütununun təməli Onun zəhməti, yuxusuz gecələri, mübarizəsi ilə qurulub. Dahi şəxsiyyət Heydər Əliyev sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlərlə xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub. Bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək onların milli istinad mənbəyinə çevrilib.
Azərbaycan dövləti 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etməklə öz suverenliyini bütün dünyaya bəyan etdi. Lakin sonrakı illər ölkənin müstəqilliyi və dövlətçiliyi üçün ciddi sınaqlarla yadda qaldı. Həmin dövrdə Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz siyasəti aparılır, ölkə daxilində isə siyasi böhran, idarəetmədə səriştəsizlik və anarxiya halları hökm sürürdü. Bütün bunlar gənc dövlətin mövcudluğunu ciddi təhlükə qarşısında qoyurdu. Həmin dövrdə bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə Azərbaycanı müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə məsuliyyətsiz şəxslər rəhbərlik edirdi.
Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı, hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləmə aparırdı. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildilər və aciz durumda idilər. Digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilmişdi. 1993-cü ilin yayında vəziyyət fəlakət həddinə çatanda, belə ağır bir zamanda xalq ümid dolu nəzərlərini dahi şəxsiyyət Heydər Əliyevə, Onun həmin dövrdə yaşayıb fəaliyyət göstərdiyi Naxçıvan torpağına çevirdi.
Azərbaycan xalqının iradəsi və təkidi ilə təcrübəli dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyev müstəqil dövlətimizin uçurum qarşısında qaldığı bir vaxtda yenidən ölkənin siyasi hakimiyyətinə qayıtdı. Millətin sönməkdə olan müstəqillik arzuları canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin Sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, uzun sürən daxili çəkişmələrdən sonra ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Sonrakı dövrdə yaşananlar isə dövlətimizin güclənməsinə səbəb olmaqla yanaşı, atəşkəsin imzalanmasına şərait yaratdı.
Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və 1994-cü ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı.
Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev tərəfindən bu taleyüklü addımlar atılmasaydı, Azərbaycan dövlətini yaratmaq da, bu gün ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində əldə olunmuş möhtəşəm qələbə ilə təmin etmək də mümkün olmayacaqdı. Bu gün müasir müstəqil Azərbaycanın taleyini Ümummilli Lider Heydər Əliyevin taleyindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı və Azərbaycanın ən böyük xilaskarıdır.
Heydər Əliyev siyasi fəaliyyətinin hər bir mərhələsində, fərqli ictimai-siyasi, iqtisadi, mədəni və ideoloji şəraitdə xalqımıza və Azərbaycana ləyaqətlə xidmət edib. Ona görə də xalqımız ən çətin günlərində yenə də Heydər Əliyevə üz tutdu. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi Azərbaycan tarixinə "Milli Qurtuluş Günü" kimi daxil oldu. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı xilaskarlıq misssiyası idi.
1993-cü ilin iyun ayına qədər ölkəmizdə baş verən hadisələr bir daha Ümummilli Lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir". Bu çətin və şərəfli missiyanı öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyev atdığı cəsarətli addımlarla Azərbaycanı onun müstəqilliyi və suverenliyi üçün yaranmış ən ağır böhranlı vəziyyətlərdən çıxarmağı bacardı və onun yaşamasını təmin etdi.
Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, qanunçuluq bərpa olundu və dövlət institutlarının formalaşdırılmasına başlanıldı.
Ulu Öndərin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycan qısa müddət ərzində inkişaf yoluna qədəm qoydu. İqtisadiyyatın dirçəldilməsi, xarici investisiyaların cəlb olunması, beynəlxalq əlaqələrin genişləndirilməsi və ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını qoydu. Bu müqavilə sayəsində ölkəmiz dünya iqtisadi sistemində mühüm mövqeyə sahib oldu, xalqın rifah halının yaxşılaşdırılması üçün geniş imkanlar yarandı. Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası bu gün də Azərbaycanın iqtisadi gücünün əsas dayaqlarından birini təşkil edir.
Heydər Əliyev yalnız siyasi lider deyil, həm də milli ideologiyanın banisi idi. O, "Azərbaycançılıq" ideyasını dövlət siyasətinin əsas istiqamətinə çevirdi, milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə xüsusi önəm verdi. Ana dilimizin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, mədəniyyətin və təhsilin inkişafı daim onun diqqət mərkəzində oldu. Gənclərə xüsusi qayğı göstərən Ulu Öndər onların vətənpərvər ruhda yetişməsini Azərbaycanın gələcəyi üçün ən mühüm amillərdən biri hesab edirdi.
Bu gün Heydər Əliyev siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın sürətlə inkişaf edən və güclənən dövlətlərindən birinə çevrilib. Son illərdə ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti daha da artıb, beynəlxalq arenada Azərbaycanın nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində regionların inkişafı təmin edilib, mühüm infrastruktur layihələri həyata keçirilib, sosial rifah proqramları genişləndirilib.
Həyatını Azərbaycan xalqına həsr edən müasir Azərbaycanın memarı Heydər Əliyev Vətənin ən çətin dövrlərində dövlət sükanını ələ alaraq ölkəni vətəndaş müharibəsindən xilas etdi, müstəqilliyini qorudu. O, Azərbaycan xalqının birliyini təmin etdi, “Azərbaycançılıq” ideyasını inkişaf etdirdi. Bugünkü bütöv Azərbaycan da məhz Onun əsəridir. Bu səbəblə görkəmli dövlət xadimi Heydər Əliyev xalq tərəfindən “Ən böyük azərbaycanlı” olaraq qəbul edilir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, möhtəşəm tarixi qələbə qazanan Azərbaycan Ulu Öndərin ideyalarına uyğun olaraq gündən-günə daha da inkişaf edəcək və getdikcə daha qüdrətli, daha firavan bir ölkəyə çevriləcək.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – bu kəlamları Ulu Öndərin dilindən eşidəndə hər bir kəs qürur duyur öz Vətəni ilə. Və bu gün dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan çox azərbaycanlı qalib, bütöv Azərbaycanı ilə fəxr edir, azərbaycanlı olmağı ilə qürur duyur.
![]()
Həsənov Adil Nizami oğlu
Bakı şəhəri, İlqar İbrahimov adına
167 nömrəli tam orta məktəbin müəllimi
10.05.2026