Qətiyyətli dövlət başçısı, cəsur sərkərdə və mahir diplomat

Qətiyyətli dövlət başçısı, cəsur sərkərdə və mahir diplomat 

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsəd güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti,

 Silahlı Qüvvələrin Ali Baş Komandanı

 

 

 Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən milli maraqlara və bəşəri dəyərlərə söykənən dövlət konsep­siyasının uğurla reallaşdırılması nəticəsində İkinci Qarabağ müharibəsində erməni faşizmi məhv edilərək, tarixi zəfər qazanıldı, nəticədə isə 30 il ərzində işğalda qalan ərazilərimiz geri qaytarıldı. Torpaqlarımız düşmən əsarətində qaldığı müddətdə iqtisadiyyat gücləndirildi, iqtisadi müstəqillik təmin edildi. Çünki əgər Azərbaycan hansısa başqa böyük dövlətlərdən asılı olsaydı, bu şərəfli missiyanın yerinə yetirilməsi zamanı ciddi problemlərlə üzləşərdik.

Ona görə də Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən başlayaraq, iqtisadi müstəqilliyə hesablanan bütün lazımi addımları atdı və respublikamız qısa müddət ərzində dünya miqyasında iqtisadi potensial və sabitlik baxı­mından birinci sıralarda qərarlaşdı. Bu, eyni zamanda, siyasi müstəqilliyimizi şərtləndirdi, bütün tərəfdaşlarla bərabərhüquqlu, qar­şılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlərin qurulma­sında həlledici rol oynadı. Beləliklə, torpaq­larımızın azad edilməsi üçün əsas şərtlərdən biri reallaşdı.

Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistan üzərinə götürdüyü kapitulyasiya­nın tələblərinin ödənilməsi barədə razılığa gəldi, şərtlərə uyğun olaraq, əvvəlcə Ağdam şəhərini və rayonun işğal altında qalan kəndlərini qeyd-şərtsiz azad etdi. Növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqla­rı olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Dövlətimizin başçısı 2020-ci il noyabrın 20-də xalqa müraciətində qeyd etdi ki, əgər Silahlı Qüvvələrimiz Ermənistan ordusunu döyüş mey­danında məğlub etməsəydi, işğalçı öz xoşu ilə torpaqlarımızdan çıxma­yacaqdı: "Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaq­larda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümü­zü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ru­humuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”.

Döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı respub­likanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.

Onu da qeyd edək ki, ka­pitulyasiya aktını şərtləndirən Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin ara­sında əldə edilən məlum razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyırdı, eyni zamanda, bəyanatla Qarabağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin real­laşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilirdi.

Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır məğlubiyyətinin ifadəsi idi.

Beləliklə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başla­nan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmada­ğın edərək, böyük zəfərə imza atdı.

 Qətiyyətli dövlət başçısı, cəsur sərkərdə və mahir diplomat

Mehdiyeva Emilya Rəcəb qızı

Neftçi Qurban adına 288 n-li tam orta məktəbin ingilis dili müəllimi


[email protected]