SON XƏBƏRLƏR
ÜMİDLƏRİ DOĞRULDAN HƏKİM

ÜMİDLƏRİ DOĞRULDAN HƏKİM 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Onları əbəs yerə xilaskar adlandırmırlar. Xəstələr həmişə çarəni onların əlində axtarırlar. Hippokrat andı içən şərəfli peşə sahibləri ən ağır və çıxılmaz vəziyyətlərdə ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün gecə-gündüz xəstələrin başı üstünü kəsdirir, çarpayısının yanından ayaq çəkmədən işıqla zülmət, yaşamla ölüm arasında çırpınan xəstələri həyata qaytarmaq üçün çalışırlar. Ağxalatlı peşə sahibləri yuxusuz gecələri, bilik, bacarıq və təcrübələri hesabına neçə-neçə ömrü yarıda qırılmağa qoymurlar. Onların peşəsinin müqəddəsliyi də elə bundadır.

Yeni növ koronavirus (COVID-19) pandemiyası yarandığı ilk gündən bütün ümidlər yenə də onlara yönəlib. Qlobal bəşəri təhlükə yayılmağa başlayandan həkimlər yenə də iş başındadırlar. Dövlət başçısının rəhbərliyi ilə koronavirus pandemiyasına qarşı vaxtında görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilir, bu sahədə Azərbaycanda atılan addımlar təqdir edilir, ölkəmizin təcrübəsi digər ölkələrə nümunə göstərilir. Təbii ki, bu mübarizənin ən ön sıralarında xeyirxah və mərhəmətli peşə sahibləri olan həkim və tibb işçiləri gedirlər.

Məşhur bir deyim var: "Qəhrəmanlıq üçün şərait gərəkdir”. Azərbaycan həkimləri bu deyimin fövqündə durmağı bacararaq virusa yoluxan insanların həyatını xilas etmək üçün meydana atıldılar. İnsanların həyat və sağlamlığını hər şeydən öndə tutan həkimlərimiz körpə balaları da bu virusdan qorumaqda xüsusilə əmək sərf edirlər. Gələcəyimiz olan körpələri, uşaqları əmanət etdiyimiz həkimlərimizə nə qədər minnətdar olsaq, yenə azdır. Bu mənada mən də öz adımdandaim hər bir vətəndaşa, ona üz tutan valideynlərə mehriban münasibət göstərən, hər bir sualı canla-başla cavablandıran, bir ana kimi körpələrin qayğısına qalan Lətifə həkimə minnətdarlıq etmək istəyirəm. Məlum epidemiya səbəbindən hər birimizin xüsusilə körpələrə qarşı ehtiyatla davrandığı bu dönəmlərdə yaranan ən kiçik problemlərdə belə tez-tez Lətifə xanımdan məsləhət almağa tələsdiyimiz hər an verdiyi dəyərli məsləhətləri ilə köməyimizə çatan dəyərli həkimimizə göstərdiyi diqqət və qayğı üçün xüsusi təşəkkürlərimi bildirirəm.

Qeyd edim ki, N.Nərimanov adına Tibb Universitetinin "Pediatriya” fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə başladığı ilk dövrlərdən bu günə qədər uzun illərdir çalışdığı bütün kollektivlərdə daim hörmət və sevgi qazanan Lətifə həkim hər zaman bir məqamı xüsusilə qeyd edir ki, bir həkim kimi ona ümidlə üz tutan hər bir valideynə körpələrinin sağlamlığı ilə bağlı məsləhətlər vermək, onları düzgün istiqamətləndirmək, doğru müayinə və müalicə üsulları tətbiq etmək onun ən ümdə məqsədi və müqəddəs peşə fəaliyyətinin tələbidir.

İmkani Lətifə İzzət qızı Ə.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasının "Bağırsaq infeksiyası” şöbəsində həkim-infeksionist kimi çalışır. 38 illik peşə fəaliyyəti dövründə minlərlə körpəyə şəfa verən, onlara ümidlə üz tutan valideynlərin daim təşəkkürünü, xeyir-duasını qazanan, daşıdığı adı şərəflə doğruldan peşəkar həkimlərimizdəndir Lətifə İmkani.

Fürsətdən istifadə edərək, Lətifə xanımı Yeni il, həmçinin qarşıdan gələn yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, sevərək, vicdanla yerinə yetirdiyi peşə fəaliyyətində uğurlar diləyirəm.

Peşənizə böyük ehtiramla,

 ÜMİDLƏRİ DOĞRULDAN HƏKİM

 

 

 

 

 

 

 

 

 

 

 

 


Gülnar Süleymanlı

"Bütöv Azərbaycan” qəzetinin məsul katibi

 




[email protected]