Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edən həkimlər

Dünya zənginliklə doludur. Həmin sərvətlərin ən mühümü isə insan sağlamlığıdır. Sağlamlıq insanlar və bütün canlılar üçün hava və sudan daha vacibdir. Sağlamlıq olmasa, onlardan istifadə edə bilmərik. Xüsusilə uşaqları müxtəlif xəstəliklərdən qorumaq zəruridir. Bəzən adi yanaşdığımız qızılca, suçiçəyi, qrip, angina kimi xəstəliklər çox ciddi fəsadlara səbəb ola bilir. Belə olan halda isə ümid yerimiz peşəkar həkimlər olur. Elə bu yaxınlarda, daha dəqiq desək, 10 may 2023-cü il tarixində ailəmizin ən kiçik üzvü Mələk qızımız suçiçəyi adlanan infeksion xəstəlik keçirmişdi. Artıq sağalmaq üzrəykən vəziyyəti ağırlaşdığından üz tutduq həkimlərin ünvanına. Bu məktəbli qızımız elə çətin və ağrılı halda idi ki, bizi Bakı şəhərində yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə yönləndirdilər.

 Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edən həkimlər

Köməyimizə çatan, Mələyimizi o durumdan qurtaran və hələ də üzərində nəzarətini davam etdirən 1 saylı Kliniki Tibbi Mərkəzin uşaq cərrahları İlqar həkim və Nigar xanım oldu. Dərhal müdaxilə edərək, həyati təhlükəni aradan qaldırdılar.

 Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edən həkimlər 

Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə dayanan, onların qayğısına qalan həkimlər həmişə xətir-hörmət sahibi olublar. Həkim adını daşımaq məsuliyyətli, bir o qədər də şərəflidir. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, yaşamağa ümidlərini artırmaq, xoş bir sözlə könüllərini ovutmaq... Düzgün müayinə aparıb, düzgün diaqnoz qoymaq isə müsbət nəticə almaq üçün əsas şərtdir. İşini yaxşı bilən həkimin qapısını döyənlər həmişə çox olur.

Haqverdiyev İlqar Nəcəf oğlu, Babayeva Nigar Füzuli qızı da belə həkimlərdəndir, öz davranışı, insanpərvərliyi, qayğıkeşliyi ilə özünə böyük hörmət qazanan təcrübəli tibb işçiləridir. Nəinki İlqar həkim, Nigar həkim, eləcə də orada çalışan tibb bacıları, texniki personalın diqqət və qayğısı, hər gün tez-tez gəlib xəstə ilə maraqlanan, qayğısını, əməyini əsirgəməyən bütün tibbi personala təşəkkürümüzü çatdırmaq, onların timsalında həkim sənətinin adını uca tutmağı bacaran həkimlərimizlə fəxr etdiyimizi bir daha vurğulamaq istədik.

Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edən həkimlər 

Hazırda ev şəraitində müalicəsini davam etdirən Mələk qızımız isə hələ bir müddət daimi müayinələrə gedərək sevimli həkimlərinin nəzarəti altında olmalıdır. Həkimə getməyə, iynə vurdurmağa qorxan (əksər uşaqlar kimi) balaca Mələk artıq indidən sevimli həkimlərini görmək üçün səbirsizlənir. Bu isə yalnız peşə öhdəliyini yerinə yetirməklə deyil, səmimi münasibəti, diqqət və qayğısı ilə də fərqlənməyi, ehtiram sahibi olmağı bacaran həkimlərimizin sayəsindədir. Bir daha 1 saylı Kliniki Tibbi Mərkəzin uşaq cərrahları İlqar həkimə və Nigar xanıma, bütün tibbi personala təşəkkür edir, möhkəm can sağlığı, gələcəyimiz olan gül balaların sağlamlığının keşiyində peşəkar fəaliyyətlərində uğurlar arzu edirik.




[email protected]