Azərbaycanda «paqon» gəzdirən terrorçu ola bilərmi?

İlham İsmayıl: «Əgər xarici qüvvələr qarşılarına məqsəd qoysalar rüşvətlə öz adamlarını polisə düzəldib, təxribat törədə bilərlər»

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada güllələnməsi bir sıra mühüm məqamlara bir daha diqqət yönəltməyi vacib edir. Baş verən olayda xüsusilə ona diqqət çəkmək lazımdır ki, hadisəni polis əməkdaşı Mert Altıntaş törədib. Bu hadisənin dəhşətlilik miqyasını artırır. Türkiyədə bir müddət əvvəl prokurorluq, polis orqanlarında çalışanların bir qismi həbs olundu. Amma baş verən olay təsdiq edir ki, təmizləmə prosesi tam aparılmayıb.


Azərbaycanda necə bu hadisə araşdırmaya səbəb olmalıdırmı? Çünki Azərbaycanda hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə rüşvət müqabilində düzələn xeyli sayda şəxs var. Onların xarici təsirlə müəyyən addımlar ata biləcəyi nə dərəcədə realdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Azərbaycanda rüşvətlə hüquq-mühafizə orqanına işə düzələnlərin belə bir addım atacağı, xarici qüvvənin təsirinə düşəcəyi az inandırıcıdır. Azərbaycanın hazırda geniş şəkildə terrorun hədəfində olmadığını deyən İ.İsmayıl vurğuladı ki, digər tərəfdən Azərbaycan elə bir xarici siyasət yürütmür ki, onun qarşısını almaq, ölkəyə təsir etmək üçün terrora əl atsınlar: «Əgər belə bir niyyət olsa Azərbaycanda daha çox radikal dindarların xidmətinə müraciət edə bilərlər. Rüşvətlə işə düzələn şəxsin təxribat törədəcəyi az inandırıcıdır. Azərbaycanda kimisə hüquq-mühafizə orqanlarına rüşvətlə yerləşdirmək asan məsələdir. Amma bu adamın perspektivdə nə edəcəyi bir qədər çətindir. Əgər xarici qüvvələr qarşılarına məqsəd qoysalar rüşvətlə öz adamlarını polisə düzəldib, təxribat törədə bilərlər. Amma Azərbaycan o mənada hələ hədəf deyil».
Azərbaycanda «paqon» gəzdirən terrorçu ola bilərmi?



[email protected]