Orta əsrlərdə tez-tez, qədim zamanlarda isə daha sıx-sıx müharibələr olardı. Çünki insanlar nə öz, nə də digər millətlərin tarixini bilməz, ortaq dil olmadığı üçün də bir-birini başa düşməzdilər. Zaman keçdikcə elm və texnika inkişaf etmiş, geoloji - arxeoloji araşdırmalar, qədim toponimlərin etnoqrafiyasının təhlili kimi amillər bir çox tarixi faktları aksioma çevirmişdir.
Bugünkü ərəfədə - dünyada elm və mədiniyyətin sürətli inkişafı mərhələsində müharibə gözlənilməz idi. Lakin 30 ildə elan olunmamış müharibədə nə qədər insanlarımız həlak olmuş, xalqımız iztirab və zərər çəkmiş, neçə-neçə vətən təəssübkeşləri, nənə-babalarımız gözündə vətən dərdi haqq dünyasına dönmüşdür. Doğma torpağımızın sülhlə qaytarılmasına cəhd edilsə də, faydası olmamışdır.
44 günlük müharibə və onun yaratdığı təlatümlü anlar haqqında neçə-neçə kitablar yazılsa belə, yenə onun qoyduğu təəssüratı, ağrılı məqamları, şanlı Zəfər Gününü, müharibənin bitdiyi anları izah etmək yetməz.
Ona görə mövzunu kiçik və həssas məktəblilərin – arxa cəbhə şahidlərinin nöqteyi-nəzərincə davam etdirməyi qərara aldıq.
İ.Zakir: - Müharibə başlasa da, bilmirdim ki, nə deməkdir - Gəncəyə atdıqları ilk raket zərbəsinə qədər. Həmin səs məni çox qorxutmuşdu.Ardınca qonşumuz Əliyev Cavid Samir oğlunun şəhid xəbəri gəldi. Onda müharibənin çox qorxunc bir şey olduğunu başa düşdüm. Hər gün müharibənin nə vaxt bitəcəyini soruşurdum. Nəhayət 10 noyabr günündə anam məni və bacımı oyadıb – biz zəfər çaldıq – dedi. Atam bizi şəhər meydanına apardı. Orada bizə bağraq verdilər. İndi o bayraq otağımın ən yaxşı guşəsindədir. Çünki mənə hər an Zəfər Gününü bəxş etmiş şəhidlərimizi xatırladır.
Ə.Rüqəyya: - Qələbə igidlərimizin qanı bahasına başa gəldi. Bu cəsurlardan biri də hər işi, o cümlədən ölümü ilə nümunə olan məktəbimizin müəllimi Rəşad müəllim oldu. Müharibə neçə-neçə körpə balaların atasız qalmasına səbəb oldu. Biz bu gün igidlərimizin hər biri ilə fəxr edirik. Onları daim şərəflə anacağıq.Biz yaşadıqca şəhidlərimiz də qəlbimizdə yaşayacaqdır.
R.Səid: - Ordumuz qürurumuzdur. Azərbaycan əsgərləri sayəsində qazandığımız qələbələr, xüsusilə Şuşanın azad olması müharibənin taleyində həlledici rol oynadı. Bir şeir parçası o gündən dilimdən düşmür:
Nə gözəl xəbərlə açıldı sabah, Daha möhtəşəmdir bayraq ədası.
Yenə ədalətin göstərdi Allah, Yayıldı cahana zəfər sədası...
M.Mühəmməd: - Zəfər yolunda neçə-neçə igid əsgərlərimiz şəhidlik zirvəsinə ucaldı. Neçə insan gözünü, ayağını, qolunu itirdi. Buna baxmayaraq sona qədər vuruşdular. 44 gümlük müharibədən bir il ötür. O günlərdə mərd oğullarımız ölümün gözünə dik baxdılar.
S.Zöhrə: - İlk gündən haqq yolunda olan Azərbaycan ordusu uğurlar qazanmağa başladı. Məğlubiyyəti həzm edə bilməyən düşmən bunun əvəzini dinc əhalidən çıxmaq istədi. Cəbhə xəttindən kilometrlərlə uzaq olan Gəncə, Bərdə və digər şəhərlərimizi raket atəşinə tutuldu. Faciəli şəkildə dinc insanlar həlak oldular. Buna baxmayaraq Azərbaycan ordusu zəfərə gedən yolda bir addım belə geri durmamış, böyük qələbəyə nail omuşdur.Bu qələbəyə görə şəhid və qazilərə borcluyuq.
H.Cəlil: - Azərbaycan əsgəri öz rəhbərinin ətrafında sıx birləşərək bizə qələbə sevinci bəxş etdi. Qəhrəmanlarımız bu əməliyyatda dağlardan, meşələrdən, qayalardan, cığırlardan keçərək hər cür cəhdlə yurdumuzu azad etdilər.
Ə.Aydın: - 44 günlük müharibədə Azərbaycan xalqı Azərbaycan ordusu dəmir yumruq kimi birləşdi. Nəhayət, Azərbaycan aid olduğu torpaqlarına qovuşdu. Bu yolda yarımçıq qalmış arzular, nakam qalmış valideynlər oldu. Lakin xalqın mübarizə əzmi qırılmadı. Mən də söz verirəm ki, bu bayrağa, bu torpağa, bu millətə layiqli vətəndaş olacağam, onu göz bəbəyi kimi qoruyacağam.
H.Fatimə: - Şəhid qoxulu payız. Bəlkə də bir çox ana oğul toyuna hazırlaşmışdı. Amma indi həmin analar şəhidlərimizin il dönümünə hazırıaşır. Ruhunuz şad olsun, mənim şəhid qardaşlarım! Hər zaman yaddaşlarda yaşayacaqsınız. Ölümün gözünə dik baxaraq bizə Zəfər Gününü bəxş etdiniz.
Q.Əbəlfəz: - Qarabağ Azərbaycanın ən qədim və şəfalı göşələrindəndir. Qarabağ "qara” və "bağ” sözlərindən yaranmışdır, Azərbaycana məxsusdur. Bu qədim torpağımızı bizə qaytaran yenilməz Azərbaycan əsgəri və ona ruh verən türk dünyasıdır.
İ.Aytən: - Səkkiz noyabr bizim Zəfər Günümüzdür. Bu günü bizə qorxmaz əsgərlərimiz bağışladı. Azərbaycan xəritəsini dəyişdilər. İndi bütün dünya Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışır. Nə qədər ki, analar belə igidlər böyüdüb düşmən bizə bata bilməz.
H.Kənan: - Azərbaycan xalqı ayrılmaz parçası olan Qarabağı azad edəcəyinə inamını heç vaxt itirmədi. Adi və əlamətdar günlərdə kiçikdən böyüyə ən müqəddəs arzunuz Qarabağımıza qovuşmaq olub. Nəhayət, şanlı ordumuzun şücaəti nəticəsində zəfər çaldıq. Bu gün üçün şəhid və qazilərimizi dərin ehtiram və minnətdarlıq hissi ilə duyuruq. Biz uşaqlar artıq müharibəsiz və qurbansız həyat istəyirik. Qoy yer üzündə hər zaman sülh olsun!
Ə.Zəhra: - Azərbaycan torpağı bizə əcdadlarımızdan miras qalıb. Onlar qanları-canları hesabına bu torqağı qoruyar, əkib-becərər, məhsulunu, yağını-çörəyini paylaşardılar. Şəhid və qazılırimiz bu torpağın əsl sahibi olduqlarını sübut etdilər. Qoy dünyanın hər yerində həmişə haqq, ədalət zəfər çalsın! Zəfər Günün mübarək, Azərbaycan!
Bu fikirlər Gəncə ş. M.Ş.Vazeh ad. 16 saylı tam orta məktəbin 2 c sinif şagirdlərinin Zəfər Günü ilə bağlı kiçik dünyalarının haqq səsi idi.
Sinif müəllimləri:
Abadova Səfa Abbasəli qızı
Gəncə ş. M.Ş. Vazeh ad. 16 saylı tam orta məktəb