Maestro Niyazi – 40 il xatirələrdə

https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17226167826024554478_1200x630.jpg

Avqustun 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Hehru adına Beynəlxalq Mükafat Laureatı Niyazinin vəfatının 40-cı ildönümünə həsr olunmuş “Maestro Niyazi – 40 il xatirələrdə” adlı tədbir keçirilib.
Bu barədə  muzeydən məlumat verilib.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova, böyük elmi işçisi Əzirə Abdullayeva, jurnalist-tədqiqatçı, Əməkdar mədəniyyət işçisi Əlisəftər Hüseynov, Fransada yaşayan azərbaycanlı pianoçu, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva, Milli alətlərin bərpası və təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Fəzilə Nəbiyeva, Niyazinin qohumu Sahib Qədimov maestronun Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsi və təbliği yolunda göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar. Tədbirdə Niyazi haqqında görkəmli musiqi xadimlərinin xatirələri səsləndirilib və videoxatirələr nümayiş edilib. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Tədbirin bədii hissəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin artistləri, respublika və beynəlxalq müsabiqələr laureatı Toğrul Abdullayev (skripka), beynəlxalq müsabiqə laureatı Aydan Rüstəmzadə (violonçel), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, beynəlxalq müsabiqə laureatı Ülkər Məmmədova (fortepiano), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, beynəlxalq müsabiqə laureatı Güllübəyim Məmmədova (vokal), magistrant Ülkər Məmmədova (fortepiano), musiqişünas və vokalçı Sevinc İbrahimovanın ifalarında Niyazinin xatirəsinə həsr olunmuş musiqi proqramı təqdim olunub, maestronun idarə etdiyi konsertlərdən videokadrlar nümayiş olunub.
 



[email protected]