“Avroviziya” mahnı müsabiqəsinin ölkəmizin musiqi sənayesinin inkişafındakı rolu müzakirə edilib

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Yaradıcı Həftə” çərçivəsində Azərbaycanda ilk dəfə musiqi sənayesi ilə bağlı müzakirələr ("Global Music Talks”) təşkil edilib.

xəbər verir ki, tədbirdə xarici ölkələrin "Avroviziya"dakı nümayəndə heyətlərinin təmsilçilərinin iştirakı ilə "Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ölkəmizin musiqi sənayesinin inkişafındakı rolu müzakirə olunub.

Tədbirdə "İstehsalat” şirkətinin rəhbəri İlias Kokotos, "Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Norveç nümayəndə heyətinin rəhbəri Stiq Karlsen, bəstəkar, prodüser İsa Məlikov, bəstəkarlar Dimitris Kontopulos və Toni Kornelissen çıxış ediblər.

Çıxışlarda "Avroviziya” yarışmasında əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılıb.

Bildirilib ki, hazırda "Avroviziya” mahnı müsabiqəsi dünyanın ən populyar, sevilən musiqi yarışmasıdır. Həmçinin ən başda turizm olmaqla, bir çox sahədə özünü dünyaya tanıtmaq, təbliğ etmək istəyən ölkələr bu yarışmaya xüsusi diqqət yetirir. Lakin qalib olmaq üçün əsas məsələ 26 mahnı içində fərqlənmək, yaddaqalan hər hansı bir elementin olmasıdır. Məsələn "Avroviziya-2021”də Azərbaycan təmsilçisi Samirə Əfəndinin ifa etdiyi "Mata Hari” mahnısı böyük ruh gücünə malik, müstəqil qadının həyat hekayəsindən ilhamlanıb. Hətta mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib. Bundan başqa, ölkəmizin beynəlxalq müsabiqədə iştirakı tarixində ilk dəfə mahnıda Azərbaycan dilində sətrin olması fərqlilik və yaddaqalan olub.

Qeyd edilib ki, bu mahnı müsabiqəsində qələbəyə nail ola bilməyənlər belə çox uğur qazanır. İndi yarışmada daha çox gənclər iştirak edir. Bu yarışma gənclərin gələcəkdə daha böyük uğurlar qazanmasına təkan verir.

Çıxış edənlər, eyni zamanda, "Avroviziya"nın bir-birinə yaxın ölkələr arasında münasibətlərin daha da güclənməsinə təsir göstərdiyini vurğulayıblar. Bildirilib ki, bu cür tədbirlər ölkənin mədəniyyətini tanıtmaq üçün çox əhəmiyyətlidir. Müsabiqə Azərbaycanın dünyaya öz zəngin mədəniyyətini, adət-ənənələrini, qazandığı uğurları, o cümlədən müasir, demokratik cəmiyyət quruculuğunu təqdim etmək fürsəti verir.




[email protected]