Rusiyanın “Böyük Teatrı”na yeni baş direktor təyin olunub

Bu gündən etibarən Valeri Qerqiyev Vladimir Urini teatrın baş direktoru vəzifəsində əvəz edəcək. V.Urin öz istəyi ilə bu vəzifədən azad olunub.

TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının (RF) Baş naziri Mixail Mişustin ölkənin Xalq artisti, Mariinsk teatrının bədii rəhbəri V.Qerqiyevin beş il müddətinə "Böyük Teatr”ın baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə RF Hökumətinin Teleqram kanalında məlumat verilib.

Məlumata əsasən, teatrın keçmiş rəhbəri V.Urin öz istəyi ilə tutduğu vəzifədən gedib.

V.Qerqiyev 1953-cü ildə Moskvada anadan olub, N.A.Rimski-Korsakov adına Leninqrad Konservatoriyasını (indiki N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası) bitirib. 1977-ci ildə S.M.Kirov adına Leninqrad Dövlət Akademik Opera və Balet Teatrında (indiki Dövlət Akademik Mariinsk Teatrı) işə başlayıb. 1988-ci ildə teatrın baş dirijoru və opera truppasının bədii rəhbəri vəzifələrində çalışıb.

V.Qerqiyev hər il Peterburqda, habelə Rusiyanın digər şəhərlərində və xarici ölkələrdə 300 tamaşa və konsert hazırlayır.

V.Urin isə 2013-cü ilin iyul ayından etibarən Dövlət Akademik Böyük Teatrın baş direktoru vəzifəsini icra edib. Noyabrın 30-da səhnələşdirilən tamaşadan sonra o, kollektivə müraciət edərək vida sözləri söyləyib və həmin günün onun teatrdakı son iş günü olduğunu açıqlayıb.




[email protected]