Hayastan ağır tənəzzül yaşayır

Ermənilərin sosial vəziyyəti daha da ağırlaşaraq ifrat yoxsulluq həddinə çatır

 

Hayastanda sosial-iqtisadi vəziyyətin təhlili aydın göstərir ki, ölkədə inflyasiyanın böyük sürətlə dərinləşməsi fonunda əhalinin maddi gəlirlərində hansısa artım yoxdur. Yaranan fərq nisbəti insanların sosial durumunun daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddində yaşamasına səbəb olmaqdadır. Rəsmi dairələr də inflyasiya prosesinin nəzarətdən çıxdığını, vəziyyətin ağırlaşdığını etiraf edirlər. 
Elə mövcud hakimiyyətin səriştəsizliyinin nəticəsidir ki, Hayastan daha bir ili ağır vəziyyətlə başa vurmaq üzrədir. İqtisadçılar 2024-cü ilin də ölkə üçün yaxşı heç nə vəd etmədiyini diqqətə çatdırıblar. Məsələ bundadır ki, ölkədə bu ilin 9 ayında sosial-iqtisadi sahədə müsbətə doğru heç bir dəyişiklik olmayıb. Əhalinin maddi gəlirlərində artım qeydə alınmayıb. Rəsmi dairələr inflyasiya prosesinin nəzarətdən çıxdığını, vəziyyətin daha da ağırlaşdığını etiraf edirlər. Bütün bunların fonunda Hayastanda anti-Rusiya əhvalı artmaqdadır. Erməni saytları Rusiyanın əleyhinə silsilə yazılar dərc edir, siyasətçilər, ziyalılar açıqlamalar verirlər. Məsələn, erməni ictimai xadimi Nikol Livonisyan iddia edib ki, artıq bir çox əcnəbi banklar Rusiyaya görə Hayastanla maliyyə əməliyyatlarından və ümumilikdə əməkdaşlıqlardan yayınmağa başlayıblar: "Bəzi məlumatlara görə, xarici banklar, maliyyə mərkəzlərinin əksəriyyəti Hayastanda sövdələşmə əməliyyatlarından imtina ediblər. Sövdələşmələri davam etdirən yalnız 2-3 bank var. Səbəb ölkəmizdə olan Rusiya kapitalının dövriyyəsidir. Bununla əlaqədar ölkəmizə müəyyən məhdudiyyətlər qoyulub. Əgər daha konkret məlumatınız varsa, bizimlə paylaşın".
Bütün sahələrdə iflasa uğrayan Hayastanda işsizlik böhranı da yaşanır. Ölkədə  gənclərin 44 faizi işsizdir. Qeyd olunur ki, həkimlər, tibb bacıları, mühəndislər, müəllimlər, digər peşə və sənət adamları arasında işsizlik hallarına daha çox rast gəlinir. İşsizlərin arasında qadınların sayı da getdikcə artır. Hesab edilir ki, Hayastanda işsizlər arasında kişilərin azlıq təşkil etməsi təəccüb doğurmamalıdır. Çünki kişilərin əksəriyyəti öz ailəsini dolandırmaq məqsədilə ölkəni tərk edərək Rusiyaya və digər ölkələrə üz tutublar. Xarici ölkələrə gedənlərin sayı bir milyonu  ötüb. 
Belə halda artıq iflic vəziyyətində olan Hayastan iqtisadiyyatının rəqabətə davamlılıq reytinqi aşağı düşməkdədir. Elə ötən ildə də  ölkə iqtisadiyyatının rəqabət imkanları  nəzərəçarpacaq dərəcədə zəifləyib. Buna səbəb dövlət rəsmilərinin korrupsiyaya qurşanması, qanunun aliliyi ilə bağlı problemlərin həllini tapmaması və biznes üçün bərabər şəraitin yaradılmamasıdır. Məhkəmə sisteminin müstəqilliyi yarıtmaz vəziyyətdədir, vergilərin toplanmasında korrupsiya halları geniş vüsət alıb, hökumət iqtisadi inhisarçılığa qarşı mübarizə  aparmaqda acizdir.
Hər zaman olduğu kimi, Hayastan xaricdən asılı vəziyyətdədir. Xarici ianə və yardımların kəsiləcəyi halda Hayastanın daha böyük səfalətə sürüklənəcəyi şübhəsizdir. Əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır.




[email protected]