SON XƏBƏRLƏR
Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Bolqarıstan münasibətləri davamlı inkişaf edir

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, dünyanın bir çox ölkələri Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Son illərdə Azərbaycan-Bolqarıstan münasibətləri də uğurla inkişaf etməkdədir. Prezident İlham Əliyevin aprelin 25-də bu ölkəyə işgüzar səfəri qarşılıqlı əlaqələrin sürətli inkişafının göstəricisidir.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ictimaifikir.azaçıqlamasında deyib.

Deputat bildirib ki, dövlətimizin başçısının səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da genişləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək. Səfər çərçivəsində Azərbaycan Prezidenti bolqarıstanlı həmkarı ilə təkbətək görüşündə ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri olduğunu vurğulayan Sevinc Fətəliyeva qeyd edib ki, Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövrdə iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə dinamik inkişaf edib. Bir sözlə, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.

"Azərbaycanın uğurlu enerji siyasəti Bolqarıstan üçün də faydalıdır. Yunanıstan-Bolqarıstan interkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək. Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri çərçivəsində aprelin 25-də Sofiyada "Bulgartransgaz” (Bolqarıstan), "Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream” (Slovakiya) ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Prezident İlham Əliyevin imzalanma mərasimində dediyi kimi, Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bolqarıstan Prezidenti Rumen Radev isə Azərbaycanın təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşı olduğunu vurğuladı. Dövlət başçısı bu hadisəni Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqələndirdi. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Bolqarıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və davamlı inkişaf edir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.




[email protected]