"Gazelli Art House” Aida Mahmudovanın Alister Hiksin kuratorluğu ilə keçirilən "Liminality” solo-sərgisində yeni əsərlərini böyük məmnuniyyətlə təqdim edib.
ictimaifikir.az xəbər verir ki, A.Mahmudova sürətlə müasirləşən ölkəsinin unudulmuş və əlçatmaz guşələrindən bəhs edərək incəsənətdən bu misilsiz mühitdə mövcud olmaq və yaşamaq üçün stabillik hissini ifadə etmək məqsədilə istifadə edir. İncəsənət sərhəd tanımır və rəssama fərqli kommunikasiya üsullarından istifadə etmək imkanı verir.
Rəssam məkan anlayışını dərindən araşdırır. Mahmudova bunu belə izah edir: "Biz məkandayıq, paralel dünyalarda mövcudluğumuzu saxlayırıq və məkan bizim daxilimizdədir”. Məkan reallıq və illüziyalar haqqında təsəvvürləri formalaşdıraraq insanın maddi və ya mənəvi olduğu yer ola bilər. Mark Ojenin "yersizlik” konsepsiyasında insan münasibətlərinin insan qavrayışları ilə kəsişmə nöqtəsi kimi keçid və ya hüdudların kandarında olmaq ideyası qismən nəzərdən keçirilir.
Mahmudova şəxsi və ictimai, yer və yersizlik, məkan və məkansızlıq ideyalarının qarşılaşdırılması ilə məşğuldur. Mark Ojenin yersizlik konsepsiyası keçid ideyasını araşdırır, məkansızlıq ziddiyyətli "ev” və mənsubiyyət hissinə əks gələrək "yuva qurmaq” ideyasını inkar edir. Bu məkan hər kəs üçün bərabər şəkildə yad olsa da, kimsə özünü burda "nisbətən rahat” hiss edə bilər.
Mahmudova sərhədlər və ya əksliklərin qarşılaşması, hüdudların aşılmasını işıqlandıraraq keçidin baş verdiyi və istiqamətin itirildiyi məkanları araşdırır. Əsası Arnold Van Gennep tərəfindən qoyulmuş keçid mərasimləri (1909) insan həyatının üçmərhələli keçiddən ibarət olduğunu ifadə edir.
Burada sərhəd keçidin özüdür. Sərhədlərin üfüqü həm məkan, həm də zaman ölçülərinə malikdir və müxtəlif subyektlərə - insanlara, icmalara, cəmiyyətlərə və sivilizasiyalara şamil edilə bilər. Təbiət isə, əksinə, stabillik, zamansızlıq və açıq məkan hissinə malikdir. Mahmudova ilham mənbəyi kimi tez-tez təbiətə müraciət edir.
"Hər şey rəssam və mühitdən asılıdır. Mənimlə ətrafımdakılar arasındakı bitməyən münasibətlər əbədi söhbəti xatırladır. Hər iki tərəf bütün varlığı ilə iştirak edir. Hərəkətin özü təmiz yaradılış aktı forması alır. Bu isə öz növbəsində sənə qarşında açılan yeni üfüqlərlə həqiqi və sərbəst ünsiyyətdə olmaq kimi unikal imkan verir. O, bizi indiki zamanda əlaqələndirir və birləşdirir, bizə çoxtərəfli, gözlənilməz və gözəl nəticələr verir”,- deyə Aida Mahmudova bildirib.
Sərgi mayın 14-dək sənətsevərlər üçün açıq olacaq.
Qeyd edək ki, əsası 2010-cu ildə Mila Əsgərova tərəfindən qoyulmuş Londondakı "Gazelli Art House” dünyanın müxtəlif guşələrindən olan rəssamları dəstəkləyərək, incəsənət fəaliyyətinin zirvələrinə çatmış sənətkarlara xüsusi diqqət göstərərək, onların əsərlərini yeni auditoriyalara təqdim edərək Meyferə yeni perspektiv gətirib. Bakıda da təmsil edilən qalereya bu coğrafiyanı birləşdirən zəngin linqvistik, dini və tarixi bağların daha dərindən anlaşılması üçün Azərbaycan və qonşu ölkələrin incəsənətinin təşviq edilməsi üzərində çalışır. Qalereya 2015-ci ildən başlayaraq GAZELL.iO onlayn platforması vasitəsilə rəqəmsal incəsənət sahəsində çalışan sənətkarları da dəstəkləyir. Yaxın keçmişdə - 2020-ci ildə qalereyanın GAZELL.iO Layihə Məkanı və Virtual Reallıq Kitabxanası yaradılıb. Bu, Meyferdə rəqəmsal incəsənətə həsr edilmiş ilk daimi incəsənət evidir.