SON XƏBƏRLƏR
Rəsmi Bakı Qarabağa “referendum” izləməyə gələnləri araşdırır

Hikmət Hacıyev: "Həmin ölkələrin xarici işlər nazirliklərinə müvafiq müraciətlər və etirazlar göndəriləcək”


İşğaldakı Azərbaycan torpaqlarında fevralın 20-də keçirilmiş qanunsuz "konstitusiya referendumu” ilə bağlı rəqəmlər açıqlanıb. Novator.az-ın məlumatına görə, işğalçı rejim qeyri-qanuni aksiyaya 79,4 min nəfərin qatıldığını iddia edir. Bu, səsvermə siyahısına salınmış 102,7 min nəfərin 76 faizindən çoxdur.


87,6 faizin "konstitusiya” dəyişikliklərinə tərəfdar çıxdığı vurğulanır. Erməni mənbələri "referendum”u 104 xarici, 103 yerli müşahidəçinin, 80-dən çox jurnalistin izlədiyini bildirir.


Yeni "konstitusiya” layihəsinə görə, bölgənin adı dəyişir. Separatçı rejim "Dağlıq Qarabağ Respublikası” adını ikinci plana keçirir, "Arsax Respublikası” əsas ad olur, işğalçı rejim "prezident respublikası”na çevrilir.


Dağlıq Qarabağ vilayəti 1991-ci il sentyabrın 2-də özünü müstəqil dövlət elan edib. Ermənistan silahlı qüvvələri bu bölgəni və daha 7 rayonu zəbt edib. İşğalçı rejim 1991-ci ildən indiyəcən seçki adı altında daha 19 qanunsuz aksiya keçirib: 6 "parlament seçkisi”, 5 "prezident seçkisi”, 6 "bələdiyyə seçkiləri”, 2 "referendum”.


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) qabaqcadan bu cəhdin qanunsuz olduğunu dünyaya bəyan etmişdi. Nazirliyin mətbuat katibi Hikmət Hacıyev Dağlıq Qarabağda keçirilən "referendum”a münasibət bildirərkən "Yeni Müsavat”a bunları söylədi: "İşğal altında keçirilən bu ”referendum" bütün beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə rədd edildi və onun nəticələri qəbul olunmadı. Yəni Ermənistan özünü və beynəlxalq ictimaiyyəti aldatmaqla siyasi təxribat xəttini davam etdirdiyini bir daha sübut etdi".




[email protected]