Ruhani Ermənistana niyə getdi?

İran prezidentinin Ermənistan səfəri İsrail baş nazirinin Bakı səfəri ilə əlaqəlidir

Elxan Şahinoğlu: «İri dövlətlərin rəhbərləri Cənubi Qafqaza səfər edəndə, bu bölgə əhəmiyyətli səfər kimi qiymətləndirilməlidir»


Bu gün İran prezidenti Həsən Ruhani regional səfəri çərçivəsində Ermənistana gedib.

İranın İRNA agentliyi prezident Ruhaninin bölgə səfərinin ilk mərhələsində Ermənistan prezidenti Serj Sarkisyanla münasibətlərin möhkəmlənməsi və əməkdaşlıq məsələlərini müzakirə edəcəyini bildirir.

Qısa zaman kəsiyində İran prezidentğinin Ermənistana, İsrailin baş nazirinin isə Azərbaycana səfəri maraq doğurur. Özü də onu vurğulamaq yerinə düşər ki, Netanyahunun səfəri İran rəsmilərinin kəskin etirazına səbəb olmuşdu.

İki qarşıduran ölkənin başçısının bölgəyə səfərlərini necə dəyərləndirmək olar? Bu regiona nə vəd edir?

elxan-shahinoglu

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, iri dövlətlərin rəhbərləri Cənubi Qafqaz regionuna səfər edəndə, bu bölgə əhəmiyyətli səfər kimi qiymətləndirilməlidir. Məsələn ABŞ Dövlət Departamentinin rəsmisi bölgəyə səfəri zamanı həm Ermənistana, həm də Azərbaycana gəlmişdi: «Amma İsrailin baş naziri yalnız Azərbaycana səfər etdi. Biz İsraildən 5 milyard dollara yaxın silah almışıq. İsrailin neftə olan tələbatının 40 faizini Azərbaycan ödəyir. Bu böyük rəqəmdir. Ona görə İsrailin baş naziri Cənubi Qafqazın başqa ölkəsinə deyil, məhz Azərbaycana səfər edir. İsrailin heç Ermənistanla ciddi əlaqələri də yoxdur. Bütün bunlar isə İrandakı dairələri ciddi narahat edir. Əslində İran prezidenti daha öncə Ermənistana səfər etməliydi. Sanki gözlədilər ki, İsrailin baş naziri səfər etsin, daha sonra Ruhani Ermənistana getsin. Görünür, gözləndi ki, Netenyahu Azərbaycanda nələri danışacaq, hansı müqavilələr imzalanacaq. Məhz bundan sonra sonra Ermənistanla siyasətlərini necə formalaşdıracaqları barədə düşünəcəklər».

İran rəsmilərinin İsrail baş nazirinin Bakı səfəri zamanı verdiyi açıqlamaların ölkəmizin daxili işinə qarışması kimi qiymətləndirən E.Şahinoğlu vurğuladı ki, Ruhaninin Ermənistana səfəri zamanı müəyyən anlaşmaların imzalanması mümkündür. Ekspertin fikrincə, bu bir daha İranın ikiüzlü siyasət yürütməsindən xəbər verir: «Sözdə İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Amma əməldə işğalçı dövlətlə əlaqələr daha da dərinləşdirilir. Eyni zamanda müxtəlif dövlətlərin bölgə uğrunda mübarizəsi də qüvvətlənib. İran, Rusiya və Türkiyə XİN rəhbərlərinin son görüşü də diqqətlə izlənilməlidir. Düzdür əsas müzakirə mövzusu Suriya idi. Amma bu format daha sonra Cənubi Qafqaza da tətbiq oluna bilər. Çünki İran regionat oyunçu olmaq istəyir. İran rəsmilərinin həmişə verdiyi bəyanat belədir. Əgər Minsk Qrupu problemi həll edə bilmirsə, qoy bölgə ölkələri bu istiqamətdə addım atsın. Hazırda bölgədə baş verən prosesləri diqqətlə izləməli və hansı dövlətin, hansı marağının olduğunu da özümüz üçün aid etməliyik».


[email protected]