Bakıya emissar axınının ilginc pərdəarxası - saat əqrəbləri yenidən tutuşdurulur

Netanyahu, Hokstayn, İzoria və Roqozin...; Azərbaycandan Rusiyaya verilən yeni incə mesajlar və onların arxasındakı hədəflər; Qarabağ məsələsi hərbi-texniki və energetik təhlükəsizlik məsələləri ilə eyni kontekstdə gündəmə gətirilir - mühüm gəlişmə...

Başa çatmaqda olan həftə Bakıya yüksək və ali rütbəli xarici qonaqların səfərləri baxımından zəngin, hətta bənzərsiz oldu. Həftənin ilk günü Azərbaycana təşrif buyuran İsrail baş naziri B.Netanyahunun ardınca ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn, ondan bir gün sonra Gürcüstanın müdafiə naziri və eyni gündə Rusiya baş nazirinin müavini, prezident Putinin hərbi kuratoru Dmitri Roqozin Bakıda oldular.


Qonaqlar Azərbaycanda ən yüksək səviyyədə qəbul edildilər, görüşlər keçirdilər. Bu görüşlərin hamısı istisnasız olaraq, Azərbaycanın da yer aldığı Güney Qafqaz regionunda təhlükəsizlik, o cümlədən energetik təhlükəsizlik və hərbi-texniki məsələlərlə bilavasitə bağlı olması ilə diqqət çəkir.

***
Ondan başlayaq ki, İsrail baş nazirinin Bakı səfəri daha çox iki hədəf güdüb: 1. Azərbaycanla hərbi və hərbi-texniki, təhlükəsizlik sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi. 2. İsrail təbii qazının tikilməkdə olan Cənub Qaz Dəhlizi (TAP, TANAP) vasitəsilə Avropa bazarlarına çatdırılması - nə barədə ki, baş nazir Netanyahu prezident İlham Əliyevlə görüşdə ölkəsinin istəyini açıq şəkildə bəyan edib.

Ekspertlərə görə, bu istək reallaşa, o zaman TAP və TANAP boru xətləri Rusiyanın inşasına başlamağa hazırlaşdığı “Türk axını”na ciddi alternativ olacaq. Qənaətlərə görə, onsuz da Qərb ölkələri Rusiyanın qaz asılılığını azaltmaq üçün Azərbaycan qazına üstünlük verirlər. Ancaq Azərbaycanın qaz ehtiyatı azdır və Rusiya qazına real alternativ deyil. Buna baxmayaraq, əgər İsrail zəngin qaz yataqlarını da TAP və TANAP-a yönəldərsə, o halda Azərbaycanla Türkiyənin birgə inşa etdikləri boru xətləri kifayət qədər qazla doldurulacaq.

Image result for İlham Əliyev Netanyahu

Maraqlıdır ki, Netanyahudan cəmi iki gün sonra ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi, “Türk axını”nın əleyhdarı kimi tanınan Amos Hokstayn da Bakıda oldu, prezident İlham Əliyevlə görüşdü və Qərbin Cənub Qaz Dəhlizi layihəsinə dəstəyini bir daha ifadə etdi. Eyni zamanda Bakıdan Rusiyaya incə mesajlar verildi.
Rəsmi məlumatlara görə, görüşdə ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb. Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yada salaq ki, Barak Obama administrasiyasında enerji məsələləri üzrə əsas fiqurlardan biridir. O, Azərbaycanda bir neçə dəfə səfərdə olub və 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində iştirak və çıxış edib. Hokstayn Azərbaycan prezidentinin bu layihənin reallaşmasında göstərdiyi mövqeyi həmişə təqdir edib.

Image result for Amos Hokstayn prezident İlham Əliyevlə

Hokstaynın səfəri “Türk axını” layihəsinin Rusiya və Türkiyə tərəfindən rəsmən təsdiqlənməsindən az sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Bəllidir ki, bu il oktyabr iki dövlət “Türk axını” layihəsinin reallaşdırması üzrə müqavilə imzalayıb.

Söhbət həm də qardaş Türkiyənin maraqlarından getdiyindən, təbii ki, Azərbaycan bu anlaşmaya qarşı da həssasdır.

Bu xüsusda ötən ay İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində bəyan etmişdi ki, “Bakı Rusiya-Türkiyə layihəsi olan ”Türk axını" qaz kəmərinin bərpasından məmnundur. O, regionda əməkdaşlığı və təhlükəsizliyi möhkəmləndirəcək". Dövlət başçısı əlavə etmişdi ki, “qonşularımız və dostlarımız tərəfindən həyata keçirilən layihələrə, o cümlədən, ”Türk axını" layihəsinə ancaq şad ola bilərik. Çünki bu, regionda qarşılıqlı əməkdaşlığı və təhlükəsizliyi möhkəmləndirir, ölkələrə regionda daha çox öz iqtisadi və enerji maraqlarını təmin etməyə imkan verir".

Image result for Amos Hokstayn prezident İlham Əliyevlə

Ancaq fakt faktlığında qalır ki, iki layihə hər halda həm də siyasi mahiyyət kəsb etdiyindən, bir-birinə alternativdir. Əksər analitiklər İsrail baş naziri və Dövlət Departamenti rəsmisinin Bakı səfərlərindən dərhal sonra Rusiya baş nazirinin müavini D.Roqozinin Bakı səfərini həm də bu kontekstdə qiymətləndirirlər. Onların fikrincə, Moskva Bakının çoxşaxəli hərbi əməkdaşlıq strategiyası ilə yanaşı, İsrail və ABŞ (Qərb) səviyyəsində dəstəklənən energetik təhlükəsizliyinin möhkəmlənməsindən də əndişəlidr. Çünki o halda Rusiya bölgədə sıxışdırılmış kimi görünür.

***

Rusiya əlbəttə ki, regionda Bakı-Tiflis-Ankara hərbi əməkdaşlığının dərinləşməsinə də isti baxmır - hansı əməkdaşlıq ki, xüsusən də son illər genişlənməyə üz tutub. Ən azı ona görə ki, Türkiyə NATO blokunun aparıcı üzvlərindən biri, Gürcüstan isə NATO-ya üzv ərəfəsində olan dövlətdir. Tiflisin İsraillə də hərbi-texniki sahədə əlaqələri mövcuddur.

Bu mənada Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətinin Bakı səfərinə də Moskvada laqeyd yanaşılmadığı dəqiqdir. Yeri gəlmişkən, İlham Əliyevlə görüşdə gürcü hərbi nazir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirib və Azərbaycanın da Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib, Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllini vurğulayıb.

Gürcüstan müdafiə nazirinin xaricə ilk rəsmi səfərini məhz Azərbaycana etməsi də diqqətdən yayınmayıb. Bu faktı ölkələrimiz arasında münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirən prezident Əliyev strateji dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində uğurlu inkişafından məmnunluq bildirib.

Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib.

Image result for Gürcüstanın müdafiə naziri

Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı məxsusi qeyd edib ki, Minsk Qrupunun həmsədr ölkələri dəfələrlə status-kvonun qəbuledilməzliyini və onun dəyişilməsinin vacibliyini bəyan ediblər və bu yanaşma münaqişənin nizama salınmasının əsasını təşkil etməlidir. Prezident ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

***



Beləcə, rəsmi Bakı və Tiflis regionda separatizmin və bölücülüyün əsas körükləyicisi olan Moskvaya bir daha aydın mesaj verib ki, region ölkələrinin ərazi bütövlüyü və suverenliyini qulaqardı eləməklə, işğalı və separatçılığı müdafiə eləməklə Rusiya bölgədə heç bir dövlətlə dərin əməkdaşlığa ümid edə bilməz. Roqozinin Bakı səfəri ərəfəsində verilən bu mesaj xüsusi önəm daşıyır. Bu mənada Bakıya artan emissar səfərlərini saat əqrəblərinin yenidən tutuşdurulması kimi də qiymətləndirmək mümkündür.


[email protected]