15 iyun - şanlı tariximizin dönüş anı














Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 33 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Milli Məclisin Sədri seçilib. Həmin gün Ulu Öndər çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.

İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə hərcmərclikdən hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Hakimiyyətin vəziyyəti nəzarətə almaq üçün atdığı tələsik addımlar situasiyanı düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Bununla da uzun müddət davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və parlament bu təklifi bəyəndi. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ruhun və ideologiyanın yüksəlişinə təkan vermişdir.
Respublikamızın vətəndaşları hər il 15 iyun - Milli Qurtuluş Gününü təntənə ilə qeyd edirlər. Bu gün bütün ictimaiyyət haqlı olaraq dərin iftixar və qürur hissi keçirir. Çünki Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan iqtisadiyyatı və sosial sahələr surətlə inkişaf etmiş, içtimai-siyasi sabitlik bərqərar olmuşdur. Bu, Heydər Əliyevin böyük idarəetmə bacarığının, qətiyyətinin səmərəli bəhrəsidir. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.
1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, həmin gün şanlı tariximizin dönüş anı kimi daxil oldu. 

Azərbaycan xalqının Milli Qurtuluş Günü Azərbaycan 6 Respublikasında rəsmi bayramlardan biri kimi 1997-ci ilin 15 iyunda bayram elan edilib. Bayrama 1998-ci ildən dövlət statusu verilib.
Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi formada düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Ulu Öndər Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.

Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri,

“Ümumi kimya və kimyanın tədrisi texnologiyası” kafedrasının müdiri,
kimya üzrə fəlsəfə doktoru, dosent

15.06.2026




ictimaifikir.az@mail.ru