"Gernika” mükafatı Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və ardıcıl siyasəti nəticəsində Azərbaycanın regionda formalaşdırdığı sülh strategiyasına verilən yüksək beynəlxalq qiymətin bariz ifadəsidir
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi hər iki ölkə ilə bərabər, həm də bütövlükdə Cənubi Qafqaz regionu üçün də olduqca önəmli hadisədir. Bu mükafat iki ölkə arasında sülhün bərqərar olması səylərinə görə Azərbaycan və Ermənistan liderlərinə verilib. Xatırlayırsınızsa, bundan əvvəl isə hər iki lider “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilmişdi.
Əslində, bu mükafatların əsas nominantı İlham Əliyevdir. Çünki məhz Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və yaratdığı güclü ordu nəticəsində Ermənistanın təcavüzkar siyasətinin qarşısı alındı, 30 illik işğala son qoyuldu, regionda sabitlik təmin olundu və real sülh üçün şərait yarandı. Azərbaycan liderinin sülh təşəbbüsləri regionda yeni reallıqlar formalaşdırmaqla yanaşı, bütövlükdə Cənubi Qafqazı qlobal inteqrasiya və əməkdaşlıq yoluna çıxarıb. Ona görə də ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar da Azərbaycanın Cənubi Qafqazda sülh vəziyyəti yaratması, regionda sabitliyə nail olması və əməkdaşlıq imkanlarını genişləndirməsini əsas kimi götürərək İlham Əliyevi sözügedən mükafatlarla təltif edirlər.
Paşinyan isə bu proseslərdə sadəcə fon və ya dekorasiya rolunu oynayır və məhz İlham Əliyevin sülh siyasətinin nəticəsində mükafat alır. Çünki o, məhz İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsində sülh xəttini seçməyə məcbur olub. Yoxsa, əsl həqiqətdə isə Paşinyanın uzun müddət sülhə zidd mövqe tutduğunu və sülh prosesini müxtəlif bəhanələrlə yubatdığını hər kəs yaxşı bilir.
İlham Əliyevin bu mükafata layiq görülməsi onun halal haqqıdır. Ona bu mükafatın verilməsi Azərbaycanın ədalətə, dialoqa və qarşılıqlı etimada əsaslanan siyasətinin beynəlxalq səviyyədə tanınmasının nəticəsi kimi izah olunur. Bu da Gernika mükafatının tarixi missiyası ilə uyğun gəlir. Söhbət müharibə faciələrindən sonra barışıq və etimad quruculuğunu təşviq etməkdən gedir. Gernika mükafatı tarixi bir faciədən doğan sülh simvoludur, İlham Əliyevin mükafatlandırılması isə Azərbaycanın regionda sülh təşəbbüslərinə verilən beynəlxalq qiymət kimi təqdim edilir.
Bildiyiniz kimi “Sülh və Barışıq üçün Gernika mükafatı” ispan şəhəri olan Gernika şəhərinin tarixi faciəsini yad etmək və sülh təşəbbüslərinə töhfə verən şəxsləri tanıtmaq məqsədi ilə təsis olunub. Mükafatın təsis edilməsində əsas hədəf müharibə dəhşətlərini unutmamaq, xalqlar arasında dialoqu təşviq etmək və sülhə töhfə verən şəxsləri tanıtmaqdır. Ötən əsrin 90-cı illərindən bəri bu mükafat müxtəlif liderlərə, ictimai xadimlərə və sülh fəallarına (o cümlədən, məşhur sülh carçısı - 27 illik həbsdən sonra Cənubi Afrikada aparteid rejiminin ləğvi və milli barışığın qurulmasında əsas fiqurlardan birinə çevrilən Nelson Mandela, habelə uzun illər UNESCO-nun baş direktoru kimi fəaliyyət göstərən, qlobal sülh və mədəni dialoq təşəbbüslərini təşviq edən ispaniyalı siyasətçi Federico Mayor Saraqosa kimi görkəmli şəxslərə) təqdim edilib. İlham Əliyevin mükafatlandırılması isə onun Azərbaycan-Ermənistan sülh prosesindəki aparıcı rolu ilə əlaqələndirilir.
Azərbaycan-Ermənistan sülh prosesi regionda sabitliyin dönməz xarakter almasına, tərəflər arasında etimad quruculuğunun davam etdirilməsinə, iki ölkə arasında kommunikasiya xətlərinin açılmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə, ticarət və humanitar əlaqələrin inkişafına şərait yaradır. Bütün bu proseslərdə isə məhz İlham Əliyev həlledici fiqur kimi çıxış edir. Azərbaycan liderinin son illərdə Cənubi Qafqazda sülh və sabitlik istiqamətində atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir. “Sülh və Barışıq üçün Gernika mükafatı” da bu qiymətin göstəricisidir.
Tarixi ədalətin bərpası, regionda davamlı sabitliyin təmin olunması və sülh mühitinin formalaşdırılması istiqamətində Azərbaycanın atdığı addımlar bu gün beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi də məhz bu siyasətə verilən növbəti mühüm dəyərin ifadəsidir. Bu, təkcə diplomatik uğur deyil, eyni zamanda Cənubi Qafqazda yaranmış yeni reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul olunmasının aydın göstəricisidir.
Gernika şəhərinin tarixində iz buraxmış faciələr, dinc insanlara qarşı törədilən vəhşiliklər bəşəriyyət üçün unudulmamalı dərslərdir. Otuz ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış və müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı sülhün və barışığın dəyərini dərindən anlayır. Lakin dövlət başçımızın müraciətində vurğuladığı kimi, müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit, təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalı, bəşəriyyət qarşısında sülh və barışıq naminə ortaq məsuliyyət hissi aşılamalıdır.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs artıq yalnız bəyanatlar səviyyəsində deyil, real nəticələr müstəvisində özünü göstərir. Regionda münasibətlərin normallaşması, əməkdaşlıq imkanlarının genişlənməsi və qarşılıqlı etimad mühitinin formalaşması bu siyasətin əsas uğurları sırasında yer alır. Münaqişədən sonrakı dövrdə dialoqun təşviqi, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin inkişafı sülhün praktik nəticələr verdiyini nümayiş etdirir.
Bu gün yaşıl enerji sahəsində təşəbbüslər, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, regional əməkdaşlıq platformalarının gücləndirilməsi ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
"Gernika” mükafatı Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və ardıcıl siyasəti nəticəsində Azərbaycanın regionda formalaşdırdığı sülh strategiyasına verilən yüksək beynəlxalq qiymətin bariz ifadəsidir. Bu mükafat bir daha təsdiqləyir ki, ədalətə, dialoqa və qarşılıqlı etimada əsaslanan siyasət daim dəstək qazanır. Azərbaycan bundan sonra da regionda dayanıqlı sülhün, təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində qətiyyətli və ardıcıl addımlarını davam etdirəcək.

Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı
28.04.2026
ictimaifikir.az@mail.ru