Səmədova Könül İbrahim qızıADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı, "Azərbaycan Qadını” media medalı mükafatları laureatı2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun
(Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.
Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.

Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı" poemasını yazmışdır. 1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranmış və bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilmişdir. 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri də Səməd Vurğun olmuş və o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.
Gəlin, biz də ana yurdumuzun hər guşəsinə Günəş şəfəqləri tək öz şöləsini yayan bu poeziyanın nurundan bəhrələnək, Vurğun yaradıcılığının zirvəsinə; şeirlərə, hikmət dolu misralara, müdrik kəlamlara ucalaq... Gəlin, ürəyi, qəlbi, könül dünyası uca qüdrətin nəfəsi ilə sehrlənmiş sözlə dolu “elə bağlı sənətkar”ın şirin, məlahətli və melodik səslənən ahəngdar şeir dilinə nəzər salaq:
De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana ceyran!?Nə qədər böyük hikmət! Nə qədər şirin, duyğusal ifadələr! Şair qələminin qüdrəti ilə ucalan, yüksələn, qüdrətlənən, şöhrətlənən ana dilimiz!
Budur dilimizin Səməd Vurğun zirvəsi! Budur “hər kəlməsi, hər sözü mehriban anamızın təbəssümü ilə bəzənmiş”dilimizin ecazkarlığı, onun sehri, ürəkləri fəth edə biləcək əzəməti, mənəviyyatımızı durulaşdıracaq, saflaşdıracaq möhtəşəmliyi! Həm də bu misralarla şair bizlərə estetik tərbiyə aşılayır, estetik hissiyatımızın yaradılmasına, gözəllik barədə duyğularımızın formalaşdırılmasına xidmət etmiş olur.
Səməd Vurğunun yaradıcılığında ana dili milli mənliyin, tarixi yaddaşın və mənəviyyatın təməli kimi çıxış edir. O, Azərbaycan dilinin zənginliyini, şirinliyini və xalq ruhunu bədii dilin ən yüksək zirvəsinə qaldıraraq, aşıq poeziyası və xalq danışıq dilindən ustalıqla istifadə etmiş, dili millətin dirilik mayası kimi vəsf etmişdir.
Dil Vurğun üçün təkcə ünsiyyət vasitəsi deyil, milli mənliyin və mənəviyyatın daşıyıcısıdır. Onun əsərlərində ana dili doğma Vətən anlayışı ilə bütövləşir.
Folklorla Bağlılıq: Şairin dilində bayatı üslubu, aşıq poeziyası və dastan motivləri (xüsusilə "Koroğlu" ruhu) geniş yer tutur ki, bu da ana dilinin ənənəvi çalarlarını qoruyub saxlayır.
Poetik Dilin Zənginliyi: Vurğun xalqın danışıq dilindəki incəlikləri, sözlərin məna çalarlarını dəqiq ifadə edərək, bədii dilin sadəliyini və axıcılığını təmin edən mütəfəkkir şair kimi tanınır. Onun şeirlərində (məsələn, "Azərbaycan" şeiri) dil, torpaq və xalq birliyi tərənnüm olunur, ana dili milli qürur mənbəyi kimi göstərilir.
S.Vurğun hər zaman söz axtarışında olub. Axtarışda şairin qarşısına bayatı çıxıb, onun söz dünyasına atalar sözləri, nağıllar, qoşma və gəraylılar boylanıb. “Dədə Qorqud və Füzuli, Aşıq Ələsgər və Vaqif... bu sözün əbədi yolu kimi onu ölməzliyə yönəldib. Bu adamların taleyi Azərbaycan dilinin taleyidir”. Ömrü yaratdığı şeir, həyatı danışdığı dil qədər olan xoşbəxt sənətkarlardan biri olaraq S.Vurğun poeziyamızda “bülbülü susmayan bir gülüstan”dır.
Qədim yunan alimi Arximed demişdir ki, mənə istinad nöqtəsi verin, Yer kürəsini öz məhvərindən qoparım. S.Vurğun isə poeziyada xariqələr yaratmaq üçün özünə dayaq nöqtəsi kimi ana dilimizi seçmiş, bir baza olaraq ona istinad etmiş, onun imkanlarından məharətlə yararlanmışdır.
”Vurğunu düşünərkən” canımızla, qanımızla yazdığımız Azərbaycanımızı düşünürük, “ana gözlərindən süzən nur kimi ürəyimizə hopan” dilimizi düşünürük, bizlərdə incə, zərif, gözəl hisslər, duyğular yaradan füsunkar təbiətimizi düşünürük, özümüzü - varlığımızı düşünürük:
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal səni...Dilimizin Səməd Vurğun zirvəsi!Öz ürək sözlərimi ulu öndər Heydər Əliyevin şair haqqında dediyi fikirlər ilə bitirmək istərdim:
“Səməd Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca insan coşur, həyəcanlanır.
S.Vurğun əgər bu günləri-Azərbaycanın müstəqilliyini, azadlığını görmədisə də, onun ruhu bu gün bizimlədir”.
S. Vurğun yaradıcılığı Azərbaycan ədəbi dilinin saflığının qorunması və zənginləşməsində xüsusi "zirvə" hesab olunur.
10.04.2026