Şəhidlərimizin qəhrəmanlığı, milli iradə və dövlət siyasətinin zəfərə aparan yolu
Tağıyeva Samirə Cəmil - Cahid qızı
ADPU Riyaziyyatin ibtidai kursunun
tədrisi texnologiyası kafedrassnın dosenti
Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı bildirmişdir: «Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq”.«Mən Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman demişdim ki, mənim üçün Prezident və Ali Baş Komandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki torpaqlarımız işğal altındadır, danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə biz bu məsələni həll etməliyik. Bunu illər boyu bəyan edirdim, çalışırdım Ermənistan rəhbərliyi, nəhayət anlasın ki, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi, Azərbaycan Ordusu bu işğalla heç vaxt barışmayacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik», – dövlət başçısı vurğulayıb.“Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm”. Bəli, bu Ali baş Komandanın işğalçı və təxribatçı dövlətə qətiyyətli mesajı idi.
Azərbaycanın müasir tarixində 2016-cı ilin Aprel döyüşləri xüsusi yer tutur. Bu döyüşlər təkcə cəbhə xəttində əldə olunan hərbi uğur deyil, həm də xalqın milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və şəhidlərimizin misilsiz qəhrəmanlığının təcəssümü kimi yadda qalıb. Bu gün Aprel döyüşlərinin ildönümündə Azərbaycan xalqı Vətən uğrunda canından keçən bütün şəhidlərini, o cümlədən qəhrəman generallarımızı və zabitlərimizi dərin ehtiramla yad edir. Aprel döyüşləri Ermənistanın növbəti hərbi təxribatına Azərbaycan Ordusunun verdiyi qətiyyətli cavab idi.
Qısa müddətdə həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində strateji yüksəkliklər və mühüm ərazilər işğaldan azad edildi, bu hadisə uzun illər davam edən status-kvonun dəyişməz olmadığına dair həm regiona, həm də beynəlxalq ictimaiyyətə ciddi mesaj verdi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif ediliblər. “Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”,- deyən dövlət başçısı bildirmişdir ki, Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüşdə deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".Həqiqətən də, dövlətimizin başçısının dediyi kimi, Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.
Bu döyüşlərdə Azərbaycan əsgərinin qəhrəmanlığı, zabit heyətinin peşəkarlığı xüsusi vurğulanmalıdır. Qəhrəmanlıq salnaməsində öz adı ilə əbədiləşən şəxsiyyətlərdən biri də general-mayor Polad Həşimov oldu. General Həşimov yalnız bir hərbçi deyil, həm də vətənpərvərliyin, liderliyin və xalqına bağlılığın simvoluna çevrildi. Onun və digər şəhidlərimizin göstərdiyi fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq və gələcək nəsillərə örnək olacaq.
Aprel döyüşləri həm də xalq-ordu birliyinin ən yüksək səviyyədə təzahürü idi. Həmin günlərdə minlərlə gəncin könüllü olaraq cəbhəyə yollanmaq istəyi, cəmiyyətin bütün təbəqələrinin dövlətin yanında olması Azərbaycanın milli həmrəyliyinin gücünü nümayiş etdirdi. Bu birlik yalnız hərbi uğurlara deyil, həm də siyasi mövqeyin möhkəmlənməsinə xidmət etdi. Bu uğurların təməlində isə düşünülmüş və ardıcıl dövlət siyasəti dayanır. Azərbaycan Respublikasının cənab Prezideni İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin hərbi potensialı əhəmiyyətli dərəcədə gücləndirildi. Ordunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi, hərbi kadrların peşəkarlığının artırılması Aprel döyüşlərində əldə olunan qələbənin əsas amillərindən biri oldu.
Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət də bu prosesdə mühüm rol oynadı. Azərbaycan beynəlxalq müstəvidə öz haqlı mövqeyini ardıcıl şəkildə müdafiə edərək, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalı olduğunu daim gündəmdə saxladı. Bu siyasət nəticəsində Azərbaycan həm diplomatik, həm də hərbi sahədə üstün mövqe qazandı.
Aprel döyüşləri eyni zamanda 2020-ci ildə baş vermiş Vətən müharibəsinin başlanğıc nöqtəsi kimi qiymətləndirilir. Dörd günlük müharibə zamanı əldə olunan hərbi təcrübə, psixoloji üstünlük və strateji mövqelər sonrakı böyük zəfərin əsasını qoydu. Bu baxımdan Aprel döyüşləri Azərbaycanın zəfər yolunun mühüm mərhələsidir.
Bu gün Aprel döyüşlərinin ildönümündə bir daha aydın görünür ki, şəhidlərimizin qanı yerdə qalmadı. Onların fədakarlığı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, regionda yeni reallıqlar yaratdı və milli qürurunu bütün dünyaya nümayiş etdirdi.
Aprel döyüşləri, şəhidlərimizin qəhrəmanlığı və dövlət başçısının həyata keçirdiyi uzaqgörən siyasət bir-biri ilə vəhdət təşkil edərək Azərbaycanın tarixi qələbələrinə yol açdı. Bu gün hər bir azərbaycanlı bu qürurverici tarixi həm ehtiramla yad edir, həm də gələcəyə daha böyük inamla baxır. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların uğrunda can verdiyi Vətən isə əbədi olaraq var olacaq.
05.04.2026
[email protected]