Şanlı aprel zəfərindən 10 il ötür
Sevinc Hacıyeva
Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi, məktəbin ATiAHI sədri,
"Sülhün Memarı İlham Əliyev" media mükafatı laureatı
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.
Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi.
Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.
Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı.
Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirdi.
Qəhrəmanlıq salnaməsi kimi xalqımızın tarixinə düşən 2016-cı il Aprel döyüşlərinin 6-cı ildönümü tamam olur. 2016-cı ilin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıldığı Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti qələbə sayəsində Böyük Qayıdışa start verilməsi oldu. Xalqımızda Qarabağın işğaldan azad olunması ilə bağlı inamı daha da artıraraq ordumuzda ruh yüksəkliyi yaradan bu döyüşlərdə Ermənistanın yaratdığı "keçilməz sədd"i ordumuz dağıtdı və Azərbaycan Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Ən önəmlisi isə odur ki, Suqovuşan-Ağdərə istiqamətində gedən yollar Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçdi. Aprel ayında əldə edilən qələbə növbəti zəfərin müjdəsi olmaqla bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağı günün uzaqda olmadığını göstərdi.
Aprel döyüşləri, uzun illərdən bəri ölkə Prezidenti , Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edən ordu quruculuğu sahəsində həyata keçirilən islahatların və müasir hərbi-texniki bazanın gücləndirilməsi nəticəsində nələrə qadir olduğumuzu və Azərbaycanın, ərazi bütövlüyünü bərpa etməkdə nə dərəcədə istəkli olduğunu bütün dünya anlatdı. Bütün qonşularımız, o cümlədən də Ermənistanın havadarları tam olaraq anladılar ki, Azərbaycan nəyin bahasına olursa olsun torpaqlarnı işğaldan azad edəcək ki, xalqımız bunu 44 günlük Vətən müharibəsində tam sübut etmiş oldu.
Ən əsası isə odur ki, Aprel döyüşləri zamanı Xalq-Lider-Ordu birliyinin vəhdətinin şahidi olduq. Bu birlik nəticə etibarı ilə bizə həm Aprel Zəfərini, həm də Vətən müharibəsi zamanı möhtəşəm Qələbəni qazandırdı.
Bu illər ərzində səbirsizliklə dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmrini gözləyən vətən oğulları 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıq, şücaət nəticəsində 30 ilin işğalına son qoyaraq bunun böyük hazırlığın, döyüş ruhunun, torpaq, Vətən sevgisinin, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsi olduğunu dünyaya göstərdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, torpaqlarımız tarixi sahibindədir, azaddır və yenidən canlandırılaraq, dirçəldirilir.
Ümumilikdə aprel döyüşləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Orduya göstərdiyi diqqəti, Silahlı Qüvvələrimizin yüksək doyüş qabiliyyətini, eləcə də işğal edilmiş ərazilərimizi hər an azad etməyə qadir olduğunu nümayiş etdirdi. Aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcı qoyuldu.
Uğurlu Aprel qələbəsindən sonra daha da ruhlanan Azərbaycan Ordusu dörd il sonra daha böyük zəfər qazandı.
Aprel döyüşləri 2020-ci ilin sentyabrın 27-də başlanan Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəmizə gedən yolda açar rolu oynadı. Aprel döyüşlərində düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırdı. Aprel döyüşlərində qazanılan təcrübəni ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.
İkinci Qarabağ müharibəsində Böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilir və təqdir olunur.
Aprel döyüşləri Ermənistanın oyuncaq dövlət regionda başqalarının sifarişini yerinə yetirən, ianə ilə dolanan vassal olduğunu açıq-aşkar göstərdi. Həmin məqamda Türkiyə, Pakistan, Ukrayna və başqa dövlətlərin Azərbaycanla dost, sarsılmaz müttəfiq olduqları bir daha təsdiqləndi və s.
Azərbaycan Aprel müharibəsi ilə regionda maraqları olan dövlətlərə və ermənlərin havadarlarına sübut etdi ki, regionun təhlükəsizliyi daha çox Azərbaycandan asılıdır. Cənubi Qafqazda işğalçılıq yolu tutan, təhlükəsizliyi və əməkdaşlığı təhdid edən, dinc yanaşı yaşamağa mane olan dövlət isə Ermənistandır. Rəsmi Bakı Aprel hadisələri ilə ədalətsiz yol tutan beynəlxalq güclərə, erməni lobbisinə, onların havadarlarına öz ərazilərini hərb yolu ilə azad etməyə qadir olduğu mesajını verdi. Bu müharibədə Ermənistan hərb maşını sındırıldı. Dördgünlük müharibə 4 ildən sonra 44 günlük Vətən müharibəsi ilə davam etdi və Bakıda möhtəşəm Qələbə paradı ilə yekunlaşdı. Bununla da haqq-ədalət öz yerini tutdu.
Ancaq burada bir nüansı qeyd etməliyik ki, Azərbaycan cəmiyyətində hər ilin aprel ayı əvvəllər bir məyusluq da yaradırdı. Yaddaşımızdan çıxara bilmərik ki, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətini ermənilərlə bolşeviklər işğal edərək qanuni xalq hakimiyyətini zorla deviriblər. Ancaq 2016-cı ilin Aprel döyüşlərinin misilsiz qəhrəmanları bu ayı Azərbaycana şərəfli tarix olaraq təqdim etdilər.
Dördgünlük müharibə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini göstərməklə bərabər, onun əhval-ruhiyyəsini xeyli yüksəltdi. Bu qalibiyyətli döyüş 2020-ci il sentyabr müharibəsinin “baş məşqi” oldu.
04.04.2026
[email protected]