Türk sahibkar: Azərbaycan bazarında yer tutmaq asan deyil
İlk dəfədir ki, Azərbaycana gəlirəm və burada uyğun iş adamları ilə əlaqələr qurub əməkdaşlıq etməyi çox arzulayıram. “B2B” formatlı görüşlər həmişə biznes ilə məşğul olanlar üçün faydalı olur. Azərbaycan dost və qardaş ölkə olduğu üçün burada tərəfdaş tapıb əməkdaşlıq edəcəyimə əminəm.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Bakıda keçirilən “Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və "B2B" görüşləri” tədbirində iştirak edən “Okçu Kosmetik Sənaye” firmasının sahibi Aliyə Okçu deyib.
Onun sözlərinə görə, şirkət olaraq ekoloji təmiz məhsullar hazırlayıb bazara təqdim edirlər.
“Azərbaycan xanımları qonaqpərvər olmaqla yanaşı, həm də baxımlıdırlar. Ona görə də bu tədbirdə tərəfdaş tapıb Azərbaycana məhsul ixrac etməyi düşünürəm. Artıq bir neçə görüşdə Azərbaycanın bəzi bölgələrində zəngin bitki örtüyünün olduğunu bildiriblər. Bir sıra bitkilərdən kimyəvi qatqısız kosmetik məhsul hazırlamaq üçün istifadə olunur və həmin bitkilərin, eləcə də çiçəklərin Azərbaycandan alınması haqqında söhbətimiz olub. İstehsal etdiyimiz məhsullar Yaxın Şərq, Orta Asiya və Afrika ölkələrinə ixrac edilir. Azərbaycan bazarında yer tutmaq asan məsələ deyil. Lakin buna baxmayaraq biz öz məhsullarımızı təqdim edəcəyik. Burada görüşdüyüm iş adamlarının işləri ilə maraqlandım. Azərbaycanda dövlət kiçik biznesə böyük köməklik göstərir. Bu görüşün təşkili də böyük köməklikdir”, - deyə A.Okçu əlavə edib.
[email protected]