QALİB LİDER, QALİB SƏRKƏRDƏ

Rəhimova Rəqibə Cəfər qızı   
Göyçay şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının müdiri,
Heydər Əliyev-100 media mükafatı laureatı

Hər bir liderin gücü təkcə siyasi bacarıqla deyil, həm də qəlbində daşıdığı hiss və duyğularla ölçülür. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycan xalqının qürurunu, kədərini və ümidini paylaşan, duyğularını gizlətməyən bir Lider kimi seçilir. Dövlətin idarə olunmasına yönəlmiş qərarlar qəbul edir, xalqın tarixi, mədəniyyəti və milli yaddaşına hörmətlə yanaşır, insanların sevincinə sevinib, kədərinə şərik olur. Onun şəxsiyyəti möhkəm və kövrək duyğuların harmoniyasını əks etdirir.
Prezident İlham Əliyevin liderlik üslubunu xarakterizə edən əsas cəhətlərdən biri emosional ritorikadan uzaq, rasional və ölçülmüş idarəçiliyə sahib olmasıdır. Siyasi davranışlarında populizmdən çox uzunmüddətli strateji düşüncə üstünlük təşkil edir. Bu xüsusiyyət illərdir daxili idarəetmədə və  xarici siyasətdə ardıcıl və sakit tərzdə müşahidə olunur. Prezidentin siyasi portreti məhz bu səssizliyin içində çəkilib. O, tribunanın yüksəkliyindən deyil, zamanın dərinliyindən danışmağı seçən Lider, tələskənliyin yox, səbrin dövlət idarəçiliyində əsas silah olduğunu sübut edən siyasi fiqurdur. Dövlət başçısının liderlik portreti səbirli strategiya, praqmatik hesablamalar və böhran anlarında soyuqqanlı qərarvermə üzərində formalaşıb. 
Bu mənada keçmiş Dağlıq Qarabağ münaqişəsinin uzun illər diplomatik mərhələdə saxlanılmasını qeyd edə bilərik. Dövlət başçısı 17 il (2003-2020-ci illər) beynəlxalq hüquqa, danışıqlar prosesinə və hərbi-siyasi balansın tədricən dəyişdirilməsinə üstünlük verdi. Yalnız hərbi, diplomatik və iqtisadi üstünlüklər formalaşdıqdan sonra 2020-ci ilin sentyabrında qəti qərar verildi. Bu yanaşma İlham Əliyevin tələskənlikdən uzaq, uzunmüddətli strateji hesablamaya əsaslanan idarəçilik modelinin göstəricisidir. Liderin uzunmüddətli strateji yanaşmasının bariz nümunələrindən biri  də "Cənub qaz dəhlizi" layihəsidir. Layihə illərlə, mərhələli şəkildə planlaşdırılıb, səbirli diplomatiya və iqtisadi hesablamalar üzərində qurulub. Nəticədə Azərbaycan 2020-ci ildən etibarən Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış etməyə başlayıb. 
Əsl liderlik sakit günlərdə deyil, böhran anlarında üzə çıxır. Emosiyalara qapılmadan, zamanın ritmini düzgün oxumaq və doğru anı gözləmək güc tələb edir. İlham Əliyevin siyasi davranışında nümayiş olunan güc səbir kimi görünür, əslində isə bu, möhkəm bir iradədir. Onun səbrində strateji gözləmə var. Bu səbrə uzun yolun başlanğıcı da deyə bilərik.
İlham Əliyevin səbirli lider obrazı hesablanmış gözləmə siyasətindən qaynaqlanır. Müxtəlif mərhələlərdə qəbul edilən qərarlar göstərir ki, o, ani reaksiyalarla deyil, prosesin tam mənzərəsini dəyərləndirərək addım atmağa üstünlük verir. Bu yanaşma xüsusilə böhranlı dövrlərdə daha aydın görünür. Krizis anları Liderin həqiqi portretini açır. Sakit dənizdə hamı kapitan ola bilər. Fırtına isə yalnız gerçək və cəsur kapitanı üzə çıxarır, tanıdır. Cəsur kapitanın - İlham Əliyevin böhran şəraitində rasional və ölçülmüş qərarvermə üslubunun konkret nümunəsi COVID-19 pandemiyası dövründə (2020-2021-ci illər) həyata keçirdiyi dövlət idarəçiliyidir. Operativ Qərargah yaradıldı, mərhələli karantin mexanizmləri tətbiq olundu, səhiyyə infrastrukturu qısa müddətdə genişləndirildi və vaksinasiya prosesi planlı şəkildə başa çatdı. Qərarlar real statistika və risk analizləri əsasında qəbul edildi. Bu yanaşma "sözlər az, addımlar dəqiqdir" prinsipinə əsaslanan praqmatik dövlətçilik üslubunu böhran anında ortaya qoydu.
Daxili sabitliyin qorunması, iqtisadi islahatların mərhələli şəkildə aparılması, regional və beynəlxalq münasibətlərdə balanslı siyasət də məhz həmin praqmatik yanaşmanın nəticəsidir. İlham Əliyev üçün siyasi qərarların ictimai rəğbətindən daha çox dövlətin maraqları və uzunmüddətli nəticələri prioritetdir.  Belə qərarvermə nümunələrindən biri Azərbaycanın balanslı və bloklara qoşulmayan xarici siyasət xəttinin qorunmasıdır. Dövlət başçısı Azərbaycanı hər hansı hərbi-siyasi alyansa daxil etmədi, suveren qərarverməni və manevr imkanlarını saxladı. Nəticədə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi və qlobal platformada müstəqil mövqeyini gücləndirdi. Bu seçim qısamüddətli alqışlara deyil, uzunmüddətli dövlət maraqlarına hesablanmış qərar idi.
Sirr deyil ki, ata irsi Prezident üçün hazır taxt deyil, ağır yükdür. Ulu Öndər Heydər Əliyevin siyasi məktəbi İlham Əliyevin yoluna istiqamət verib. Amma o, bu yolda sadəcə davamçı kimi  addımlamayib, dövrün tələblərinə uyğun yeni məzmun və dinamika formalaşdırıb. Siyasi irsi qorumaqla yanaşı, onu müasir dövlətçilik tələbləri ilə zənginləşdirib və ümumi siyasi xətti fərdi liderlik üslubu ilə davam etdirib. 2012-ci ildə "ASAN xidmət" modelinin yaradılması Prezidentin fərdi liderliyinin bariz nümunəsidir. Bu modelin tətbiqində klassik mərkəzləşdirilmiş idarəetmə fəlsəfəsi saxlanıldı, şəffaflıq, rəqəmsallaşma və vətəndaş məmnuniyyəti əlavə olundu. "ASAN xidmət" qısa müddətdə beynəlxalq səviyyədə tanındı və BMT tərəfindən nümunəvi idarəetmə təcrübəsi kimi qiymətləndirildi. Məhz bu fakt göstərir ki, ata siyasi məktəbi onun üçün dəyişməz sxem deyil, üzərində yeni dövrün tələblərinə uyğun idarəçilik inşa edilən təməl olub.
İlham Əliyev yeni siyasi kurs yaradan Lider oldu. Bunun nümunəsi 2004-2018-ci illərdə Azərbaycanın iqtisadi modelinin köklü şəkildə dəyişdirilməsidir. Həmin dövrdə strateji valyuta ehtiyatları formalaşdırıldı, regionların sosial-iqtisadi inkişaf proqramları həyata keçirildi və Azərbaycan qısa müddətdə borclu ölkədən kreditor ölkəyə çevrildi. Bu, mövcud potensialı idarə etmək deyil, yeni reallıq yaratmaq idi. Məhz həmin qərarlar İlham Əliyevin atasının siyasi irsindən çıxaraq öz kölgəsini yaradan Lider kimi tarixdə yer tutduğunun göstəricisidir.
İlham Əliyevin soyuqqanlılığı bəzən yanlış anlaşılır. Halbuki bu, laqeydlik deyil, məsuliyyətin ağırlığıdır. Çünki dövlət emosiyalarla idarə olunmur, o, hesab, balans və nəticə tələb edir. Fakt: 2015-2016-cı illərdə dünya neft qiymətlərinin kəskin düşməsi fonunda manatın devalvasiyasından sonra atılan addımlar. Emosional və populist vədlər verilmədi, əksinə, sərt, lakin zəruri qərarlarla dövlətin büdcə siyasəti ilə bağlı  intizam gücləndirildi, strateji valyuta ehtiyatları qorundu, sosial öhdəliklər mərhələli şəkildə saxlanıldı. Bu proses göstərdi ki, İlham Əliyevin soyuqqanlılığı laqeydlik deyil, dövlətin davamlılığını qorumaq üçün emosiyaları kənarda saxlayan məsuliyyətli idarəçilikdir. Qısamüddətli rahatlıq yox, uzunmüddətli milli maraq əsas götürüldü.
Prezident İlham Əliyev həssas və dərin duyğulara malik Lider kimi seçilir. Azərbaycanın faciəli tarixini, şəhidlərin fədakarlığını və xalqın çəkdiyi ağrını həmişə ürəyində daşıyır və bunu açıq şəkildə nümayiş etdirir. Nitqlərində və çıxışlarında emosiyalarını gizlətmir, aydın görünən kövrək baxışları ağrını və qüruru ifadə edir. Qələbə və azadlıq anlarında onun sevinci və qüruru duyğusal səviyyədə hiss olunur. İlham Əliyev həm də anlayışlı  bir Liderdir, xalqın hissləri ilə eyni dalğada olur. Ali Baş Komandanın Şəhidlər xiyabanında Şuşanın azadlığı haqqında qələbə xəbərini verərkən kövrəldiyi heç kimin gözündən yayınmamışdı. Şuşada "Xarıbülbül" festivalında Heydər Əliyev ilə bağlı videoçarxa baxarkən də kövrək duyğularını gizlədə bilməmişdi. 
Vətən müharibəsi zamanı və sonrasında şəhid ailələri ilə görüşlərində səmimi duyğularını ifadə edərək onların kədərinə şərik olduğunu hiss etdirir. Bu hallar Prezident İlham Əliyevin duyğularını açıq ifadə edən, xalqının hisslərini dərin anlayan bir şəxsiyyət olduğunu ortaya qoyur. Ali Baş Komandanın azad edilmiş torpaqlara, xüsusilə Şuşa şəhərinə ilk səfərində çıxışları qürur, həm də milli ruh və kövrək sevinc hissini ifadə edir, Şuşanı "Azərbaycan xalqının ürəyi və ruhu" kimi təsvir edərək, strateji və mənəvi önəmini vurğulayırdı. Onun söylədiyi "Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz səni dirçəldəcəyik" sözləri beş ildir xalqın dilində qürurla səslənir.
İlham Əliyev xalqın dilini yaxşı bilməsi və cəmiyyətin psixologiyasını dərindən anlaması ilə seçilir. Sadə, anlaşılan üslubda danışaraq insanların gündəlik problemlərinə toxunur və onların gözləntilərini düzgün anlamağı bacarır. Çıxışlarında milli dəyərlərə, tarixi yaddaşa və real sosial-iqtisadi çağırışlara istinad etməsi isə kütlə ilə təbii ünsiyyət yaradır, etimad hissini gücləndirir. Bu xüsusiyyətlər onun qərarlarını geniş ictimai dəstəyə söykənərək əsaslandırmasına, islahatları mərhələli və izahlı şəkildə təqdim etməsinə imkan verir ki, nəticədə də idarəetmədə ardıcıllıqla yanaşı, cəmiyyətlə dialoq mühiti formalaşır.
Prezident İlham Əliyevin şəxsiyyətini xarakterizə edən əsas xüsusiyyətlərdən biri onun azərbaycanlılara məxsus qonaqpərvərlik ənənələrini dövlət idarəçiliyində də yüksək səviyyədə yaşatmasıdır. Azərbaycan tarixən qonaqpərvərliyi ilə seçilən bir xalq olub və bu milli xüsusiyyət ölkənin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. Məhz həmin keyfiyyət dövlət başçısının rəhbərliyi altında Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin ən yüksək səviyyədə təşkil olunmasında özünü aydın şəkildə göstərir. Bakıda və ölkənin müxtəlif bölgələrində təşkil edilən beynəlxalq forumlar, zirvə görüşləri, mədəniyyət və idman tədbirləri təkcə peşəkar təşkilatçılıqla deyil, eyni zamanda səmimi münasibət, diqqət və hörmət mühiti ilə yadda qalır. Xarici dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda özlərini sadəcə rəsmi qonaq olmaqdan çox doğma bir məkanda hiss edirlər. Bu isə təsadüfi deyil, belə münasibətin təməlində Prezidentin şəxsi qonaqpərvər xarakteri dayanır.
Digər ölkələrdə keçirilən tədbirlərlə müqayisədə Azərbaycandakı görüşlərin daha isti və yaddaqalan olması məhz bu milli-mənəvi yanaşmadan qaynaqlanır. Prezident İlham Əliyev üçün qonaqpərvərlik sadəcə protokol qaydası deyil, milli kimliyin və dövlət mədəniyyətinin ayrılmaz hissəsidir. Bu keyfiyyət Azərbaycanın dünyaya açılan pəncərəsini daha da genişləndirir, ölkəmizi etibarlı tərəfdaşa hörmət edilən beynəlxalq mərkəzə çevirir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin yüksək səviyyədə baş tutması təkcə maddi imkanların və təşkilati bacarığın nəticəsi deyil, eyni zamanda Prezident İlham Əliyevin şəxsiyyətində cəmlənmiş azərbaycanlı qonaqpərvərliyinin bariz təzahürüdür.
Fürsətdən istifadə edərək, cənab Prezidenti 24 dekabr ad günü münasibətilə təbrik edir, daim xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayırıq. 
23.12.2025


[email protected]