Xalqına qələbə bəxş edən LİDER

Hidayətova Firəngiz Şahmurad qızı
ADPU İncəsənət və fiziki tərbiyə fakültəsinin
Musiqi və onun tədrisi kafedrasının  dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, Qabaqcıl təhsil işçisi 


Yaxın günlərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Artıq illərdir bir ənənəyə çevrilib ki, Dövlət başçısının öz doğum günlərini zəfər sevinci ilə xalqın arasında sevgi ilə qeyd etməsi adi hadisə deyil…
O, hər doğum günündə azad edilmiş şəhər və kəndlərimizə gedir oradan dünyaya səslənir, bir millətin, xalqın, dövlətin doğuşu və var olmasını yalnız öz haqqını qoruya bilən millətin və dəmir yumruq kimi birləşərək tarixi kökünə, milli, maddi-mənəvi dəyərlərinə sahib çıxması ilə yaşama şansını qazandığını ifadə edir.
Qalib Sərkərdənin öz ad günləri ərəfəsində azad edilmiş torpaqlardan dünyaya səslənməsi bu yurdun tarixi sahibləri olaraq ədaləti bərqərar etməsi, haqqına sahib çıxmasının nümunəsi, bəyanıdır! 
Prezidentimiz qalib sərkərdə kimi Azərbaycanın ilk zəfər tarixini yazır. Son 5 ildə onun öz ad günlərini işğaldan azad olunmuş ərazilərdə keçirməsi tarixin başqa bir salnaməsi kimi yaddaşlara həkk olunur.  Onun bu incə davranışı, eyni zamanda böyük qüdrətin, gücün, torpağına, xalqına olan sevginin tərənnümü, Allahın verdiyi ali nemətidir.
Artıq 5 ildir ki, ölkə başçısı İlham Əliyev yeni yaşını Müzəffər Ali Baş Komandan kimi qarşılayır. Bir ölkənin başçısına bundan gözəl hədiyyə nə ola bilər...
Müzəffər Ali Baş Komandanın öz doğum günlərini işğaldan azad olunmuş torpaqlarda qeyd etməsi Azərbaycanın tarixində xüsusi zəfər səhifəsi ilə birgə vərəqlənir.  Qalib sərkərdənin ailəsi ilə birlikdə səfər etdiyi, ayaq basdığı o torpaqlar 30 il sonra müzəffər ordunun hünəri, igidliyi ilə sona çatdırılan torpaq həsrətinin, dövlət və millətin ayaqda əzəmətli duruşunun nümayişini tərənnüm edən böyük bir mənzərənin portretini yaradır.
Doğum günlərini azad olunan şəhər və kəndlərimizdə qeyd edən Ali Baş Komandan düşmənin işğalı dövründə dağıdılan, viran qoyulan, 44 günlük vətən müharibəsində qazanılan zəfərlə yenidən doğuldu, millətin əzilmiş ruhu oyandı, çiyinlərini dikəltdi. Müzəffər Prezident qalib xalqın, qalib sərkərdəsi kimi xalqın ürəyində yenidən doğuldu və adı tarixə qızıl hərflərlə yazıldı.
Prezidentin öz ad günlərində şəhid ailələri ilə görüşləri Zəfər salnaməsinin səhifələrində xüsusi yer alır. Prezidentin keçmiş məcburi köçkünlər üçün inşa edilmiş yeni evlərin açılışlarında iştirakı böyük günəşin yenidən doğuşü kimi izlənir. Prezidentin işğaldan azad edilmiş ərazilərimizə səfər etməsi, sosial obyektlərin, məktəblərin, xəstəxanaların, yaşayış evlərinin istifadəyə verilməsində iştirakı onu xalqına yaxınlaşdırır.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müzəffər ordusu ilə birlikdə qələbəyə gedən yolu sentyabrın 27-dən noyabrın 10-dək 44 gün ərzində qət etdi. Şanlı ordumuz Ali Baş Komandanın əmri ilə “Dəmir yumruq”olub işğal altında olan ərazilərimizin böyük  qismini azad etdi. Ağdam, Kəlbəcər, Laçın diplomatiyanın gücü ilə bir güllə atılmadan boşaldıldı.
44 günlük müharibədə rəşadətli Azərbaycan əsgər və zabitlər addım-addım irəlilədi və uzun illər ərzində erməni hərbi quldurlarının ərazilərimizdə qurduqları mühəndis-istehkam sistemlərini canı bahasına yarıb keçdi. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olundu. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 200 illik tariximizdə işğalçını bu torpaqlardan qovan lider olaraq millətin qürurun özünə qaytardı. Millət, xalq, dövlət yenidən doğuldu…
Müzəffər sərkərdə İlham Əliyevin bir lider olaraq xalqının önünə keçməsinin tarixi yazılırdı. 2003-cü il oktyabrın 1-də Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü Azərbaycan xalqının rifahına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin xalqa tarixi müraciəti olmuşdu. Ulu öndər Heydər Əliyev Prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdi. Ulu Öndər çıxışında Azərbaycan xalqını özünün siyasi varisi, dünya siyasətini gözəl bilən, yüksək intellektli, qətiyyətli və praqmatik düşüncəli bir şəxsiyyət olan İlham Əliyevə səs verməyə çağırmışdı. Ulu Öndər İlham Əliyevə özü qədər inandığını, İlham Əliyevi güclü siyasətçi olmaqla yanaşı dövlətini, xalqını sevən və lazım gələrsə xalq yolunda canını belə verməyə hazır olan insan olduğunu bildirmişdi. Xalqımız çox gözəl bilirdi ki, dövlətimizi gələcək inkişafa, vətəndaşlarımızı rifaha aparan yol Heydər Əliyev yoludur və İlham Əliyev bu siyasi kursun, bu yolun ən layiqli davamçısı olacaq.
2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük əksəriyyəti Prezident seçkilərində İlham Əliyevə səs verdi. Xalqımız öz seçimində yanılmadı.
Prezident seçildiyi 20 ildən artıq müddətdə cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirdi. 30 il işğal altında olan torpaqlarımız onun müdrik və qətiyyətli siyasəti nəticəsində işğaldan azad edildi. İlham Əliyev ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, xalqımızın kimliyini, qürurunu özünə qaytarmış oldu. Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycanda İlham Əliyevin yaratdığı multikulturalizm, tolerantlıq dəyərləri bütün dünyada nümunə göstərilir. İlham Əliyev Azərbaycanda yaşayan bütün millətləri azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bu məmləkətdə yaşayan dinindən, dilindən asılı olmayaraq hər kəs azərbaycanlı olması ilə fəxr edir.
Prezident İlham Əliyev ölkədə ordu quruculuğuna xüsusi diqqət ayırır. O, hər zaman “Ermənistanla müharibəyə hazır olmalıyıq” fikrini səsləndirirdi. Çünki düşmənin hansı niyyətdə olduğunu görür, düzgün təhlil edirdi.
İlham Əliyev All Baş Komandan olaraq Azərbaycanda güclü,  müasir ordu yaratdı. Hansı ki, bu ordu özləri üçün "məğlubedilməz ordu" imici yaratmış erməni ordusunu 44 günə darmadağın etdi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoydu. Müharibədə böyük Zəfər qazandıq. Artıq Qarabağa "Böyük Qayıdış" planı reallaşmaqdadır. Artıq keçmiş məcburi köçkünlərimiz də öz yurdlarına mərhələli şəkildə dönməkdədir.
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri ölkə başçısının gördüyü işlərin sayəsində Azərbaycan tarixinə Zəfər seçkisi kimi yazıldı. Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident seçkiləri ölkəmizin işğaldan azad edilmiş hər bir şəhər, kənd və qəsəbəsində keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində açılan seçki məntəqəsində səs verdilər. Bu hadisə hər bir azərbaycanlıda qürur hissi yaratdı.
Xalqın dəstəyinə arxalanan Prezident deyir: “2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.
"Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir" deyən və dövlət qurumlarından vətəndaşlara qayğı göstərilməsini tələb edən Prezident Vətən müharibəsindən əvvəl də doğum günlərini müxtəlif təbəqələrdən olan sadə vətəndaşlarla qeyd edirdi. Ölkə başçısı ən vacib günündə belə xalqının yanında olduğunu göstərirdi.

17.12.2025


[email protected]