Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin akt zalında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan “Xalqının qəlbində əbədi yaşayan dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, sonra dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotosərgi ilə tanış olublar.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev çıxışında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərək, Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb. Ömrünü öz xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışaraq bildirib ki, xalq yalnız sevdiklərini yaddaşında əbədiləşdirir. Ulu Öndər Heydər Əliyev xalq qarşısında misilsiz xidmətlərinə görə hər zaman Vətəni, milləti üçün əziz olaraq qalacaq. Çünki dahi şəxsiyyət nəcib əməlləri ilə hələ sağlığında ikən tarixə yazılmış böyük azərbaycanlıdır. Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.
Bildirilib ki, Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Recep Öztop çıxışında qeyd edib ki, Mustafa Kamal Atatürk ilə Heydər Əliyevi bir çox xüsusiyyət birləşdirir. İki dahi şəxsiyyət ölkələrinin parçalanmasının qarşısını almaq və milli dövlət yaratmaq üçün böyük işlər görmüşlər. Ulu Öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” sözləri ümumi köklərimizi və qardaşlıq münasibətlərimizi gözəl ifadə edir. Baş konsul, həmçinin Heydər Əliyevin xalqımız üçün yerinə yetirdiyi xilaskarlıq missiyasından, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafına verdiyi əvəzsiz töhfələrdən danışıb.
Anım tədbirində Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən film nümayiş olunub.
Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri - Xalq artistləri Sevinc İbrahimova, Rəfael Bayramov, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, müğənni Elmir Pişnamazzadə tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunan mahnılar səsləndirilib.



[email protected]