ADAU-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müasir, müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edərək, önünə tər güllər düzüb, dahi öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Dövlət Himni səsləndirilib.
ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasında və sabitliyin təmin edilməsində oynadığı tarixi roldan danışıb. Bildirib ki, Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində ölkəmiz çətin sınaqlardan uğurla çıxaraq, möhkəm dövlətçilik ənənələrinə sahib olub. Bu gün Azərbaycanın qazandığı mühüm uğurlar Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının məntiqi davamıdır.
Zəfər Qurbanov əlavə edib ki, ADAU-da Heydər Əliyev irsinin dərindən öyrənilməsi və gənclərə dövlətçilik ideyalarının aşılanması universitetin prioritet istiqamətlərindən biridir.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında Ümummilli Liderin milli birlik, siyasi sabitlik və inkişaf modelinin bu gün də Azərbaycanın dövlət siyasətinin əsasını təşkil etdiyini vurğulayıb. O, Heydər Əliyev ideyalarının gənc nəslin dünyagörüşündə mühüm rol oynadığını qeyd edib.
Energetika və elektrik mühəndisliyi kafedrasının dosenti Siyasət Məmmədov çıxışında Ulu Öndərin sənaye və energetika sahəsində formalaşdırdığı siyasətin Azərbaycanın enerji təhlükəsizliyinin təməlini qoyduğunu deyib.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov Heydər Əliyevin dövlətçilik ideyalarının siyasi elmlərdə xüsusi yer tutduğunu, Azərbaycanın daxili və xarici siyasət kursunun həmin ideyalar əsasında inkişaf etdiyini diqqətə çatdırıb.
Daha sonra ADAU-nun tələbəsi Eltun Məmmədov çıxış edərək, Heydər Əliyevin gənclərə göstərdiyi yüksək etimadı və bu etimadın yaradıcı, inkişaf yönümlü gənclik formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. Ruslan Novruzəliyev isə Ümummilli Liderin xatirəsinə həsr olunan şeir səsləndirib.
[email protected]