Ürəklərdə yaşayan dahi şəxsiyyət
Sevinc Hacıyeva
Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi, məktəbin ATiAHI sədri,
"Sülhün Memarı İlham Əliyev" media mükafatı laureatı
Dövlətin və xalqın milli inkişafında liderlər mühüm rol oynayır. Məhz liderlər strateji vizyonu müəyyən edir, cəmiyyəti ortaq məqsədlər ətrafında birləşdirir. Azərbaycan da müstəqilliyin ilk illərində çox böyük təhlükələrlə üz-üzə idi. Məhz belə bir şəraitdə Ulu Öndər Heydər Əliyev ümid və tərəqqi simvolu kimi Azərbaycan xalqını, dövləti xilas etdi. Müxtəlif ölkələrin ictimai-siyasi xadimləri də Heydər Əliyevi Azərbaycanın xilaskar lideri adlandırır, onun böhran dövründə öz ölkəsinə sabitlik gətirməsini “mümkünsüzü mümkün etmək bacarığı” kimi dəyərləndirirdilər.
12 dekabr - Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin anım günüdür. 2003-cü ilin 12 dekabr tarixindən bizləri ayıran 23 il Ümummilli Lider Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsinə şahidlik edir. Vətənini, torpağını, xalqını canından artıq sevən, Azərbaycanı daim zirvələrdə görmək istəyən və buna nail olan Ulu Öndər elə möhkəm təməl yaratdı ki, onun üzərində Azərbaycan daha möhtəşəm uğurlara, zəfərlərə imza atır. Bu gün Ümummilli Liderin ruhu şaddır. Vaxtilə Onun ən böyük arzusu olan işğal altındakı torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə yeni həyatın başlanması artıq reallığa çevrilib. Şəhidlərimizin qanı, canı bahasına əldə olunan Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın müstəqillik tarixini daha da zənginləşdirərək, uğur səhifələrinin sayının artmasını şərtləndirir.
Azərbaycanın hər bir uğurunu Heydər Əliyev siyasətinin təntənəsidir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin yaşadılması və inkişafı uğrunda apardığı mübarizənin mahiyyətini dərk etmək o qədər də çətin deyil. Dil mədəniyyətinə münasibət barədə Ulu Öndər deyir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur".
Heydər Əliyev bu dahiyanə fikri ilə dili əyilməzliyin, ölməzliyin simvolu sayır, onu milli sərvət adlandırır, bu müqəddəs mirasın babalarımızın əmanəti olduğunu, qorunmasını isə vətəndaşlıq borcu hesab edir.
Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adam adlandırmaqla millətin bütövlüyünün milli dildən keçdiyini çatdırır. Bütün bu göstərilənlər uzun illər Azərbaycana rəhbərlik etmiş böyük dövlət adamının mübarizələrlə dolu həyatının əsas leytmotivini təşkil edir. Ulu Öndər dil məsələsində mövqeyini hələ Azərbaycan Konstitusiyası hazırlanmazdan əvvəl, SSRİ Konstitusiyası barədə cəsarətlə söylədiyi fikirlərində bildirmişdi. Azərbaycanın rəhbəri SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Belə mövqe, əslində, dil məsələsi ilə bağlı gözlənilən təhlükənin qarşısını almaq, çətin şəraitdə ana dilinin dövlət dili statusunu qorumaq məqsədı güdürdü.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır.
Ulu Öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır.
Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi. 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır.
Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev Azərbaycan xalqına son müraciətində ölkədə rəhbərlik etdiyi illərdə bir azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söylədi. O bu yolda bütün gücünü, iradəsini yalnız müdrik və qədirbilən xalqından almışdı. Ən çətin vəziyyətlərdə bu inam və xalqına arxalanmaq Heydər Əliyevə dözüm, iradə verib, bütün uğurlarını təmin edib. Elə "Xalq-Heydər, Heydər-Xalq” birliyi də belə yaranıb.
Ümummilli Liderimizin bizə ərmağan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızın elə bir sahəsini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulmasın.
Xalqımız xoşbəxtdir ki, Ümummilli Liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, ulu öndərimizin bütün arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır.
11.12.2025
[email protected]