Heydər Əliyev: Tarixi yaradan şəxsiyyət

Sultanova Gülşən Abdul qızı
BDU-nun Coğrafiya fakültəsinin 
Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası 
və turizm kafedrasının dosenti, 
"Şuşa-270" media medalı mükafatı laureatı

Bu günümüzü düzgün dəyərləndirmək, Heydər Əliyev yolunun dövlətimizə, xalqımıza qazandırdığı uğurların miqyasının genişliyini dərk etmək üçün müstəqillik tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa böyük zərurət var. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qaldı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı “olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Digər tərəfdən, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ölkədə yaşanan xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, torpaqlarımızın itirilməsi xalqımızın sabaha ümidlərini itirdi, insanlar vəziyyətdən çıxmağın yollarını axtarmağa başladılar. Belə çətin günlərdə xalqımızın xilaskar kimi üz tutduğu yeganə ünvan ulu öndər Heydər Əliyev oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən, ilk olaraq, göz önünə Onun xilaskarlıq missiyası gəlir.
Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycanımızın qarşısında açdığı imkanlardan, üfüqlərdən bəhs etmədən öncə Onun ən böyük xidməti olaraq 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. Çünki uğurlarımızın başlanğıcı kimi partiyanın yaranması qeyd edilməlidir.
Müstəqillik tariximizin ilk illərini düzgün təhlil edərək bugünkü uğurlarımızın Heydər Əliyevin adı ilə bağlı olduğunu böyük inamla qeyd edirik. Möhtərəm Prezidentimiz İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməli, o günlər haqqında tam təsəvvürə malik olmayan gənc nəsil nəyin bahasına müstəqilliyimizi qoruyub saxlaya bildiyimizi bilməlidir.
Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Bugünkü uğurlarımız üçün kimə borclu olduğumuzu gənc nəsil bilməlidir. Bu, inkaredilməz həqiqətdir ki, əgər ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də, ancaq bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ulu Öndər hər bir ölkənin inkişafında sabitliyin əsas rol oynadığını önə çəkərək ölkəmizi xaosdan, anarxiyadan xilas etdi. 1993-cü ilin iyunun 15-də Heydər Əliyevin Azərbaycan Parlamentinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.  Bu tarixi paralel daim xalqımız tərəfindən aparılır ki, Ümummilli lider Heydər Əliyev necə hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş ittifaqın geridə qalmış ölkəsindən ən qabaqcıl ölkəsinə çevirdi, eləcə də 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin müstəqilliyimizin ilk illərinin tərəddüdlərinə son qoyuldu, Azərbaycan qısa müddətdə investisiyalar məkanına çevrildi.
2003-cü ildən başlanan Böyük yolun davamının Azərbaycana qazandırdığı ən böyük uğur 30 ilin işğalına, torpaq həsrətinə son qoyulması, ərazi bütövlüyümüzün bərpasıdır. Bu Zəfəri şərtləndirən amillər ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, ən əsası gənc nəsildə Vətən, torpaq sevgisinin dərinləşməsi, vətənpərvərlik hissinin daha da artmasıdır. 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirən cənab İlham Əliyevin son 20 ildə fəaliyyətinə diqqət yetirsək hər vədini konkret əməli işdə təsdiqlədiyini görmək mümkündür. Ölkədə sabitliyin, iqtisadi tərəqqinin mövcudluğunu bütün inkişafın əsası kimi dəyərləndirən ölkə Prezidenti neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə qeyri-neft sektorunu inkişaf etdirdi.
Bu gün Azərbaycana hansı sahədən baxsaq inkişaf, tərəqqi qaçılmazdır. Ölkəmizdə ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticələri də göz önündədir. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu bir daha təsdiqlədi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Azərbaycan Ordusu erməni silahlı qüvvələrini iti qovan kimi torpaqlarımızdan qovdu. Ordumuzun gücü, qüdrəti qarşısında diz çökən Ermənistanın illərdir yaratdığı “məğlubedilməz erməni ordusu” mifi darmadağın edildi. Bu gün dünya Azərbaycan Ordusunun qəhrəmanlığından, döyüş taktikasından bəhs edir. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri həyata keçirilir. Tezliklə xalqımız hər bir vədini konkret əməli ilə təsdiqləyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın da sevincini yaşayacaq.
Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, bir yazıda əhatə etmək qeyri-mümkündür. Bunların ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib Sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, ordumuzun rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün Özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın öz Liderinə sevgisi sonsuzdur.
Tarixin yaddaşında əbədi iz qoymaq hər siyasi xadimin, dövlət başçısının taleyinə yazılan xoşbəxtlik deyil. Bütün həyatını xalqının işıqlı gələcəyinə, Azərbaycanın çiçəklənməsinə həsr etmiş böyük insan, dahi şəxsiyyət Heydər Əliyevi tarixdə əbədiləşdirən, ilk növbədə, onun Vətəninə, xalqına, milli-mənəvi dəyərlərinə – dilinə, mədəniyyətinə və ədəbiyyatına olan hüdudsuz sevgisidir. Həmçinin onların qorunması və tərəqqisi uğrunda bütün dönəmlərdə apardığı taleyüklü mücadilələr, cəsarətli addımlar, Azərbaycanın bu günü naminə həyata keçirdiyi misilsiz və möhtəşəm layihələrdir. Azərbaycanın müasir tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Heydər Əliyev Çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir. Zamanın çərçivəsinə sığışmay an bu böyük insanı, sözün çərçivəsinə sığışdırmaq da çox çətindir. Onun haqqında nə qədər deyilsə də çox azdır. Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilirlər. Heydər Əliyev məhz belə dahilərdən idi. Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri-adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. Heydər Əliyev idarəçiliyi məktəbinin bütün incəliklərini dərindən bilən cənab İlham Əliyevinin Azərbaycan Respublikasının Prezidenti kimi ötən 21 ildə möhtəşəm fəaliyyəti, onun rəhbərliyi ilə Azərbaycan xalqının nail olduğu mühüm qələbələr, sürətli sosial-iqtisadi inkişaf, böyük quruculuq işləri, vətəndaşlarının sosial rifahının ilbəil daha da yaxşılaşması insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosessinin uğurla həyata keçirilməsi – bütün bunlar Azərbaycan dövlətinin bugünki reallığı olmaqla ümumilli liderin xatirəsinə ən böyük hədiyyədir.Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərin həm dahi şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür.Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır. Bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun tarixi şəxsiyyət kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
Heydər Əliyevə xas olan məqsədyönlülük, müdriklik, cəsarət və uzaqgörənlik vətəndaş qarşıdurması üçün hər hansı ilkin şərtləri ən qısa müddətdə aradan qaldırmağa imkan yaratdı. Ümummilli lider Heydər Əliyev əsas diqqəti dövlətin ərazi bütövlüyünün bərpa edilməsi, millətin özünü tam reallaşdırması üçün şərait yaradılması, müstəqil və uğurlu inkişaf yolunu davam etdirmək uğrunda mübarizəyə yönəldirdi. Burada biz tamamilə haqlı olaraq təkcə Heydər Əliyev siyasi fenomeni barədə deyil, ölkənin taleyini Azərbaycan xalqının əzəli dəyərləri ruhunda tərbiyə edilmiş ideya həm məsləkinə etibar etmiş Ümummilli Liderin vətəndaş Hünəri barədə danışa bilərik. Oğlunun uşaqlıq illərindən onun mənəvi mövqeyinin təməlini formalaşdırmış atanın vətəndaş Hünəri belə bir müdrik kəlamla ifadə edilir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

11.12.2025


[email protected]