Bakıdan Frankfurta uzanan musiqi yolu - Məmməd Mahmudzadə

https://azertag.az/files/gAlmaniyanın Frankfurt Musiqi və İfa Sənəti Ali Məktəbində Teatr və Orkestr Menecmenti ixtisası üzrə təhsil alan ilk azərbaycanlı tələbə
Antalya, 5 noyabr, Gülay Nəzərova, AZƏRTAC
Azərbaycanın istedadlı gəncləri ölkəmizin mədəni simasını dünyada layiqincə təmsil edirlər. Onlar təkcə ifaçı və sənətkar kimi deyil, həm də yaradıcı düşüncələri, təşəbbüskarlığı və idarəetmə bacarıqları ilə fərqlənirlər. Gənc nəslin nümayəndələri arasında elələri var ki, milli musiqi məktəbinin dəyərlərini qoruyaraq Avropanın ən nüfuzlu səhnələrinə yol tapıblar. Onlardan biri də gənc skripkaçı və orkestr meneceri Məmməd Mahmudzadədir.
27 yaşlı M.Mahmudzadə hələ uşaqlıqdan musiqiyə böyük maraq göstərib. O, altı yaşında Şövkət Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbinin skripka sinfinə daxil olub və ilk dəfə səhnəyə çıxıb. Hələ o illərdən ifa mədəniyyəti və musiqi duyumu ilə fərqlənən gənc skripkaçı bir çox konsertlərdə, müsabiqə və festivallarda uğurla çıxış edib.
Gənc ifaçı AZƏRTAC-ın müxbiri ilə həmsöhbətində bildirib ki, menecment sənət və idarəetmə arasında körpüdür, çünki o, yaradıcı ideyaların praktik həyata keçməsini təmin edir.
“Səhnədə olanda yalnız səs haqqında düşünürsən, amma konsertin təşkilatçısı kimi prosesi ideyadan alqışa qədər bütövlükdə görürsən. Bu, sənətin necə yarandığını daha dərindən anlamağa kömək edir,” - deyə Məmməd Mahmudzadə bildirib.
2013–2017-ci illərdə gənc ifaçı, Asəf Zeynallı adına Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi kollecində təhsil alıb, daha sonra isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr (2021) və magistratura (2023) pillələrini skripka ixtisası üzrə tamamlayıb. Bu illərdə o, Azərbaycanın musiqi həyatında fəal iştirak edib, solist, ansambl üzvü və Baku Chamber Orchestra kollektivinin ifaçısı kimi çıxış edib.
Onun yaradıcılığında dönüş nöqtəsi Erasmus proqramı çərçivəsində Tallin Musiqi və Teatr Akademiyasında keçdiyi təcrübə olub. Estoniyada aldığı təhsil ona Avropa musiqi məktəbinin yanaşmasını yaxından öyrənmək, beynəlxalq səhnələrdə çıxış etmək və yaradıcılıq baxışlarını genişləndirmək imkanı yaradıb.
Hazırda Məmməd Mahmudzadə Almaniyanın Frankfurt Musiqi və İfa Sənəti Ali Məktəbində (Hochschule für Musik und Darstellende Kunst Frankfurt am Main) magistratura təhsili alır. O, burada Teatr və Orkestr Menecmenti ixtisası üzrə təhsil alan ilk azərbaycanlı tələbədir.
Eyni zamanda M.Mahmudzadə universitetin tələbə orkestrinin meneceri kimi çalışır. O, məşqlərin və konsertlərin təşkili, dirijor və solistlərlə əlaqə, inzibati məsələlərin koordinasiyası və orkestrin daxili işinin idarə olunması kimi mühüm vəzifələri yerinə yetirir.
"Əsas məqsədim Almaniyanın mədəniyyət idarəçiliyi modelini dərindən öyrənmək və gələcəkdə bu təcrübəni Azərbaycanda tətbiq etməkdir. Ölkədə müasir mədəniyyət menecmenti sisteminin formalaşmasına töhfə verməyi düşünürəm", - deyə o bildirib.
Azərbaycan Mədəniyyət Nazirliyi və “Mystart” layihəsinin təqaüdçüsü olan həmsöhbətim hazırda təhsilinə və peşəkar inkişafına tam şəkildə fokuslanaraq, eyni zamanda, Azərbaycan musiqi məktəbini beynəlxalq səviyyədə təmsil edir.
O sübut edir ki, müasir musiqiçi təkcə ifaçı deyil, həm də mədəni proseslərin yaradıcısı, xalqları və nəsilləri birləşdirən bir körpüdür.
alleryphoto/2025/3/1200x630/17623471841240610031_1200x630.jpg


[email protected]