Avropa Komissiyasının Prezidenti Afrikada bərpaolunan enerji ilə bağlı kampaniya üçün beynəlxalq ictimaiyyətə müraciət edib

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “Afrikada Bərpaolunan Enerjinin Genişləndirilməsi” kampaniyasında fəal iştirak barədə beynəlxalq ictimaiyyətə müraciət edib.
AZƏRTAC xəbər verir ki, o, bərpaolunan enerjinin həm enerji təchizatının təhlükəsizliyi, həm də iqlim hədəflərinə çatmaq üçün əsas amil olduğunu və Afrikada bu sahədə böyük potensialın mövcudluğunu vurğulayıb.
“Biz birlikdə Afrikanı təmiz enerji ilə təmin etməyə kömək edə bilərik. Bu, Afrika xalqları və bütün dünya üçün böyük imkanlar yaradacaq”, - deyən U.Lyayen noyabrın 21-də “Afrikada Bərpaolunan Enerjinin Genişləndirilməsi” kampaniyası çərçivəsində keçiriləcək sammitə qoşulmaq barədə çağırış edib.
Qeyd edək ki, bu kampaniya Avropa Komissiyası tərəfindən Qlobal Vətəndaşlıq və Beynəlxalq Enerji Agentliyi ilə əməkdaşlıq şəraitində Afrikada bərpaolunan enerji layihələrinin sürətləndirilməsinə yönəlib. Kampaniyanın əsas məqsədi Afrikada təmiz enerji investisiyalarının artırılması, 600 milyondan artıq insanın elektrik enerjisinə çıxışının təmin edilməsi və qlobal iqlim hədəflərinə çatmaq üçün kontinentin günəş, külək, su və geotermal potensialından faydalanılmasından ibarətdir. Kampaniya çərçivəsində hökumətlərdən, maliyyə institutlarından və özəl sektordan yeni maliyyə və siyasət öhdəlikləri tələb olunur ki, bu da 2030-cu ilədək bərpaolunan enerji istehsalını üç dəfə artırmaq hədəfi ilə uyğunlaşır.
Kampaniya noyabrın 21-də Cənubi Afrika Respublikasında keçiriləcək yüksəksəviyyəli toplantı ilə yekunlaşacaq və burada iştirakçılar yeni vəsait və öhdəliklər təqdim edəcəklər.



[email protected]