Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun Prezidenti
Qızxanım Nizameddin qızı Qəhrəmanova
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,
psixologiya elmləri doktoru, professor
Azərbaycanın təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Beynəlxalq aləmdə ölkəmizin imicinin yüksəldilməsində, onun təqdimində görülən işlər dövlətin maraqlarını ifadə edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.
Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq, saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda itşirak edib, eyni zamanda, belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin, dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir. Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyir: "İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə, sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir". Mən siyasətlə məşğul olmuram, sadəcə, insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin". Əslində, onun gördüyü işlər Azərbaycanı yaşatmaq siyasətidir, Azərbaycanı tanıtmaq siyasətidir, Azərbaycanı olduğu kimi dünya panoramasına daxil etmək siyasətidir. Bir insanın vətənpərvərlik siyasətidir ki, sivil yolla, mədəni körpülər vasitəsilə siyasət həyata keçirilir. Ehtiyacı olan insanlara yardım edir və mənəvi dünyasının qapılarını onların üzünə açır.
Heydər Əliyev Fondu Azərbaycanın digər ölkələrlə dialoqunun genişləndirilməsinə də töhfəsini verir. Bu münasibət fondun beynəlxalq əməkdaşlığına gözəl imkanlar yaradır. Mədəni irsin qorunması üçün Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrini, o cümlədən, Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal Sarayını bərpa edib. Mehriban xanım Əliyeva müsahibələrinin birində belə deyir:"Fondumuz Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin, Vatikan Arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Mədəni və humanitar əlaqələrin qurulması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mədəni əməkdaşlıq bir-birimizi necə tanıdığımızı üzə çıxarır, bir-birimizin tarixini, mədəniyyətini, ənənələrini necə bildiyimizi göstərir".
Onu da vurğulamaq gərəkdir ki, Azərbaycanın Birinci Xanımı bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bu isə, o deməkdir ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir. Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının - Mehriban Əliyevanın ismi xüsusi olaraq vurğulanır. Mehriban Əliyevaya verilən yüksək adlar, Onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər və təqdimatlar beynəlxalq aləmdə nüfuz və şöhrətə malik olduğunun göstəricisidir. YUNESKO-nun xoşməramlı səfiri tituluna, "Yaqut Xaç" ordeninə, "Şərəf Legionu" ordeninə, "Qızıl ürək" beynəlxalq mükafatına, "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeninə, "Türk dünyasına xidmət" mükafatına, "2014-cü ilin ən nüfuzlu qadını" adına layiq görülməsi və onlarla mükafatlara və adlara layiq görülməsi Onun əməyinin qiymətidir.
Bu gün Azərbaycan bütün mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. "Eurovision-2012" Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsi respublikamıza yeni beynəlxalq imic gətirdi. "Eurovision-2012" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva daha bir möhtəşəm uğura imza atdı. "Eurovision-2012" Mahnı Müsabiqəsi bizə nə verdi? Bu müsabiqə bizi daha müasir və olduğumuzdan yaxşı olmağa sövq etdi. Biz dünyaya, dünya da bizə daha yaxın oldu. Eləcə də, ötən ilin iyun ayında ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban xanım Əliyeva rəhbərlik etdi. Onun rəhbərliyi ilə bu oyunlar çox yüksək səviyyədə təşkil olundu və Azərbaycanın tarixinə daha bir məhtəşəm nailiyyət kimi daxil oldu.
"Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edildi.
Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib. Azərbaycan Mehriban xanım Əliyevanın timsalında dünyada öz layiqli yerini tapıb. O, ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Bu gün Mehriban Əliyevanın gördüyü işlərin sədası dünyanın hər yerindən eşidilir. Dünya dövlətlərinin yüksək tribunalarındakı çıxışı və qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, Mehriban Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə bir daha sübut etdi. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan qadınıdır.
31.07.2025
[email protected]