Suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq
Əliyeva Könül Rasim qızı
ADPU-nun Kimya və biologiya fakültəsi,
Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müəllimi
Prezident İlham Əliyevin Qarabağa hər bir səfəri mühüm əhəmiyyətli tarixi hadisələrlə yadda qalır. Onu da qeyd edək ki, bu səfərlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilir. Çünki artıq dünya birliyi də “Qarabağ Azərbaycandır!” reallığını qəbul edib.
Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Bu il ali təhsil ocağı ilk tələbələrini qəbul edib. Dövlətimizin başçısının açılış gününü və unuversitetin müəllim və tələbə heyəti ilə görüşünü məhz sentyabrın 20- də keçirməsini daha məqsədəuyğun hesab edib. Çünki bu, artıq şanlı tariximizdir. Məhz Prezident İlham Əliyev 2024-cü il sentyabrın 20-də imzaladığı sərəncamla həmin günü Dövlət Suverenliyi Günü kimi təsis edib. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Azərbaycan Prezidentinin Qarabağ Unuversitetində keçirdiyi görüşdə səsləndirdiyi fikirlərdən söhbət açan tanınmış hüquqşünas Prezident İlham Əliyevin çıxışından bəzi məqamları diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib ki, tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Artıq Universitetdə ölkəmizin hər bir bölgəsindən 1200 tələbə var. Müəllim heyəti də formalaşıb. Təbii ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bundan ötrü bütün imkanlar var. Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər.
Prezident İlham Əliyev dövlət suverenliyimizin bərpasına qədər keçilən çətin və keşməkeşli yollardan da söhbət açıb. Qeyd edib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu tarixi əhəmiyyətli gün qəhrəman oğullarımızın qanı bahasına əldə edilib. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Diqqətə çatdırılıb ki, 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedib, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilib. Bir gün belə geriyə addım atılmayıb, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilib. Bir nəfər olsun, döyüş meydanını tərk etməmişdir. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Görüş iştirakçılarına bəlli oldu ki, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq, ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ, öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Bu tarixi Zəfərimiz bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün əsil nümunə və bir ümid işığıdır. Prezident gələcək hədələrimizi də diqqətə çatdıraraq deyib ki, gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir.
Bunu Prezident İlham Əliyev də çıxışında xüsusi vurğuladı və qeyd etdi ki, əgər 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz, görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.
01.06.2025
[email protected]