28 MAY-MİLLİ QÜRUR GÜNÜMÜZDÜR

 Коlesnikova Larisa Vladimirovna
ADPU, Xarici dillər mərkəzi, dosent
 

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi bir hadisə oldu.
Fəqət 92 il əvvəlki müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıbmış. İlk cümhuriyyətimizin doğuluşu tarixin dolaşıq vaxtına düşmüşdü. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.
Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və
Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı.
Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğunun bərpasına aparan yol öz başlanğıcını əslində 1969-cu ildən-dahi rəhbərin hakimiyyətə gəldiyi vaxtdan götürmüşdü.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanmışdır. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, diğər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş edən ulu öndərin qurucusu olduğu müstəqil Azərbaycan gündən-günə inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaqdır.

28.05.2025


[email protected]