“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub"

Muxtarova Rəna Niftalı qızı
KTM (Semaşko) həkim-nevroloq


Bütün həyatı boyu öz xalqının xoşbəxtliyi və əmin–amanlığı naminə yorulmadan çalışan Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam.Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam.Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı, dəyərli töhfələri sonsuz, bu sahədə fəaliyyəti çoxcəhətli olmuşdur.
Ümummilli lider hələ Azərbaycana rəhbərliyə gəlməmişdən xeyli əvvəl onun dəyərlər sistemində insanların səhhəti millətin sağlam gələcəyini şərtləndirən amil kimi, əsas yerlərdən birini tuturdu.Səhiyyə məsələləri ilə bağlı söhbətlər, müzakirələr, qayğılar, düşüncələr ulu öndərin gündəlik həyatının bir parçasına çevrilmişdi.Səhiyyənin ağrılı problemləri, zəif nöqtələri ilə yaxından tanışlığı sonralar Heydər Əliyevin vəziyyəti düzgün təhlil etməkdə və situasiyanı kökündən dəyişmək üçün doğru qərarlar qəbul etməkdə köməklik göstərmişdi.Tale elə gətirmişdi ki, ulu öndərin ailəsindəki həkimlər, xüsusən ömür–gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva da o dövrdə təbabət qarşısında duran başlıca problemlər üzərində düşünür, həlli yollarını axtarırdı.Onlar insanların sağlamlığı ilə bağlı ən ağrılı məsələləri Heydər Əliyevlə birgə müzakirə edir, tibbi–sosial problemlərdən mümkün çıxış yollarını arayanda bu müdrik rəhbərlə məsləhətləşirdilər.
Ulu öndərin Azərbaycanda hakimiyyətə ilk gəlişi zahiri təmtəraqla, gəlişigözəl sözlərlə pərdələnmiş durğunluq dövrünə təsadüf etmişdi.Cəmiyyətin hər sahəsində olduğu kimi, səhiyyədə də əvvəlki dövrlərdə əldə edilən uğurlar hələ ətalətlə öz nəticələrini göstərirdi.Bununla belə, diqqətli müşahidəçi vəziyyətin heç də yaxşı olmadığını, səhiyyənin maddi–texniki bazası cəhətdən isə hətta acınacaqlı olduğunu görərdi.İmmunlaşdırma, bir sıra infeksion xəstəliklər, o cümlədən vərəm, malyariya, difteriya, poliomielit, məxmərək və s. narkomaniya, ana və uşaq sağlamlığı, kadr çatışmazlığı və mövcud kadrların səviyyəsi—bunlar Azərbaycan səhiyyəsində öz həllini gözləyən problemlərin yalnız bir hissəsi idi.

Məhz elə buna görə də 1969–cu ilin avqustunda keçirilmiş tarixi plenumda Azərbaycanda səhiyyənin inkişaf sürətini prinsipcə dəyişmək qarşıya vəzifə kimi qoyulmuşdu.Respublikanın yeni rəhbərinin bu sahədə tərəqqiyə nail olmaq əzmi özünü çox qısa bir müddətdə göstərdi.Azərbaycanda hər sahədə vəziyyəti yaxşılaşdırmaq üçün var qüvvə ilə çalışmağa başlayan Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri də məhz səhiyyə oldu.
Hər işdə problemin kökünü müəyyənləşdirmək və onun həlli yolunu tapmaq həm ən mürəkkəb məsələ, həm də uğurun təməlidir.Heydər Əliyev də əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən başladı.1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası onun təşəbbüsü ilə məhz həmin gələcək nailiyyətlərin bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi.Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı oldu və səhiyyənin inkişafına əsaslı təkan verdi.
Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən–günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur. “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”,—deyən Prezident İlham Əliyev bu istəklərini gerçəkləşdirmək üçün vaxtını, qüvvəsini və səylərini əsirgəmir. Azərbaycan Prezidentinin səhiyyə sahəsində siyasətini daim dəstəkləyən səhiyyə işçiləri onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əzmlə çalışır, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar.

06.05.2025




[email protected]