Heydər Əliyev - dahi şəxsiyyət, görkəmli dövlət xadimi
Quliyeva Flora İsrayıl qızı
Sumqayıt şəhər 4 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi
Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə (1969-1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Bu şərəfli tarixdə, 1969-1982-ci illərdə bütün sahələrdə əldə edilən tərəqqi və yüksəlişdə Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli plenumu böyük bir proqram sənədi olmaqla mühüm əhəmiyyətə malik olmuşdur. Bu proqram sənədi əsasında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başlandı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi və bu proqram sənədini irəli sürməsi ilə Azərbaycanda dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.
1969-cu ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələrkən respublikanın qarşısında həllini gözləyən bir sıra ciddi problemlər dururdu. Həmin problemlər bütün əvvəlki tarixi dövrlərdə, xüsusilə sovet hakimiyyəti illərində yığılıb qalmış, həllinə çox vaxt heç cəhd edilməmiş və ya edilən bəzi cəhdlər elə bir ciddi nəticələr verməmişdi.
Azərbaycanın ən ciddi problemlərdən biri mədəni, tarixi irsi məhv olmaqdan qorumaq, inkişaf etdirmək və zənginləşdirmək idi. Həmçinin milli-mənəvi və dini dəyərlərin qorunması da çox mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan əsas problemlərdən biri olan ana dilini qorumaq, inkişaf etdirmək, ona dövlət dili statusu vermək olduqca zəruri idi. Bununla yanaşı, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Qarabağa çox böyük diqqət və qayğı göstərilmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdır.
1993-cü ilin ikinci yarısından, yəni, Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq aləmdə fəallığının güclənməsi və qətiyyətli addımların atılması dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində mümkün olmuşdur. Həmçinin 1993-cü ilin ikinci yarısından başlayaraq Ümummilli Lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətini beynəlxalq aləmə çıxararaq təcavüzkarın ifşası, ölkəmizin ərazi bütövlüyünün bərpası və regionda sülhün bərqərar olması üçün qətiyyətli addımlar atmışdır.
Eyni zamanda, doğma yurdlarından didərgin salınmış, məcburən köçkün düşmüş insanların bütün qayğı və problemləri Azərbaycan dövlətinin gündəlik fəaliyyətinə çevrilmişdir. Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyev 1996-cı il mayın 6-da Prezident sarayında doğma yurdlarından məcburən köçkün düşmüş Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşdə Şuşanın Azərbaycan üçün nə dərəcədə müstəsna əhəmiyyət kəsb etdiyini qiymətləndirərək demişdir: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Qeyd etmək lazımdır ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımının əsl mahiyyəti yalnız görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Bununla yanaşı, Ümummilli Liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni millətçiliyinin və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.
İkinci Qarabağ müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.
Bütün bunlar onu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin çox uğurla davam və inkişaf etdirməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir.
04.05.2025
[email protected]