Müzəffər Ali Baş Komandanın doğum günüdür

İlqar Hüseynov
ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının professoru, kulturologiya elmləri doktoru


Həyat şahmat taxtasında həlledici fiqurlarla bağlı olan ən vacib məfhum liderlikdir. Lider olmaq və proseslərin nəbzini öz barmaqları altında saxlamaq istəyi çoxlarında ola bilər. Lakin bu istəklə real lider olmaq arasında qət edilməsi əksər hallarda mümkün olmayan məsafə mövcuddur. Özlərinin müstəsna keyfiyyətləri sayəsində bu məsafəni qət etməyi bacaranlar liderə çevrilə bilirlər.
Müasir dünyamızda insanları ən çox düşündürən suallardan biri də XXI əsrin siyasi liderinin hansı keyfiyyətlərə malik olması ilə bağlıdır. Çünki müasir dövrün xüsusiyyətləri klassik liderlikdən bir çox cəhətlərinə, keyfiyyətlərinə görə ciddi fərqlənən yeni liderlik institutunun formalaşmasını şərtləndirir. Düşüncə tərzinə, davranış taktikasına və digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir lider lokal və qlobal səviyyədə dünyanı dəyişməyi bacaran şəxsdir. Məsələyə belə yanaşmaq, təbii ki, qeyd etdiyimiz xüsusiyyətlərə malik liderlərin mövcudluğuna şübhə ilə yanaşmaq üçün müəyyən əsaslar verə bilər. Lakin yaxın və uzaq siyasi, iqtisadi, mədəni arealda cərəyan edən proseslərin dərindən təhlili az sayda olsa da, belə liderlərin varlığını müəyyənləşdirməyə imkan verir. Həm klassik liderlik konsepsiyası, həm də müasir liderə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının əsl liderin bütün cizgilərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirdiyini asanlıqla görmək olar. İlham Əliyevin siyasi portretinin ən səciyyəvi xüsusiyyəti öz ifadəsini Onun patriot və qurucu lider olmasında tapır. İnsan bir qayda olaraq müəyyən həyat fəaliyyəti sahəsində ümumi məqsədlərə çatılması istiqamətində məsuliyyəti öz üzərinə götürməklə, ətrafdakıların onu lider kimi qəbul etməsini şərtləndirir.
Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. On yeddi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 17 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.
Sentyabrın 27-də düşmən növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandanın irəli əmrindən sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. “Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi.Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Bu gün isə Müzəffər Ali Baş Komandanın doğum günüdür. Bu münasibətlə cənab Prezidenti ürəkdəntəbrik edir, can sağlığı, vətənimizin və xalqımızın işıqlı gələcəyi naminə şərəfli fəaliyyətində daim qələbələr arzu edirik. 

24.12.2024



[email protected]