Böyük strateq, qalib sərkərdə
Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran ən əsas vəzifələrdən biri də işğaldan azad olunmuş torpaqlarımızda düşmən vəhşiliyi nəticəsində dağıdılmış yaşayış məntəqələrimizin, təhsil ocaqlarımızın, erməni vandalizminə məruz qalmış mədəni və dini abidələrimizin bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Bu məsələ siyasətində quruculuq, abadlıq prioritet istiqamət olan və Azərbaycanın hər bir guşəsini cənnətə çevirmiş cənab Prezidentin şəxsi nəzarətindədir. Hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri yüksək sürətlə uğurla davam etdirilir. Belə ki, elektrik enerjisi, su və təbii qaz təminatı kimi təxirəsalınmaz kommunal təchizatı, həmçinin yol nəqliyyat və digər sosial infrastruktur yenidən qurulur, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri olduğu və ulu öndərin xeyirxah ideyalarını layiqincə davam etdirən Heydər Əliyev Fondu tərəfindən dini abidələrimizin, o cümlədən məscidlərimizin bərpası üzrə layihələr icra olunur. Dövlət başçısının təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur ki, bu da pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə respublikamızın güc və qüdrətini sübut edən növbəti bariz nümunədir. Hər kəsə məlumdur ki, ölkə rəhbəri artıq bir neçə dəfə ailəsi ilə birlikdə işğaldan azad olunmuş ərazilərimizə səfər edərək, quruculuq və abadlıq işləri ilə şəxsən tanış olmuş, bu prosesə öz dəyərli tövsiyələrini vermiş və bir neçə nəhəng layihənin təməlini qoymuşdur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi torpaqlarımızda sevinc və qürur dolu davranışları, səmimi paylaşımları hər birimizdə sözlə ifadə oluna bilməyən iftixar hissləri yaratmaqla, xalqımız tərəfindən böyük maraq və fərəhlə qarşılanır. Bütün bunlar dövlət başçısının və birinci xanımın vətənə, yurda, torpağa və xalqa bağlılığının təcəssümüdür.
Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: “...Bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal olunmuş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır...”. Qeyd olunanlar bir daha vətənpərvər liderimizin doğma Azərbaycanın hər qarışına, eləcə də hər bir vətəndaşının rifah halının yüksəldilməsinə verdiyi önəmin və fəaliyyətinin əsas prinsipi olan “mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” ifadəsinin reallığının təzahürüdür.
Göründüyü kimi, “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” – deyən ulu öndər Heydər Əliyev təkcə öz həyatını dövlətinə və millətinə fəda etməklə kifayətlənməmiş, həm də Azərbaycan üçün atasıtək ömrünü Vətəninə və xalqına həsr edən cənab İlham Əliyev kimi nəhəng tarixi şəxsiyyət bəxş etmiş, əsl lider hazırlamışdır.
Bütün bunlar qəti əminliklə onu deməyə əsas verir ki, qədirbilən Azərbaycan xalqı Vətəni və milləti qarşısındakı bənzərsiz xidmətləri ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış nəhəng tarixi şəxsiyyət Heydər Əliyevi hər zaman yüksək ehtiramla xatırlayacaq, onun əziz və unudulmaz xatirəsini daim xüsusi hörmətlə yad edəcəkdir.
P.S. Bu gün böyük siyasətçi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Fürsətdən istifadə edərək, cənab Prezidenti doğum günü münasibətilə təbrik edir, can sağlığı, daim Zəfərlərə imza atmağı arzulayırıq.
NURANƏ AXUNDOVA
“Medlandiya” klinikasının baş həkimi,
"Qalib Lider"media mükafatı laureatı
24.12.2024
[email protected]