Milli dövlətçilik tariximizin Böyük Sərkərdəsi
Məmmədova Leyla Kamran qızı
ADİU-nun nəzdində Qida Sənayesi Kollecinın kimya müəllimi
Milli dövlətçilik tariximizin inkişaf mərhələləri çoxəsrlik keçmişə dayanır və olduqca keşməkeşlidir. Ancaq bu tarixin elə mərhələləri var ki, onlar özündən əvvəlki ənənələri qorumaq və növbəti mərhələ üçün perspektivlər yaratmaq baxımından olduqca əhəmiyyətlidir və fövqəladə xarakter daşıyır. Əslində, dövlətçilik tariximizi davamlı edən və ardıcıllığını qoruyan bu mühüm həlqələr və onu yaradan böyük dövlət xadimləridir. Müasir dövlətçilik tariximizdə isə bu uğuru təmin edən, sözün əsl mənasında, böyük dövlət xadimi, böyük tarixi şəxsiyyət və böyük strateq İlham Əliyevdir. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə Ona qalan miras bir tərəfdən ictimai-siyasi sabitliyi təmin edilmiş, dövlət strukturları bərpa olunmuş Azərbaycan idisə, digər tərəfdən həm də məğlub edilmiş və torpaqlarının 20 faizi erməni işğalı altında olan, iqtisadiyyatının və ordu quruculuğunun həyata keçirilməsi tələbi olan, bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həll edilməsi zərurəti olan Azərbaycan idi. Bütün bu və digər çoxsaylı məsələlərlə bərabər həm də sürətlə dəyişən və daim rəqabət halında olan dünya nizamında Azərbaycanın yerinin və rolunun, nüfuzunun artırılması zərurəti var idi. Yəni istər daxili siyasətdə, istərsə də xarici siyasətdə elə strateji həmlələr etmək lazım idi ki, onlar nəticə etibarilə, milli inkişafımıza və ərazi bütövlüyümüzün bərpa olunmasına gətirib çıxarsın. Bütün bunların hamısını edə bilmək isə mövcud qlobal və milli çağırışlar kontekstində, ikili standartların mövcud olduğu dünya nizamı, rəngli inqilablar erasında, əslində, bir möcüzə idi. İlham Əliyev bu möcüzəni yarada bildi.
Ali Baş Komandan soyuqqanlı ağılla hələ də dərk edilməsi çətin olan bir tarixi zəfərə imza atdı. Bütün dünyaya və dünya siyasətini müəyyən edən imperialist güc mərkəzlərinə, onların təzyiqlərinə rəğmən torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ancaq məsələyə strateji təhlil kontekstində yanaşdıqda diqqəti çəkən əsas məsələ budur ki, bütün bu zəfərləri əldə etmək üçün çox dəqiq hesablanmış dərin hərbi-siyasi, diplomatik və sosial-iqtisadi planlaşdırma müəyyənləşdirilib və zərgər dəqiqliyi ilə həyata keçirilib. Bu ardıcıllıqda önə çıxan əsas istiqamətlər isə müstəqil iqtisadi siyasət həyata keçirməklə siyasi müstəqilliyi təmin etmək, iqtisadi resursların səmərəliliyini təmin etməklə iqtisadiyyatla sosial təminat arasında düzgün proporsional balans yaratmaq, ölkədə yeni, innovativ sənaye istiqamətləri formalaşdırmaq, ordu quruculuğu və hərbi sənayenin yaradılmasına xüsusi diqqət ayırmaq, bütün bunlara paralel olaraq milli hislərə və vətənpərvərlik ruhuna sahib olan yeni nəsil tərbiyə etmək idi. Hazırkı qlobal şərtlər və təzyiqlər içərisində bunların hər birini, xüsusilə sonuncunu etmək olduqca müşkül bir vəzifə idi. Çünki müasir internet resursları və onların yaratdığı virtual reallıqlar çərçivəsində milli ruhu və milli identikliyi qoruyub saxlaya bilmək ən mühüm çağırışlardan biri idi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu.
Fürsətdən istifadə edib, Müzəffər Ali Baş Komandanı 24 dekabr - doğum günü münasibətilə təbrik edirik. Yaşasın Azərbaycanımız! Yaşasın Ali Baş Komandanımız!
21.12.2024
[email protected]