Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, doğum gününüz mübarək!
Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin
Həmkarlar İttifaqı Təşkilatının sədri,
kimya üzrə fəlsəfə doktoru, dosent
Cənab İlham Əliyev prezidentlik dövrünün 17 ilini torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəltmiş, ordumuzu Qələbəyə hazırlamış, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırmışdır.
Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzu sayəsində 2011-ci ilin oktyabrında Azərbaycan gərgin mübarizə şəraitində keçən səsvermədə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü seçilmişdir.
Məhz İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan artıq 2019-cu ildə bu təşkilatın sədri seçilmiş və uğurlu sədrliyinə görə sədrlik səlahiyyəti daha 1 il artırılmışdır.
Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir.
Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.
Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır.
Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır.
Qələbədən sonrakı dörd il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılmışdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir.
Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurur. Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir. İndi artıq əminliklə demək olar ki, münaqişəyə dəmir yumruqla son nöqtəni qoyan, iki əsrlik problemi həll etmiş Prezident İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirdiyi kimi, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əskəranın da simasını dəyişəcəyi gün yaxındadır.
Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq. Və fürsətdən istifadə edərək, cənab İlham Əliyevi 24 dekabr - doğum günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, uğurlar arzulayırıq.
21.12.2024
[email protected]