Qüdrətli xalqına arxalanan Müzəffər Ali Baş Komandan

Muradova Elnarə Müzəffər qızı
ADPU-nun Biologiya və onun tədrisi texnologiyası 
kafedrasının dosenti

Danılmaz faktdır ki, Ordu nə qədər güclü, müasir, dəqiq və böyük dağıdıcı gücə malik silahlarla silahlansa da döyüş meydanında sön sözü deyən yenə də insan faktoru, döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır. Bu mənada Vətən müharibəsində Zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsidir. Sözün həqiqi mənasında döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu.
Bu Şanlı Qələbənin daha bir xüsusiyyəti odur ki, Xalq öz Ordusunun Komandanını, Prezidentini daha da yaxından tanıdı, Müzəffər Ali Baş Komandan isə xalqın böyüklüyünün və gözəl xüsusiyyətlərinin bir daha şahidi oldu. Xalq dövlətimizin başçısının necə iradəli, qətiyyətli, əzmkar, verdiyi sözü tutan şəxsiyyət olduğuna bir daha əmin olmaqla yanaşı, onun ən yüksək keyfiyyətlərə məxsus vətəndaş, vətənpərvər Ali Baş Komandan, Xalqımızın, Ordumuzun hər qələbəsinə bütün səmimiyyəti ilə ürəkdən sevinən, bu qələbələri böyük coşqu ilə alqışlayan necə sadə bir insan olduğunun da şahidi oldu.
Müzəffər Ali Baş Komandan isə dar gündə, çətin anda dünyanın harasında olmasından asılı olmayaraq hər bir azərbaycanlının həmrəyliyinə, mənfur düşmənə qarşı vuruşmaqda əzmkar, qəhrəman olmağı bacaran, ümumi amal və mənafe naminə öz şəxsi mənafeyini, canını, malını qurban verməyi bacaran, eyni zamanda, ölkəmizin azadlığı, ərazi bütövlüyü naminə umu-küsünü, inciklikləri, siyasi ambisiyaları bir kənara qoyaraq dəmir bir yumruq olaraq dövlət başçısının ətrafında birləşməyi bacaran bir Xalq olduğuna bir daha əmin oldu. Qüdrətli xalqına arxalanan Müzəffər Ali Baş Komandan isə qələbə naminə əlindən gələni inamla etdi, əzmlə, qətiyyətlə davrandı, bütün siyasi-diplomatik təzyiqlərə mətinliklə duruş gətirdi, qalib Sərkərdə oldu və xalqın etimadına sevgisinə, dəstəyinə layiq olduğunu bir daha sübut etdi. Tarixi Qələbəmizin əldə olunmasında və Qarabağın işğalçılardan azad edilməsində bu amilin də əvəzsiz rolu oldu.
Qələbəmizdən söhbət açarkən Türk xalqının, Türkiyə dövlətinin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi, diplomatik dəstəyini də xüsusi olaraq qeyd etmək lazımdır. Bu dost, qardaş, tərəfdaş dəstəyi də Vətən müharibəsində Qələbə qazanmağımızda böyük rol oynadı və bir millət, iki dövləti bir birinə daha da yaxınlaşdırdı, sıx birləşdirdi. Bundan sonra da elə etməliyik ki, bu dostluq, qardaşlıq, birlik əlaqələri heç zaman qırılmasın, həmrəylik, bağlılıq daima inkişaf etsin, əbədi olsun. Gələcəkdə elə davranaq ki, mənfur düşmənin bu birliyə, bu qardaşlığa xələl gətirməyə gücü çatmasın, imkanı, fürsəti olmasın.
Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynadığından bu amil də daim hörmət və ehtiramla yada salınmalı, anılmalı, xatırlanmalıdır. Ordumuza böyük məbləğdə yardım göstərənlərdən tutmuş, təqaüdünü Orduya yardım fonduna keçirən ağsaqqal, malından keçən iş adamları, sadə insanlar, əsgərə pulsuz siqaret verən satıcı, şəhidin portretini pul almadan ailəsinə çatdıran taksi sürücüsü, yardım kompaniyaları təşkil edən, şəxsi vəsaiti hesabına bazarlıq edərək əsgərlərin görüşünə gedən ayrı-ayrı şəxslər, firmalar, şirkətlər, xaricdə yaşayan azərbaycanlılar, ordumuza maddi və mənəvi dəstək olan qardaş ölkələrin vətəndaşları, hətta sosial şəbəkələrdə Azərbaycan xalqının haqq işinə sözü, yazısı ilə dəstək verənlər də minnətdarlıq hissi ilə xatırlanmalıdır. Bu mənada Xalqımız, Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu ən yüksək titullara, ən yüksək təriflərə, ən yüksək təriflərə layiqdir. Əminəm ki, yüz illər ötsə belə yenə də bu üç əsas faktor haqqında həmişə ən xoş sözləri yazanlar, deyənlər daim tapılacaq.
Ən əsası isə xalqımızın qürur, fərəh, fəxr mənbəyi olan şanlı Qələbəmizdən danışarkən Vətən müharibəsində şəhid olan, yaralanan və bu döyüşlərdə mətinliklə iştirak edərək sağ-salamat ailələrinə dönən hərbçilərin əzmkarlığını, cəsarətini və şəxsi rəşadətini də xüsusi olaraq qeyd etmək lazımdır ki, bizlərə, eləcə də gələcək nəsillərə bəxş edilən bu Şanlı Qələbənin, Zəfər Gününün, qürurverici yeni tarixin, qürur mənbəyinin, şan-şöhrətin qədir-qiyməti, dəyəri və əhəmiyyəti heç vaxt unudulmasın.
Bu qısa yazıda sadaladığımız və qeyd etmədiyimiz bu və ya digər amillər, məqamlar sayəsində həlledici addımlar atıldı, taleyüklü işlər görüldü ki, nəticədə düşmən məğlub edildi, döyüş əməliyyatları Azərbaycanın tam üstünlüyü ilə başa çatdı. İşğalçı Ermənistan ordusu bütün ərazilərimizdən çıxarıldı, ölkəmizin ərazi bütövlüyü təmin edildi, el-oba həsrətinə son qoyuldu. Cəmi 44 günlük müharibənin şah əsəri olan Şuşanın işğaldan azad edildiyi gün - 8 noyabr tarixi möhtəşəm Qələbəmizin, şanlı Zəfərimizin tarix oldu.
Fürsətdən istifadə edib, Müzəffər Ali BAş Komandanımızı 24 dekabr - doğum günü münasibətilə təbrik edir, Azərbaycanımızın, xalqımızın daim var olmasını və hər zaman uğurlarla dünyaya səs salmasını təmin edən fəaliyyətində böyük dövlətçilik siyasətində uğurlar arzulayırıq.
Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Azərbaycan xalqına Eşq olsun! Qarabağ Azərbaycandır!

21.12.2024


[email protected]