Qalib prezident, Müzəffər Ali Baş Komandan!
Azərbaycan Respublikasının Ermənistan tərəfindən cəlb olunduğu və cəmi 44 gün davam edən müharibə - İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Son 300 ildə (1722-ci ildə Səfəvilərin işğal olunmuş torpaqları geri qaytarması) ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri igid sərkərdəmizin – dövlətimizin başçısının rəhbərliyi ilə geri qaytarıldı. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixə əbədi yazdı.
Azərbaycan Respublikası geosiyasi və geostrateji əhəmiyyətinə görə dünyanın ən əlverişli bölgələrindən birində yerləşir. Avropa ilə Asiyanın qovuşuğunda, Şərq-Qərb sivilizasiyalarının kəsişməsində, qədim karvan yollarının üzərində qərar tutan Azərbaycan lap qədim dövrlərdən səyyahların, yadellilərin, qonşu dövlətlərin marağını cəlb etmiş, öz azadlığı və müstəqilliyi uğrunda qanlı-qadalı mübarizələr aparmalı olmuşdur. Bu mübarizələrdən sonuncusu bu günlərdə böyük və şanlı zəfərlə başa çatmışdır. Müstəqil Azərbaycan dövləti artıq 30 ildir ki, erməni işğalı altında olan doğma torpaqlarımızın tam azad edilməsi üçün qətiyyətli addımlar ataraq, İkinci Qarabağ müharibəsində qələbə qazanmışdır.
Ümummilli liderimiz Heydər Əliyev 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında torpaq məsələsinin xalqımızın tarixində əsas amal olduğunu göstərərək deyirdi: “Əsrlərboyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir”.
Fəxr edirik ki, ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını möhtərəm Prezident İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində cəbhə xəttində rəşadətli Azərbaycan Ordusunun əks-hücumu və düşmənə vurduğu ağır zərbələr nəticəsində erməni silahlı birləşmələri ciddi itki – həm canlı qüvvə və həm də texnika sarıdan – verərək geri çəkilmişdilər. İgid əsgərlərimiz bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirmiş və üçrəngli bayrağımızı düşməndən azad edilmiş həmin ərazilərimizdə dalğalandırmışdılar. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində insanlar məskunlaşmışlar. Dövlətimizin hərtərəfli qayğısı və dəstəyi sayəsində burada soydaşlarımız üçün hər cür şəraiti olan evlər tikilmiş, insanlarımız bütün zəruri vasitələrlə təmin edilmişlər.
Bütün bunlar digər sahələrdə olduğu kimi, hərbi sahədə də ölkə rəhbərliyi tərəfindən uğurlu siyasət aparıldığını bir daha sübut edir. Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və formalaşdırdığı Azərbaycan Milli Ordusu hazırda dünyanın güclü ordularından biri hesab edilir. Bu ordu işğal altında olan torpaqlarımızın tamamilə azad edilməsi üçün bütün zəruri vasitələrlə təmin edilmişdir, Vətənin ərazi bütövlüyünün bərpa edilməsi naminə döyüşə atılmaq üçün böyük ruh yüksəkliyinə malikdir və bunu 2016-cı ilin Aprel döyüşləri də, bu il sentyabrın 27-dən davam edən uğurlu döyüş əməliyyatları da sübut etdi. Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin siyasətinə sadiq qalaraq, torpaqlarımızın bir qarışının da düşmənə verilməyəcəyini, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına xalqımızın heç vaxt yol verməyəcəyini qətiyyətlə bəyan etmişdir.
Noyabrın 23-də işğaldan azad edilmiş Ağdamda səfərdə olarkən Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi məsələsinin hər an gündəmdə prioritet məsələ olduğuna diqqəti çəkərək demişdir: “Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”. Həqiqətən də, ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən beynəlxalq müstəvidə böyük işlər görülürdü. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilmişdi, sonradan isə BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası müvafiq qərar və qətnamələr qəbul etmişdilər. Bu hüquqi baza Azərbaycanın siyasi müstəvidə qələbə qazanması demək idi.
Düşmən üzərində möhtəşəm qələbə qazanmaq naminə düşünülmüş siyasət yeridən, bu yolla addım-addım irəliləyən Azərbaycan rəhbərliyi ölkə iqtisadiyyatının güclənməsi və iqtisadi potensialımızın artırılması üçün lazımi islahatlar aparırdı. İqtisadi cəhətdən müstəqil olmayan hər hansı dövlət siyasi müstəqillik də əldə edə bilməz. Digər bir mühüm məsələ Azərbaycanın hərbi qüdrətinin artırılması idi ki, Prezident bunu ən prioritet məsələlərdən hesab edirdi. Məlum olduğu kimi, ölkəmizin hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsinə bərabərdir. Prezidentin vurğuladığı kimi, bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi.
Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərmişdilər. İyulun 13-14-də Tovuz rayonu istiqamətində şiddətli döyüşlər zamanı düşmənə sarsıdıcı atəş zərbələri endirildi. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda döyüş və nəqliyyat texnikası, mühüm obyektləri məhv edildi. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərildi. Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi. Cəbhənin bu istiqamətdə yerləşən qəhrəman Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edildi. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürüldü. Diversiya qrupu başçısının ifadələrinə əsasən, bu qrup Azərbaycana terror aktları törətmək üçün göndərilmişdi.
İkinci Qarabağ müharibəsinin başladığı gün – sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladılar. Düşmən hücumunun elə ilk günü, sentyabrın 27-də igid ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində bir sıra kəndlər erməni işğalçılarından təmizləndi. Oktyabrın 3-də Madagiz də mənfur düşmən tapdağından qurtuldu və onun əvvəlki adı – Suqovuşan bərpa edildi. Torpaqlarımızı işğaldan qurtarmaq naminə canını və qanını belə əsirgəməyən igid Azərbaycan əsgərinin şücaəti sayəsində oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun 9 kəndi 27 ildən sonra düşməndən azad edildi. Nə xoşbəxtik ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində möhtəşəm qələbələri nəticəsində artıq Suqovuşanda, Cəbrayıl şəhərində, Hadrut qəsəbəsində, Füzuli şəhərində, Horadiz qəsəbəsində, qədim Xudafərin körpüsündə, Zəngilanda, Ağbənd qəsəbəsində, Qubadlı şəhərində, Şuşada və Ağdamda Azərbaycanımızın üçrəngli bayrağı dalğalanır. Lakin ermənilər öz ənənəvi xislətlərinə sadiq idilər: onlar döyüş meydanını qoyub-qaçır, cəbhə xəttindən xeyli kənarda yerləşən şəhər və kəndlərimizi atəşə tutur, dinc sakinləri qətlə yetirirdilər. Cəsur Azərbaycan Ordusu düşmənin yalnız hərbi qüvvələrinə və obyektlərinə zərbə endirir, mülki əhalini və obyektləri hədəfə almırdı. Ali Baş Komandan müharibə zamanı müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına müsahibələr verdi və beynəlxalq aləmdə formalaşmış yanlış təsəvvürləri büsbütün dağıtdı. Bu müsahibələrin hər biri, hər bir cümləsi altından qırmızı xətt çəkiləsi, xalqın ürəyindən xəbər verən sözlərdir. Türkiyənin “A Haber”, ABŞ-ın “Fox News”, İtaliyanın Rai-1, Almaniyanın ARD və s. televiziya kanallarına, Rusiyanın TASS və İnterfaks, İspaniyanın EFE informasiya agentliklərinə, Yaponiyanın “Nikkei”, Fransanın “Figaro”, İtaliyanın “La Repubblica” qəzetlərinə və s. müsahibələr zamanı dövlətimizin başçısı erməni faşizminin əsl simasını açıb-göstərmiş, erməni vandallığının ağlasığmaz cinayətlərini faktlarla sübut etmişdir. Müdrik Prezidentimiz bəzi xarici müxbirlərin bəzən ittiham xarakterli, böhtan səpkili, qərəzli mövqe nümayiş etdirən qeyri-obyektiv və dezinformasiya səciyyəli suallarını güclü məntiq, əsaslı fakt və dəlillərlə cavablandırmış, onları dəmir məntiqli arqumentləri əsasında susdurmuşdur. Müsahibələr zamanı jurnalistləri Azərbaycanın yalnız öz doğma və müqəddəs torpaqlarını azad etdiyinə və hərb qayda-qanunlarını qətiyyən pozmadığına inandırmış, həqiqətin, haqqı-ədalətin kimin tərəfində olduğunu açıqlayaraq, beynəlxalq hüququn da bizim tərəfimizdə olduğunu söyləmişdir. Məsələn, Almaniyanın ARD telekanalının müxbirinin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına cənab İlham Əliyev belə gözəl və sərrast cavab vermişdir: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”. Ermənilərin guya etnik təmizləməyə məruz qalmasını iddia edən müxbirin fikirlərini təkzib edən Prezident qeyd etmişdir ki, əslində etnik təmizləyə məruz qalan biz olmuşuq. Ermənilər Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edəndə məhz azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar. Lakin Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmır və bunu planlaşdırmır: “Biz birlikdə yaşamalıyıq”. “BBC News” müxbirinin də təxminən eyni məzmunlu sualını – Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağı ilə bağlı zəmanət verilməsini Ali Baş Komandan qısa, lakin kəskin və tutarlı cavablandırmışdır: “Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq”.
44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində ermənilərin zəbt etdiyi şəhər və qəsəbələrimiz bir-birinin ardınca işğaldan azad olunmuşdur: Füzuli şəhəri, Horadiz qəsəbəsi, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları... Nəhayət, alınmaz qala, Qarabağın ürəyi, gözəl və qədim Şuşa da düşməndən azad edildi. Müzəffər Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini - milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı, Cıdır düzünü, İsa bulağını, xarı bülbülümüzü öz canı və qanı bahasına yenidən və əbədi olaraq fəth etdi. Bu böyük hərbi qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanına gedərək, xalqa müraciət etdi. Şuşanın alınması münasibətilə xalqımızı təbrik edən Ali Baş Komandan İlham Əliyev bu məsələyə də toxunmuşdur: “...Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Onu da vurğulamaq vacibdir ki, Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu şəhər o qədər müdafiə cəhətdən əhəmiyyətli, o qədər coğrafi-strateji baxımdan mühümdür ki, noyabrın 8-də məhz Şuşanın azad edilməsi Ermənistanın təslim olması ilə nəticələndi. Strateji yüksəklikdə yerləşən və ermənilər tərəfindən güclü müdafiə sisteminin yaradıldığı bu şəhəri almaq sanki mümkünsüz görünürdü. Lakin müzəffər Azərbaycan Ordusu, igid əsgərlərimiz qeyri-adi şücaət göstərərək, hərb tarixinə düşəcək bir səviyyədə döyüşmüş, yaxın məsafədən əlbəyaxa döyüşlərdə düşmənə qalib gəlmişlər. Prezidentimizin qeyd etdiyi kimi, “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
İşğalçı ordunun “yenilməzliyi” barədə mif qısa müddət ərzində dağıdıldı. Bu quldur dəstəsi yalnız dinc sakinlərlə, mülki əhali ilə “mübarizə” apamağı yaxşı bacarır, özü də gecə yarısı, şəhər və qəsəbə sakinləri yatdıqları zaman. Erməni faşizmi mövcud müharibə qanun-qaydalarını da pozmuş, beynəlxalq hüquq normalarını tapdalamışdır. İşğalçı ordu müharibə zamanı qadağan olunmuş silahlardan, kaset və fosforlu bombalardan geniş istifadə etmişdir. Ermənistan "Skad” və "Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edib. Bu faktlar "Human Rights Watch” və "Amnesty International” kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla həmin əməllər “qəddar və ağıla sığmaz” kimi qiymətləndirilib. Öz torpağında döyüşməyən ermənilər hər şeylərini qoyub qaçmaq məcburiyyətindəydilər. Hazırda Ermənistan həbsxanalarında fərarilərin çoxluğu səbəbindən sıxlıq yaranmışdır. Məlumatlara görə, fərarilərin sayı 10 000-dən çoxdur.
Bütün bu qeydlərimiz, sentyabrın 27-dən noyabrın 9-na qədər olan 44 günlük müharibənin nəticələrinin ilkin təhlili onu deməyə əsas verir ki, Azərbaycan rəhbərliyi həm hərbi, həm də diplomatik sahədə mühüm əhəmiyyət kəsb edən qələbə qazanmışdır. Belə ki, noyabrın 10-da Ermənistanın hərbi-siyasi rəhbərliyi onlar üçün təslimçilik anlamı verən üçtərəfli bəyanatı imzalamalı oldu. Əslində, Ermənistanın kapitulyasiyası olan bu sənəd Azərbaycanın nəinki işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarının boşaldılmasını, habelə Naxçıvanla Azərbaycan arasında nəqliyyat-kommunikasiya dəhlizinin də yaradılmasını nəzərdə tutur. Zəngilan-Mehri-Naxçıvan dəhlizi Azərbaycanın üzərindən keçən beynəlxalq tranzit layihələrin əhəmiyyətini daha da artıracaq. Artıq işğaldan azad edilmiş ərazilərdə hərtərəfli quruculuq işlərinə başlanmışdır. Müxtəlif nazirliklərin yerli bölmələri təşkil edilmiş, Şuşada çörək sexi fəaliyyətə başlamışdır, bütün rayonlarda elektrik yarımstansiyalarının quraşdırılması işləri həyata keçirilir. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Həmin gün 101,5 km-lik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulub.
İşğalçı erməni ordusu ərazilərimizi tərk etdikdən sonra vandal ermənilər də özlərindən sonra öz “iz”lərini müvəffəqiyyətlə qoymaqdadırlar. İşğaldan azad edilmiş və boşaldılmış torpaqlarımızda düşmən tərəfindən bütün infrastruktur dağıdılmış, bütün yaşayış binaları və tarixi-dini memarlıq abidələri məhv edilmişdir. Prezidentimizin bildirdiyi kimi, Füzuli şəhərində bircə dənə də salamat qalmış bina tapılmamışdır ki, şanlı Azərbaycan bayrağı sancılsın. Erməni barbarlığı sərhəd tanımır, onlar məsciddə donuz saxlamış, qəbiristanlıqları dağıtmış, qəbirləri yerlə-yeksan etmişlər.
Noyabrın 20-də Azərbaycanın böyük regionlarından biri olan Ağdam rayonu işğaldan azad edildi. Ağdam rayonunun heç bir itki olmadan, döyüşsüz işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Ağdam üçün yeni dövr başlayır. Ölkə rəhbərinin qeyd etdiyi kimi, bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Tezliklə, Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ağdam rayonunun bərpası ölkəmizin gələcək planlarında xüsusi yer tutacaq. Çünki həm ərazi, həm də əhali baxımından böyük rayondur. Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə artıq əhəmiyyətli addımların atılmasına başlanılıb; Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq sərəncam imzalanmışdır. Sərəncama əsasən, ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” QSC-yə ilkin olaraq 5 milyon manat ayrılıb.
Üçtərəfli bəyanata əsasən, noyabrın 15-dək Kəlbəcər rayonu da boşaldılmalı idi. Lakin Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycana müraciəti oldu. İşğalçı ölkə bu müddətin noyabrın 25-dək uzadılmasını xahiş etdi; soyuq hava şəraiti boşaldılmanı ağırlaşır, o istiqamətdən yalnız bir yol - Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti azdır. Azərbaycan Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verdi. Bu, Azərbaycan dövlətinin öz humanist xarakterini bir daha nümayiş etdirməsinin bariz nümunəsidir. Amma unutmayaq ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdilər. Buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək daha 10 gün gözləməyə razılaşdı. Azərbaycan tərəfi Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə aldı. Həmçinin nəzərə alındı ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur.
Noyabrın 25-də qəhrəman Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil oldu. Ölkəmizin ərazicə ən böyük rayonu – 3054 kvadratkilometrlik, 1 şəhər, 1 qəsəbə və 145 kəndi əhatə edən bu qədim və füsunkar ərazi düşmən tapdağından tam azad edildi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi yerinə yetirilmiş oldu.
Bundan bir neçə gün sonra – dekabrın 1-də növbəti rayonumuz – Laçın da Azərbaycana təhvil verildi. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, işğalçı qüvvələr rayonu artıq tərk etmişlər. 28 illik işğala son qoyulan Laçın Azərbaycanın ərazicə ən böyük, təbiətinə görə nə gözəl və zəngin rayonlarından biridir.
Azərbaycan Prezidenti İlham Əliyev həm 44 günlük müharibə zamanı, həm də hərbi əməliyyatlar başa çatandan sonra keçirdiyi bütün görüşlərdə, verdiyi bütün müsahibələrdə İkinci Qarabağ müharibəsi haqqında, erməni silahlı qüvvələrinin dinc Azərbaycan şəhərlərini vəhşicəsinə bombardman etməsi barədə, igid Azərbaycan əsgərinin öz doğma və müqəddəs torpaqları uğrunda hünərlə döyüşməsi barədə dolğun məlumatlar vermişdir. Məsələn, dövlətimizin başçısı bu yaxınlarda Rusiyadan gələn nümayəndə heyətlərini qəbul edərkən qeyd etmişdir ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı. Nəticədə, aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik.
Qeydlərimizi xalqımızın sevimli oğlu, hərbçilərimizin fəxri, igid sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkəmizin rəhbəri İlham Əliyevin elə öz sözləri ilə başa çatdırırıq: “...Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir”.
Fürsətdən istifadə edərək, cənab Prezidenti 24 dekabr - doğum günü münasibətilə təbrik edir, Qalib Azərbaycanın uğurlu gələcəyi naminə görüləcək işlərində uğurlar diləyirik.
Əliyeva Xoşbəxt Təyyan qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Redaksiya Heyətinin Fəxri üzvü
21.12.2024
[email protected]