Heydər Əliyevin böyük şəxsiyyət obrazı bizə və gələcək nəsillərə örnəkdir
Quliyeva Kəmalə Rafiq qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Ümumi pedaqogika kafedrasının baş müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru
Heydər Əliyev doğrudan da dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyət idi. XX əsrin 90-cı illərində - Azərbaycanın beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi Heydər Əliyevə görə tanıyırdılar. Onun parlaq dühası və iti zəkası sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı. Çoxları bizə qibtə edirdi ki, Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərinin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Xatırlatmaq yerinə düşər ki, o, Sovet İttifaqı kimi nəhəng bir dövlətdə yüksək vəzifədə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdi.
Heydər Əliyev haqqında kimlər söz deməyib: Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimlər, məşhur yazıçılar... Onların dediklərinə nəzər salarkən qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır, Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi yenidən göz önündə canlanır. Azərbaycan xalqının Ulu Öndərinə verilən bu yüksək qiymətin əsasında təkcə öz Vətəni və xalqı üçün gördüyü işlər deyil, zəmanəsinin çağırışlarına çevik reaksiyası, bəşəri idealları, dünyada dostluğa, sülh və tərəqqiyə verdiyi töhfələr dayanır.
Ulu Öndər Heydər Əliyevin respublikamıza uğurla rəhbərliyi, Azərbaycanın Onun rəhbərliyi altında əldə etdiyi nəhəng nailiyyətlər, şübhəsiz ki, diqqətlə izlənilmiş, Ümummilli Liderin yüksək rəhbərlik və liderlik bacarığı, səriştəsi, üzərinə götürdüyü bütün vəzifələri müvəffəqiyyətlə həyata keçirməsi ittifaq mərkəzində hər kəsin diqqətini cəlb etmişdir. O, 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir.
Heydər Əliyev böyük bilik və təcrübəsi, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və yüksək işgüzarlığı ilə ətrafdakı hər kəsdən seçilir, həlli mürəkkəb görünən, ən mühüm layihələrə rəhbərlik məhz Ulu Öndərə həvalə edilirdi. Təkcə Heydər Əliyevin birbaşa rəhbərliyi ilə inşa olunan və cari ilin aprel ayında 50 illik yubileyi qeyd edilən Baykal-Amur Magistralının adını çəkməklə biz onun bu vəzifədə olarkən, hansı səviyyədə böyük işlərə imza atdığının bir daha şahidinə çevrilirik.
Azərbaycanın qazandığı hər bir nailiyyətin altında böyük öndərin parlaq imzası vardır. Onun ən böyük xidmətlərindən biri isə, şübhəsiz ki, başlatdığı islahatların, əldə olunan nailiyyətlərin qarşıdakı dövrdə, yeni əsrdə və yeni minillikdə davamlılığının, uğurlu dövlət idarəçiliyinin, siyasi varisliyin hüquqi, demokratik yolla təmin olunmasının həyata keçirilməsidir. Bu, növbəti tarixi seçim anında xalqımızın və onun liderinin düzgün strateji qərar qəbul etməsinin əyani təsdiqidir.
2003-cü ildə "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir", - deyən Heydər Əliyev ideyalarının, siyasi xəttinin ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirmiş, özünün çoxəsrlik dövlətçilik tarixində ən böyük nailiyyətləri qazanmışdır. Möhtərəm Prezident İlham Əliyev Heydər Əliyevin yaratdığı möhkəm təməllərə istinad edərək, ölkəmizə və xalqımıza özünün çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm nailiyyətlərini qazandırmışdır.
1993-cü ildə Heydər Əliyev qətiyyəti, onun səriştəsi və bacarığı, xalqın bu böyük şəxsiyyətin ətrafında yumruq kimi birləşməsi sayəsində müstəqilliyini xilas edən, həqiqi müstəqilliyinə qovuşan Azərbaycan bu gün ən sürətlə inkişaf edən ölkələrdən biridir.
Sözü imzası qədər dəyərə malik, bütün dünyada hörmət və rəğbətlə qarşılanan, bu gün regionun gündəliyini diktə edən Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu irsin qorunmasında, onun ideyalarının həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi və Ulu Öndərin adını daşıyan fondun misilsiz xidmətləri vardır. Hörmətli Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi fond Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsinə, ölkəmizin daha da inkişafına müstəsna töhfələr verir.
Ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı azadlığına qovuşduran, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin özü qədər sevdiyi Azərbaycan onun görmək istədiyi zirvələri inamla fəth edir. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir.
16.12.2024
[email protected]