ZAMAN, ŞƏXSİYYƏT VƏ ƏBƏDİYYƏT FAKTORU...

Qocayeva Gülarə Məhəmməd qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Ümumi pedaqogika kafedrasının baş müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan  olmasının 101 illiyi ərəfəsindəyik. Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, qızıl səhifəyə çevrilir. Çünki elə insanlar var ki, onlar həm də bəşəri əhəmiyyətli işlərlə yaddaşlara həkk olurlar. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir.
Azərbaycan Prezidenti İlham Əliyevin bir fikrini yada salaq: “Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”.
Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız tarixi yaradan şəxsiyyətdir. Bütün ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf etmiş, əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanmış, bugünkü müstəqil, müasir, azad və firavan Azərbaycanın qurucusuna çevrilmiş Ulu Öndər Heydər Əliyev haqqında danışmaq hər bir azərbaycanlıda təbii qürur hissi doğurur. İndi dünyanın harasında olursa-olsun Heydər Əliyev deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev göz önünə gəlir. Onun böyük qürurla söylədiyi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri bu böyük insanın öz xalqına öz torpağına nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Həzrəti Məhəmməd əleyhissalamın hədislərinin birində buyurulur ki: “Həqiqət o deyil ki, onu yalnız sən təsdiq edirsən, həqiqət odur ki, onu sənin düşmənlərin də etiraf edir”.
Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü yalnız Azərbaycan xalqı deyil, hətta onun uğurlarına sevinməyənlər belə etiraf edir, bu dahi şəxsiyyətin qlobal liderliyini ehtiramla dilə gətirirlər. Ulu Öndər Heydər Əliyev böyük zəka və iradə ilə zamanı, nəinki idarə etmiş, qabaqlamış hətta irəli aparmışdır. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Dahi Liderimizin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir.
Ulu Öndər təkcə həmin dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün yaddaşlarda əbədiyaşarlıq qazanıb. O, hələ sağlığında hər bir azərbaycanlının qəlbində əbədi heykəlini qoymuşdu. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız tarixin ən sərt və çətin sınaqlarından alnıaçıq, üzüağ çıxıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. 
Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyevin adı torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı.     
Azərbaycan həyatının yeni dövrünü yaşayır. Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev prezidentlik fəaliyyəti müddətində Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir və uğurlara aparır. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

16.12.2024



[email protected]