Aİ-də ən aşağı doğum səviyyəsi qeydə alınıb
İnsanlar uşaq sahibi olmağı gecikdirdikcə, Avropada anaların orta yaşı da artır.
Son statistika göstərir ki, Avropa İttifaqı tarixdə doğuşun ən böyük illik azalmasını yaşayıb - 5,5 faiz.
"Eurostat"ın məlumatına görə, Aİ-yə üzv ölkələrdə doğulanların sayı 2022-ci ildəki 3879509-dan 2023-cü ildə 3665142-yə düşüb.
2023-cü ildə Aİ-də doğum nisbəti "Eurostat"ın uzunmüddətli demoqrafik proqnozlarında hədəflənmiş 4 milyonluq gözləntidən xeyli az olaraq, son 10 ilin ən aşağı göstəricisidir.
Mütəxəssislər azalmanın iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar, pandemiya və son illərdə inflyasiyanın ən yüksək artımı kimi amillərlə bağlı ola biləcəyini irəli sürürlər. BMT-nin əhali üzrə məsul əməkdaşı Quanyuy Çjanın dediyinə görə, Aİ sakinlərinin uşaq sahibi olub-olmamaq qərarlarına gələcəklə bağlı qeyri-müəyyənlik, yaşayış və mənzil qiymətlərinin artması, həmçinin bir çox qlobal böhran, o cümlədən koronavirus pandemiyası, geosiyasi gərginliklər və iqlim dəyişikliyi təsir edə bilər.
Təşkilatın məlumatına görə, Avropanın bir sıra ölkələrində 2023-cü və 2024-cü illərdə hər 1000 nəfərə düşən doğum səviyyəsi ən aşağı olub. 2024-cü ildə ən aşağı orta doğum səviyyəsi 1000 nəfərə 6,5 doğuşla İtaliyada, ən yüksək göstərici isə 10,5 ilə Kiprdə qeydə alınıb.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) xəbərdarlıq edir ki, ölkələr öz siyasətlərini yeni "aşağı məhsuldar gələcəyə" uyğunlaşdırmalıdırlar.
İƏİT təmsilçilərinin fikrincə, miqrasiya və inteqrasiyaya proaktiv yanaşma, habelə təmsil olunmayan qrupların məşğulluğa çıxış imkanlarının yaxşılaşdırılması bu problemin həllinə kömək edəcək.
Gecikmiş valideynlik hansı problemlər yaradır?
Mərkəzi, Şərqi və Qərbi Avropada proqnozlaşdırılan doğum əmsalı 2050-ci və 2100-cü illər üçün orta dünya səviyyəsindən aşağıdır. Əgər 2013-cü ildə anaların ən böyük qrupu 25-29 yaş arası qadınlar idisə, 2023-cü ilə qədər bu qrupa 30-34 yaş arası qadınlar daxildir.
Eyni zamanda Birləşmiş Millətlər Təşkilatı bildirir ki, əksər Avropa ölkələrində əhalinin sayı artıq pik həddinə çatıb. BMT həmçinin xəbərdarlıq edir ki, 65 və daha yuxarı yaşda olan insanların nisbətinin və sayının artması səhiyyə və sosial müdafiə sistemlərinin, eləcə də bütün yaş qruplarından olan insanlar üçün ədalətli və inklüziv cəmiyyətlər yaratmaq naminə milli siyasətin inkişafını və gücləndirilməsini tələb edir.
Doğum nisbətinin azalması tendensiyası ən çox Yunanıstan, İtaliya, İspaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrdə özünü göstərir. Bu ölkələrdə göstərici son on ildə ən azı dörddə biri qədər azalıb.
[email protected]