Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir
Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin
Həmkarlar İttifaqı Təşkilatının sədri,
kimya üzrə fəlsəfə doktoru, dosent
Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır.
Məlum olduğu kimi, Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün böyük həvəs və inadkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Bunun nəticəsində Azərbaycan Respublikası SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı diyarından inkişaf etmiş qüdrətli sənaye və aqrar potensiala malik bir respublikaya çevrildi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə əldə etdiyi yüksək nailiyyətlər onun SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri kimi fəaliyyət göstərməsinə zəmin yaratdı.
Ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistanın təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək dövlətin dayanıqlı siyasi və iqtisadi inkişaf yolunu müəyyən etmişdir. Türkiyə ilə Azərbaycan “bir millət iki dövlətdir” deməklə dahi siyasətçi Heydər Əliyev türkdilli dövlətlərin hazırkı sıx birliyinin təməlini qoymuşdur. Məhz dövlət və xalq qarşısındakı bu əzəmətli və əhatəli xidmətlərinə görə Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək, bugünkü və gələcək nəsillərə çatdırmaq dövlətimiz və xalqımızın qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Bu mənada Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.
1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı – 1993-cü ilin 15 iyunu “Azərbaycan xalqının Milli Qurtuluş Günü” kimi hər il təntənə ilə qeyd edilir.
Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə- neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşü- nülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırılmağa başlanıldı.
Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətə əməli dəstək verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün dövlət quruculuğu prosesi daimi xarakter daşıyır, cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir.
Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “…həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının bu gün də iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
05.12.2024
[email protected]