Ümummilli Lider Heydər Əliyev daima qəlblərdə yaşayacaq

Muradova Elnarə Müzəffər qızı
ADPU-nun Biologiya və onun tədrisi texnologiyası 
kafedrasının dosenti

Xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri Heydər Əliyevin xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır. Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memari idi. Azərbaycan xalqının hər bir nümayəndəsi bu böyük insanı ölkənin milli təhlükəsizliyinin və sosial-iqtisadi rifahının təminatçısı kimi qəbul edirdi. XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çünki tarixdə onun Heydər Əliyev kimi dühası, müdrik rəhbəri var idi. Heydər Əliyev XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən bir şəxsiyyət idi. Heydər Əliyev 34 illik çoxcəhətli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış, ümummilli lider statusunu qazanmışdır. Onun möhkəm iradəsi, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı da xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirib. Azərbaycan tarixində fərəhli, şərəfli günlər çoxdur. Ancaq bunların içərisində müstəqillik bayramı xüsusi yer tutur. XX əsrdə xalqımız iki dəfə özünün müstəqil dövlətini yaratmağa müvəffəq olmuşdur. Ancaq 1918-20-ci illərdəki müstəqilliyi qoruyub saxlaya bilmədik. Bu hadisələrin nəticəsi tarixdən hamımıza yaxşı məlumdur. Çox da uzaq olmayan tariximiz – 1988-1990-cı illər də yaxşı yadımızdadır. Belə ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbləri, bunun ardınca məlum Sumqayıt hadisələri, hegemonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı Yanvar hadisələri, eyni zamanda Azərbaycanın o zamankı səriştəsiz rəhbərlərinin yeritdikləri bəsit siyasət ucbatından torpaqlarımızın bir qismi itirildi. Müstəqillik zərurəti də məhz belə bir şəraitdə yarandı.Məlum olduğu kimi, bugünkü müstəqilliyimiz asanlıqla qazanılmamışdır. O, Azərbaycanın mərd oğul və qızlarının qanı bahasına əldə edilmişdir.1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşamaq, müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycanın adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin ilk illərində ağır, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Hətta 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. İndi həmin vaxtdan 29 il keçir. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1991-cı ildən yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdı. Çox güman ki, biz bu gün çətinliklə əldə oluunmuş müstəqilliyimizin on yeddi illiyini qeyd edə bilməyəcəkdik. Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu.
Azərbaycanda yeni tarixi mərhələ dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı. Ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Ulu öndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə diqqət və maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır. Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülməyə başlandı. Ölkənin iqtisadi həyatında mühüm dəyişikliklər baş verdi – aqrar islahatlar aparıldı, eyni zamanda özəlləşdirməyə başlanıldı. Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirmək, maliyyə sistemini yenidən qurmaq sahəsində ciddi addımlar atıldı. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti ilə xalqımız dünyada təklənmək təhlükəsindən xilas olmuşdur. Bir fakta diqqət yetirək. Dahi şəxsiyyətin Lissabon sammiti zamanı göstərdiyi müdriklik xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Bu bir həqiqətdir ki, neçə illərdən bəri Ermənistan havadarları ilə birlikdə dünya diplomatiyası sahəsində Azərbaycanın düşmən obrazını yaratmışdı. Ölkəmiz siyasət aləmində tənha qalmışdı. Dost xalqlar da bizim haqq sözümüzü deməkdə çətinlik çəkirdilər. Hər yerdə Azərbaycan günahkar hesab edilirdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi dünya siyasətində Azərbaycan haqqında yaranmış qeyri – obyektiv münasibəti və baxışları alt-üst etdi. Onun uzaqgörən siyasəti addım-addım Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı. Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı. Lissabon sammiti məhz bu haqq və ədalətin təntənəsi idi: 52 dövlət Azərbaycanı müdafiə etdi. Bu, böyük qələbə idi... Belə faktların sayı istənilən qədərdir. Bəli, xalqına arxalanan, amalı xalqına xidmət olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini təyin etmək məsuliyyətinin nə demək olduğunu anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və rahatlığı üçün çalışmaqda görürlər. Bu cür insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Amma ən çətin, böhranlı anlarında, xalq "olum ya ölüm" dilemması qarşısında qalanda gəlir və müqəddəs xilaskarlıq missiyasını həyata keçirirlər, öz həyatlarını millətə xidmətə həsr edirlər. Millətlə birlikdə özləri də yüksəlirlər, millətlə birlikdə onları da bütün dünya tanıyır, şöhrəti aləmə yayılır. Dahi Şəxsiyyət Heydər Əliyev kimi.

05.12.2024


[email protected]